Məhkəmə qərarları › İş №2-1(114)-1585/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1585/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1585/2025 13.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddia tələbinin tam təmin edilməsi və onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar almış olduğu xəsarətlərlə bağlı məhdudlaşdırılmış əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.8.2024-cü il tarixli, 2-1(112)-9250/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1991-ci ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı hərbi xidmətə çağrılmışdır. xx.xx.1992-ci il tarixdə ağır döyüşlər zamanı aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnozu “sol baldırın cox qəlpəli kor qəlpə yarası, sümük qəlpələrin yerdəyişməsi ilə incik sümüyünün çoxqəlpəli sınığı. İncik sinirinin postravmatik nevriti” xx.xx.1992 ilə kimi Akademik Mir-Qasımov adına Respublika Klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnozu: “Sol baldırın güllə yarası. İncik sinirinin zədələnməsi” və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Neyrocərrahlıq xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “sol baldırın orta 1/3-də incik sinirinin zədələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Bərdə rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 882 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 466 nömrəli arayışı, N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Akademik Mir-Qasımov adına Respublika Klinik xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli epikrizi, Nerocərrahlıq xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərahanın rəyi ilə təsdiq edilmiş), (Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasını təsdiq edən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim ekspertizası haqqında Əsasnamənin 7.2-ci bəndinin “a” yarımbəndi). MN MHHK-nin 1457 nömrəli xx.xx.2017-ci il tarixli protokoluna əsasən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik dərəcəsi müəyyən edilməklə, Prezident təqaüdünə çıxarılmışdır. Lakin ona məlum olmayan səbəblərdən və eləcə də qabaqcadan xəbərdar edilmədən 12 mart 2023-cü il tarixdən yuxarıda qeyd edilən Hərbi ekspert komissiyası tərəfindən müəyyən edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilmiş əlillik dərəcəsi məhdudlaşdırılmışdır. Bu səbəbdən əillik dərəcəsi məhdudlaşdırıldığından Prezident təqaüdündən də məhrum olmuşdur. Qeyd edilənlərlə bağlı iddiaçının yazılı müraciətinə cavabeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda (məktub mənə rəsmi olaraq xx.xx.2024-cü ildə təqdim edilmişdir) onun təkrəran Tibbi-sosial ekspert komissiyasına müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də pozulmuş konstitusiyon hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinin ona təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilmiş əlillik dərəcəsinin məhdudlaşdırması tam qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1584 nömrəli Qərarı ilə müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.1992-ci ildə döyüş zonasında hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı “hərbi travma” almışdır. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bərdə rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ıı tip. Ağır forma insülin tələbli. Ətraf arteriyalarının aterosklerozu. Ateroskleroz. Hər iki baldır arteriyalarının stenozu. Aşağı ətrafların (ııı) üçüncü dərəcəli xronıkı işemiyası. Nəticə: Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir. Ümumi səbəbdən orqanizmin funksiyalarının 2 (iki) il müddətinə 70 faiz pozulması” barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1584 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın çox qəlpəli kər qəlpə yarası, sümük qəlpələrin yerdəyişməsi ilə incik sümüyünün çoxqəlpəli sınığı. İncik sinirinin posttravmatik nevriti. Sol baldırın güllə yarası. İncik sinirinin zədələnməsi. Sol baldırın orta 1/3-də incik sinirinin zədələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda ağrılar, ödemdən şikayətlənmişdir. Anamnestik məlumatlarda beş il əvvəl açıq ürək əməliyyatı keçirdiyini, 15-17 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də çapıq toxumalar izlənilmiş, hər iki ayaqarxası və topuq nahiyələrində nəbz hiss olunmuş, hərəkətləri sərbəst və ağrısız olmuşdur. Nevroloji statusda vətər və sümüküstü reflekslər canlı çağrılmış D=S, axil refleksi zəif alınmış, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Auskultasiyada ağciyərlərin aşağı payları üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmişdir. Akademik M.A. Topçubaşov adına X5 xx.xx.2023-cü il tarixli Tibbi Rəyində diaqnoz “Ateroskleroz. Hər iki baldır arteriyalarının stenozu. Aşağı ətrafların İİİ (üçüncü) dərəcəli xroniki işemiyası” kimi qeyd olunmuşdur. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Tibbi Rəyində diaqnoz “Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı orta 1/3-nin ön, orta, aşağı 1/3-nin arxa-tış səthinin kobud dartıcı kelloid çapıq toxuması, sol incik sümüyünün orta 1/3-nin qeyri düzgun bitişmiş sınığı, valus deformasiyası, yumşaq toxumalarda çox saylı metal qəlpələri, sol diz oynağından aşağı pəncəylə birlikdə olan sahənin hissiyat zəifliyi, sol incik sinirinin neyropatiyası pəncənin parezi, daimi ağrı sindromu ilə. Dayaq-hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət. Aorta sərtləşib. Aorta kökü (3.8 sm) və çıxan aorta (3,6 sm) genişlənib. Septumun hipertrofiyası (1,3 sm). Sol qulaqcıq genişlənib (4,5 sm). Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, sistolik həcm artıb, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur lateralın bazalı diskinetikdir, sistolik funksiya azalıb (LVEF-50%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR. Min TR., Perikard təmizdir. Müayinə sinus bradikardiyası fonunda aparıldı (HR=57)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli aşağı ətraf arteriyalarının dopplerografiya müayinəsinin nəticəsi “Hər iki ATA-da grade 3 angiopatiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi səbəbdən orqanizmin funksiyalarının 2 (iki) il müddətinə 70 faiz pozulması barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol baldırın çox qəlpəli kor qəlpə yaralanması, sümük qəlpələrinin yerdəyişməsi ilə incik sümüyünün çox qəlpəli sınığından sonrakı xroniki osteomieliti. Fəaliyyətdə olan fistula yolunun olması ilə” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 2 il müddətinə ümumi xəstəlik ilə əlaqədar, “İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, ağır forma. İnsulin tələbli. Ətraf arteriyaların aterosklerozu, ateroskleroz. Hər iki baldır arteriyalarının stenozu. Aşağı ətrafların (İİİ) üçüncü dərəcəli xroniki işemiyası” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək təklif olunmuş və iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı əsaslandırılmış vəsatət vermək hüququ izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar almış olduğu xəsarətlərlə bağlı məhdudlaşdırılmış əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə ümumi səbəb ilə orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilmişdir. Hazırda iddiaçının hüquqi marağı əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsidir. Bununla əlaqədar olaraq iddia tələbinin dəqiqləşdirilməsi zərurəti olmuşdur. Həmçinin qeyd olunur ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş əlillik haqqında qərar barədə iddiaçıya 18.7.2023-cü il tarixdə məlumat verilmiş, hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. Belə olan halda iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Ona görə də iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatət verilməsi zəruri olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək təklif olunmuş və iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı əsaslandırılmış vəsatət vermək hüququ izah edilmişdir. Lakin iddiaçı tərəfindən sərəncamda qeyd edilənlərlə bağlı hər hansı hərəkət edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar