Məhkəmə qərarları › İş №2-1(114)-1588/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1588/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1588/2023 19.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar X5 və X3 Cavabdehnə qarşı qeydiyyata alınma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçılar X5 və X3 Cavabdehnə qarşı Ağdam rayonu, Salahlı kəndi ünvanına pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tərtər Rayon Məhkəməsinin 2(061)-290/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsi ilə X6 və X4 arasında xx.xx.2004-cü ildə Tərtər rayon qeydiyyat şöbəsində bağlanmış rəsmi nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X3 X2 himayəsində saxlanılması qət edilmişdir.

2. İddiaçı uşaqları X5 və X3 Ağdam rayonu, Salahlı kəndinə pasport qeydiyyatına alınmaları barədə Cavabdehnə müraciət etmiş, Şöbə tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli müvafiq göstərişi ilə bağlı işğaldan azad olunmuş, Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Xocalı rayonlarında, Şuşa şəhərində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınmasının, eləcə də, digər şəhər və rayonlardan yuxarıda göstərilən rayonlara qeydiyyata alınmasının məskunlaşma başa çatanadək dayandırılmışdır.

3. İddiaçılar şəxsiyyət vəsiqələri və Elektron məhkəmə informasiya sistemindən çıxarışla müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X1 rayonu, Kəngərli kəndində qeydiyyatdadırlar.

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun himayəsində saxlanılan uşaqları X5 və X3 onun yaşayış yeri üzrə qeydiyyatda olduğu Ağdam rayonu Salahlı kəndinə pasport qeydiyyatına alınmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonu Salahlı kəndində qeydiyyatdadır və müvəqqəti olaraq Tərtər rayonunun Kəngərli kəndində yaşayır. 18 dekabr 2004-cü ildə X6 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 07 sentyabr 2005-ci ildə X5 və 09 noyabr 2007-ci ildə X7 doğulmuşdur. 30 mart 2012-ci ildə X6 ilə rəsmi nikahlarına xitam verilməsi, X5 və X3 onun himayəsində saxlanması barədə qətnamə qəbul olunmuşdur. Övladları onun himayəsində saxlansa da onlar hazırda da Tərtər rayonunun qeydiyyatındadırlar. O, övladlarını özünün qeydiyyatda olduğu Ağda rayonu, Salahlı kəndinə pasport qeydiyyatına alınmaları barədə müraciət etsə də, cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir. II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

7. Belə ki, hazırkı iddia ilə əvvəlcə İddiaçı məhkəməyə müraciət etsə də, məhkəmənin hüquqi yardımından sonra xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 yenilənmiş iddia ərizəsi təqdim edərək, onların anaları İddiaçı qeydiyyatda olduqları Ağdam rayonu, Salahlı kəndinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ərizə icraata qəbul edilmişdir.

8. Bundan sonra, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar və iddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

11. Cavabdeh yerləşdiyi Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. Məhkəmə iclasına iddiaçıların qanuni nümayəndəsi İddiaçı gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir.

16. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. İddiaçıların qanuni nümayəndəsi İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

18. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, Ağdam rayonu, Salahlı kəndində, keçmiş həyat yoldaşı isə Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatdadır. Həyat yoldaşından boşandıqdan sonra övladları onun himayəsinə verilsə də, qeydiyyatları atalarının qeydiyyat yeri üzrə Kəngərli kəndi qalmışdır. O, övladları ilə birlikdə hazırda Kəngərli kəndində yaşasa da, övladlarının özünün qeydiyyatda olduğu Salahlı kəndində qeydiyyatda olmasını istəyir. O, Salahlı kəndinin işğaldan 2020-ci ildə azad edildiyini və orada yaşayış olmadığını bilir.

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər Rayon Məhkəməsinin 2(061)-290/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsi; - Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu; - Tərtər RİHB Kəngərli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışı. - Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu; - İddiaçılara məxsus şəxsiyyət vəsiqələri; - Elektron məhkəmə informasiya sistemindən çıxarış. Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və rədd edilməlidir.

22. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçılar Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatdadılar və faktiki olaraq da həmin ünvanda yaşayırlar. Onlar anaları (hazırki işdə qanuni nümayəndələri) İddiaçı qeydiyyatda olduğu Ağdam rayonu, Salahlı kəndi ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər.

23. Hansı ki, həmin kənd xx.xx.1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən işğal olunmuş, xx.xx.2020-ci il tarixdə işğaldan azad olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Ağdam RİH tərəfindən bildirilmişdir ki, hal-hazırda həmin ərazidə məskunlaşma yoxdur.

24. Cavabdeh orqan da imtinasının əsası kimi işğaldan azad olunmuş, Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, xocalı rayonlarında, Şuşa şəhərində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınmasının, eləcə də, digər şəhər və rayonlardan yuxarıda göstərilən rayonlara qeydiyyata alınmasının məskunlaşma başa çatanadək dayandırılmasına istinad etmişdir.

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə 4. Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər.

26. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələbləri əks etdirən 3-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir və Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

27. Göründüyü kimi, cavabdehin iddiaçıları Ağdam rayonu, Salahlı kəndinə qeydiyyata almaqdan imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. Cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

28. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar