Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1584/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3 dəfni üçün müavinətin ödənilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12141/2024 nömrəli qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mərhum yoldaşı X6 11 sentyabr 2008-ci ildə dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyasına çıxmış və 25 aprel 2024-cü il tarixinə kimi əmək pensiyası almışdır. Yoldaşı 25 aprel 2024-cü il tarixində vəfat etdikdən sonra o, lazımi sənədləri toplayıb dəfn üçün müavinət almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 müraciət etmişdir. Lakin həmin qurum tərəfindən müavinətin ödənilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi mərhuma aldığı pensiyası üzrə artıq vəsaitin ödənilməsi göstərilmişdir. Daha sonra iddiaçının qızının adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilən 18 iyul 2024-cü il tarixli imtina məktubunda X5 5293,90 manat artıq vəsaitin ödənildiyini, ona dəfn üçün 840 manat müavinətin hesablandığı və o pulun qalıq puldan çıxılaraq büdcəyə bərpa edildiyi və hazırda mərhumun 4419,99 manat artıq ödənilmiş qalıq vəsaiti olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, Dövlət qurumunun dəfn üçün müavinəti ödəməkdən imtinası qanunsuzdur. Belə ki, onun mərhum həyat yoldaşı əmək pensiyasından tutulmasına razılıq verməmiş, həmçinin tutulmayla bağlı məhkəmə qərarı yoxdur. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı “dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzı Filiala müraciət edərək, mərhum həyat yoldaşı X5 görə dəfn üçün müavinətin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş cavab məktubunda ona ödənilməli olan 840,00 manat dəfn üçün müavinətin və cari ilin yanvar ayı üzrə mərhuma ödənilməli olan 33,91 manat indeksasiya üzrə fərq məbləğinin mərhum Abbasova Kifayətə məhdudlaşdırılaraq artıq ödənilmiş 5293,90 manatdan çıxılaraq büdcəyə bərpa edildiyi bildirilmişdir. Eyni zamanda mərhuma artıq ödənilmiş qalıq vəsait 4419.99 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçıya dəfn üçun müavinət pulunun ödənilməsindən imtina edilmiş və müraciətinin müsbət həlli mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, mərhum K.Abbasovaya xx.xx.2006-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Eyni zamanda bildirilmişdir ki, vaxtilə aparılmış araşdırma nəticəsində mərhum X5 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üçün pensiya üzrə ümumilikdə 5293,90 manat artıq pul vəsaitin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında Mərkəzi Filial tərəfindən mərhum Kifayət Abbasovaya 5 may 2023-cü il tarixli 3-17-1/2-A-100317/2023 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Aparılan araşdırma nəticəsində mərhum X4 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üçün ümumilikdə 5293,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti və həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulması üçün razılıq ərizəsinin Mərkəzi Filiala təqdim etməsi haqqında cavabdeh tərəfindən mərhum Kifayət Abbasovaya 5 may 2023-cü il tarixli 3-17-1/2-A-100317/2023 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh orqan hesab edir ki, dəfn üçün müavinətin ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunsa da, özü iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən X3 hazırkı pensiya məbləği 409 manat 68 qəpik, yenidən hesablanmış pensiya məbləği 205 manat, 88 qəpik. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, pensiya işinə aid sənədlərdə ona Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 11 sentyabr 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə əlavə 17,81 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 57,00 manat olmaqla orta aylıq əmək haqqı 359,81 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 5 il 6 ay 15 gün (xx.xx.1978xx.xx.1983-cü il tarixləri arasındakı dövr) qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (359,81 manat) 45 faizi-161,91 manat hesablanmalı olduğu halda, 325, 12 manat müəyyən edilməklə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə sizə 8323,71 manat artıq pul vəsaiti ödənilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 6 ay 15 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 18,33 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 315,00 manat, qulluq stajına görə əlavə 19,69 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 63,00 manat olmaqla orta aylıq əmək haqqı 397,69 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (359,81 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (397,69 manat) arasındakı fərq məbləğinin (37,88 manat) 18,33 faizi-6,94 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (161,91 manat) üzərinə əlavə olunmaqla 168,85 manat hesablanmalı olduğu halda, xx.xx.2018xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 325,12 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə 321,27 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülmüşdür. Buna görə də, yuxarıdakı dövrlər üzrə ona 2758,96 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 475,00 manat, qulluq stajına görə əlavə 29,69 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 95,00 manat olmaqla orta aylıq əmək haqqınız 599,69 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (397,69 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (599,69 manat) arasındakı fərq məbləğinin (202,00 manat) 18,33 faizi-37,03 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (168,85 manat) üzərinə əlavə olunmaqla 205,88 manat hesablanmalı olduğu halda, 409,70 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza köçürülmüşdür. Buna görə də həmin dövr üzrə sizə 3464,94 manat artıq pul vəsaiti ödənilmişdir. Əlillik müddətinin 23 yanvar 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 fevral 2021-ci il tarixindən dayandırılmışdır. Əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar ona avtomatik qaydada 2021-ci ilin oktyabr və noyabr ayları üzrə hər ay üçün 409,70 manat məbləğində əmək pensiyası ödənilmişdir. Nəticədə həmin aylar üzrə ümumilikdə 407,64 manat artıq (hər ay 205,88 ödənilməli idi) pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində və 2021-ci ilin oktyabr, noyabr ayları üzrə ümumilikdə 14955,25 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməmiş 225,80 manat pensiya məbləği hesablanmışdır. Həmin 225,80 manat pul vəsaiti ona artıq ödənilmiş 14955,25 manat pul vəsaitindən çıxılmışdır. Qalan artıq ödənilmiş 14729,45 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyandan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, müraciətdə göstərdiyi xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cu il tarixləri arasındakı dövrlər ərzində işlədiyi Daşkəsən rayon X7 təsərrüfat hesablı qurum olduğundan həmin dövrlərin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən aparılmış araşdırma nəticəsində pensiya məbləği 2021-ci ilin dekabr ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 205,88 manat məbləğində müəyyən edilib və xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 14729,45 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdr. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında ona 29 dekabr 2021-ci il tarixli, **********1 nömrəli və 28 aprel 2022-ci il tarixli, **********0 nömrəli məktublarla ətraflı məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli, AZ – İİ 387443 nömrəli “ölüm haqqında” arayışdan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə ölmüş və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 21 № ilə qeyd edilmişdir. Ölüm səbəbi: Miokardın ön divarının kəskin transmural infaktı. xx.xx.2024-cü il tarixli, AZ – İİ 387443 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Gəncə şəhəri, Kəpəz Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Gəncə şəhəri, Q.Əliyev küçəsi, döngə 1, ev 19-da qeydiyyatda olan İddiaçı 25 aprel 2024cü il tarixdə vəfat etmiş arvadı X3 dəfn və mərasim xərclərini ödəmişdir. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsinə əsasən İddiaçı “əmək pensiyasıçı vəfat etdikdə dəfn üçün müavinətin verilməsi” ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və müracətin cavabının ünvan 1 ünvanına göndəriləcəyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-7674/2024 nömrəli “pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişinin dayandırılması haqqında” qərarından görünür ki, X1 pensiya məbləği 336 manat 72 qəpik təşkil etmiş, dəfn üçün ödəniləcək müavinət 840 manat əvəzləşdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, “artıq ödənilmiş pul vəsaiti haqqında” məktubdan görünür ki, aparılmış araşdırma nəticəsində mərhum X4 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üçün pensiya üzrə ümumilikdə 5293,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında Mərkəzi Filial tərəfindən mərhum Kifayət Abbasovaya 5 may 2023-cü il tarixli 3-17-1/2-A-100317/2023 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, ona ödənilməli olan 840,00 manat vəsait və həmçinin, cari ilin yanvar ayı üzrə mərhuma ödənilməli olan 33,91 manat indeksasiya üzrə fərq məbləği mərhum Kifayət Abbasovaya məhdudlaşdırılaraq artıq ödənilmiş 5293,90 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Mərhuma artıq ödənilmiş qalıq vəsait 4419,99 manat təşkil etmişdir. Tətbiq edilən hüquq Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 42. Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona arvadının ölümü ilə əlaqədar dəfn üçün müavinətin ödənilməsidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının arvadı X5 11 sentyabr 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X6 xx.xx.2025-ci il tarixdə ölmüş, xx.xx.2024-cü il tarixdə pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişi dayandırılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya arvadının vəfatı ilə bağlı dəfn müavinətinin verilməsindən imtina etmiş, qeyd etmişdir ki, dəfn üçün ödəniləcək müavinət 840,00 manat hesablanmış, mərhum Kifayət Abbasovanın pensiyası üzrə son üç il üçün ümumilikdə 5293,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Ödənilməli olan 840,00 manat vəsait artıq ödənilmiş 5293,90 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 42.2-ci maddəsinə görə, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunvericiliyin tələbinə əsasən, məhkəmə tərəfindən X3 pensiyası üzrə artıq ödənilmiş pensiyanın tutulması üçün mərhumun və ya onun ərinin yazılı razılığının alınıbalınmaması və ya bu barədə məhkəmə qərarının olub-olmaması barədə məlumat verilməsi ilə əlaqədar sorğu verilmiş, lakin məhkəməyə təqdim edilmiş sənədlər içərisində qeyd olunanlar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən mərhum X3 pensiyası üzrə artıq ödənilmiş pensiyanın tutulması üçün mərhumun yazılı razılığı və ya bu barədə məhkəmə qərarı olmadan iddiaçıya arvadının vəfatı ilə əlaqədar ödənilməli olan dəfn üçün müavinət artıq ödənilmiş məbləğin bir hissəsi ilə əvəzləşdirilmişdir. Belə olan halda cavabdehin bu hərəkəti qanunvericiliyin tələbinə zidd olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı arvadı X3 vəfatı ilə əlaqədar ona dəfn üçün müavinətin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı arvadı X3 vəfatı ilə əlaqədar ona dəfn üçün müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1584/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1584/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver