Məhkəmə qərarları › İş №2-1(114)-1585/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1585/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1585/2020 27.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinə (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə ona həmin kənd ərazisində 0.10 ha torpaq sahəsi satılması prosedurunun icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2004-cü il tarixli ərizəsinə əsasən Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə ona həmin kəndin ərazisində 0.10 ha torpaq sahəsi satılmış və buna görədə xx.xx.2004-cü il tarixdə qəbzlə 400.000 manat ödəniş etmişdir. Cavabdeh ikinci dəfə eyni məzmunlu olmaqla xx.xx.2019-cu l tarixli 03 saylı qərarı ilə yuxarıda qeyd olunan torpaq sahəsini xx.xx.2004-cü il tarixli ödəniş qəbzi ilə satılması haqqında qərar vermiş, xx.xx.2019-cu il tarixli 04 saylı qərarı ilə güya torpağın dəyərini bazar qiymətinə uyğun ödəməməsini və ödənişi gücikdirməsini əsas göstərərək xx.xx.2019-cu il tarixli 03 saylı qərarı ləğv etmişdir. Həmin torpaq sahəsi 15 ildir ki, onun istifadəsində və sahibliyindədir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehdən xx.xx.2020-ci il tarixli sərəncamla iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunsa da, cavabdeh iddiaya qarşı münasibət (etiraz) bildirməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinin xx.xx.2004cü il tarixli 12 nömrəli qərarı, xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzi, xx.xx.2018-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, Tovuz rayon İbrahimhacılı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 03 nömrəli və xx.xx.2019-cu il tarixli 04 nömrəli qərarları və Şəmkir Regional Ədliyyə İdarəsinin xx.xx.2019cu il tarixli 08/71-İNT nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, həmçinin iddia müddəti buraxılmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə verərək, iş üzrə mübahisələndirilən xx.xx.2019-cu il tarixli 04 nömrəli qərarı almadığını bildirmiş, iddiaçının özü də mübahisələndirilən qərarın ona rəsmi qaydada təqdim edilmədiyini bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddia həm də əsaslıdır. Göründüyü kimi iddiaçının tələbi iki hissədən: 0.10 ha torpaq sahəsinin satılması prosedurlarının icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və Tovuz rayon İbrahimhacılı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsindən ibarət olmuş, tələbin birinci hissəsi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)- 1557/2019 nömrəli qərardadı ilə mümkün sayılmamış və həmin qərardaddan apellyasiya şikayəti verilmədiyindən həmin qərardad qüvvədədir. Tələbin ikinci hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, Tovuz rayon İbrahimhacılı bələdiyyəsi sədrinin xx.xx.2004cü il tarixli 12 nömrəli qərarı ilə Tovuz rayon İbrahimhacılı bələdiyyəsinin ehtiyat fondundan, alqısatqı predmeti olan yararlı torpaq sahəsindən alqı-satqı qaydasında İbrahimhacılı kənd sakini İddiaçı həyətyani məqsədi ilə 0.10 ha torpaq sahəsi satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən satılmış həyətyanı torpaq sahəsinin dəyəri 400.000 (dörd yüz min) manat İbrahimhacılı bələdiyyəsinin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş Tovuz rayon İbrahimhacılı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iclasının 03 nömrəli protokolundan görünür ki, İbrahimhacılı bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqələrinin torpaqlarına aid 0.10 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınaraq İbrahimhacılı bələdiyyəsinə müraciət etmiş kənd sakini İddiaçı ərizəsi nəzərə alınaraq ona 5 ildən çox kənddə qeydiyyatda olduğu, 1 dəfə torpaq aldığı üçün 0.10 ha torpaq sahəsi xx.xx.2004-cü il tarixli kassa mədaxil orderində ödəmiş olduğu 400.000 manat nəzərə alınaraq bilavasitə satılmışdır. İş materiallarına əlavə edilmiş Tovuz rayon İbrahimhacılı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iclasının 04 nömrəli protokolundan görünür ki, İbrahimhacılı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 03 saylı iclas protokolunun qərarı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli AN 299867 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Tovuz rayon İbrahimhacılı bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpaqlarından 0.10 ha torpaq sahəsinin kadastr göstəriciləri və torpaq sahəsinin yerquruluşu sərhədləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayon İbrahimhacılı bələdiyyəsinin mülkiyyətində olan Tovuz rayonu İbrahimhacılı kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyəti ehtiyyat fondu torpaqlarından 0.10 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Tovuz rayon İbrahimhacılı bələdiyyəsinə çıxarış verilmişdir. Cavabdeh mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərarını bununla əsaslandırmışdır ki, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 23-cü maddəsinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq İcra Hakimiyyəti orqanlarından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərilir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən nedilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmalı və torpağın dəyəri ödənilməlidir. Göstərilənlər nəzərə alınmalı və həmin qərarlar ləğv edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 67 və 68-ci maddələrində inzibati aktların ləğv edilməsinin qanunla yol verildiyi və qadağan edildiyi hallar tam təfərrüatı ilə göstərilmişdir. Qanunvericilikdə inzibati orqanın öz qərarını ləğv etməsini birbaşa qadağan edən hallar vardır. Yəni, inzibati orqan bütün hallarda deyil, qanunçuluq, etimad hüququnun qorunması, hüquqi sabitklik prinsiplərinə əməl etmək yolu ilə, maraqlı şəxslərin hüquqlarını qorumaq şərti ilə öz qərarını ləğv edə və ya dəyişdirə bilər. Qanunla istisna edilmiş hallarda inzibati orqan öz qərarını ləğv etməkdə haqlı deyildir. Cavabdeh həm xx.xx.2004-cü il tarixli 12 nömrəli, həm də mübahisələndirilən qərarı ilə ləğv etdiyi xx.xx.2019-cu il tarixli 03 nömrəli qərarının nəticə hissəsində göstərmişdir ki, İbrahimhacılı bələdiyyəsinə müraciət etmiş kənd sakini İddiaçı ərizəsi nəzərə alınsın və ona 5 ildən çox kənddə qeydiyyatda olduğu, 1 dəfə torpaq aldığı üçün 0.10 ha torpaq sahəsi xx.xx.2004-cü il tarixli kassa mədaxil orderində ödəmiş olduğu 400.000 manat nəzərə alınaraq bilavasitə satılsın. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin satılması barədə bələdiyyə qərarı əmlak yönümlü inzibat aktdır. İddiaçı həmin inzibati aktın məzmununa etimad göstərərək tələb olunan vəsaiti bələdiyyənin hesabına ödəmişdir. İnzibati icraatın mühüm prinsiplərindən olan etimad hüququnun qorunması prinsipinə görə inzibati orqanın qəbul etdiyi qərarlar, verdiyi bəyanatlar və vədlər bir-birinə zidd olmamalıdır. Bu prinsip ona xidmət edir ki, maraqlı şəxs öz mövqeyini və imkanlarını planlaşdıra bilsin. Əgər hər hansı fiziki şəxs və ya hüquqi şəxs inzibati orqanın daimi praktikasına inanmışdırsa, onda onun bu etimadı qorunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsində birmənalı olaraq göstərilir ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Həmin maddənin 4-cü bəndinə görə bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Burada məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli 04 saylı qərarı formal şəkildə əsaslandırılmışdır. Məlum olduğu kimi xx xxxxxx 2006-cı il tarixdən “İnzibati icraat haqqında” Qanun qüvvəyə minmişdir. Həmin Qanunun preambulasında deyilir ki, “Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir”. Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, xx xxxxxx 2006-cı il tarixindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Lakin hazırkı işdə iddiaçının mübahisələndirdiyi qərarın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunu ilə müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamış və bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan və əsassız qərar çıxarmışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsasən aktı qəbul etmiş orqan tərəfindən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Lakin yuxarıda artıq göstərildiyi kimi mübahisələndirilən qərarla inzibati orqan tərəfindən ləğv edilən xx.xx.2019-cu il tarixli 03 saylı qərarı verilərkən nə kimi qanun pozuntularına yol verilməsi, hansı normaların pozulması göstərilməmiş və qərar ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2019-cu il tarixli 03 saylı qərardan əvvəl cavabdehin sözügedən torpaq sahəsinə dair qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarda hazırki vaxtda qədər qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2019cu il tarixli 04 saylı qərarı ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli qərarı əsassız hesab edilərək iddiaçıya münasibətdə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 04 saylı qərarı “bələdiyyənin xx xxxxxx 2019-cu il tarixli, 03 saylı qərarının ləğv edilməsi” hissəsində ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar