Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-159/2024 16.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı subsidiya məbləğinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, büdcədən ayrılan , ancaq fermer kimi ona ödənilməyən 1008 manat 30 qəpik subsidiya məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə Ağdam rayonun Quzanlı qəsəbəsində yerləşən ailəsinə məxsus 2 ha pay torpaq sahəsində pambıq əkib becərmişdir. Məhsul yığımı zamanı tədarük məntəqəsinə 10 ton 83 kq pambıq təhvil vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 03 noyabr tarixli 439 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası"na əsasən təhvil verilmiş hər kq pambıq üçün istehsalçıya 10 qəpik subsidiya ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ildə bütün kişi sahibkarlara subsidiyalar ödənilsə də istehsal etdiyi və dövlətə təhvil verdiyi 10 min 83 kq məhsula düşən 1008 manat 30 qəpik subsidiya məbləği ona ödənilməmişdir. Problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyində qəbulda olmuş, müraciət edərək problemin həll olunmasını xahiş etmişdir. Kənd Təsərrüfatı Nazirliyinin 07 mart 2023-ci il tarixli cavab məktubunda subsidiya ödənişləri zamanı ona məxsus şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti keçməsi səbəbindən ona ödənilməli olan 1008 manat 30 qəpik subsidiyanı dövlət büdcəsinə keçdiyi göstərilmişdir. Hazırda 2023-cü il üçün istehsal etdiyi pambıq məhsuluna görə ona ödənilməli olan subsidiya məbləğini almağı üçün etdiyi müraciətlər heç bir nəticə verməmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. Həmçinin iddiaçının nümayəndəsinin müvafiq ərizəsinə əsasən, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “büdcədən ayrılan, lakin fermer kimi ona 2019-cu il üzrə ödənilməyən 1008,30 manat subsidiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, torpaq sahəsi onun mülkiyyətindədir, lakin pambıq qəbulu ilə bağlı müqavilə oğlu Rəvanla bağlanıb. Bacısının da torpaq sahəsini icarəyə götürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etiraz məktubunda bildirilmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, 2019-cu ildə istehsalçılara tədarük məntəqəsinə təhvil verdikləri xam pambığın hər kiloqramına görə subsidiyanın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydasına əsasən həyata keçirilmişdir. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X1 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği dövlət büdcəsinə qaytarılır. Bildiririk ki, fermerlər tərəfindən istehsal edilən məhsullara görə dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq dövr ərzində istehsalçılara ödənişlər həyata keçirilmişdir. Vəsaitin ayrıldığı dövr ərzində iddiaçı tərəfindən fermer biznes kartı əldə edilməmişdir. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi səbəbindən 2019-cu ildə istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi 10083,40 kq pambığa görə ona subsidiyanın ödənilməsi üçün fermer kartının sifariş edilməsi mümkün olmamışdır. Qaydanın 3.17-ci bəndinə əsasən fermerə verilməyən subsidiya məbləği dövlət büdcəsinə qaytarıldığı üçün iddiaçının hesabına ödənilməsi mümkün deyildir. İddiaçının etinasızlığı, qüvvədən düşmüş sənəd təqdim etməsi, sənədini yeniləyərək vaxtında və düzgün təqdim etməməsi nəticəsində qanunvericiliyin tələbinə uyğun olaraq subsidiyanın dövlət büdcəsinə qaytarılması səbəbindən ödənişin həyata keçirilməməsinə səbəb olmuşdur. Odur ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli pambıq qəbulu qəbzlərindən görünür ki, İddiaçı tərəfindən müvafiq çəkidə xam pambq pambıq qəbulu məntəqəsinə təhvil verilmişdir. -işə əlavə edilmiş Azəbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023cü il 3-22/2-13-27-42-812/2023 nömrəli məktubundan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi səbəbindən 2019-cu ildə istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi 10083,40 kq pambığa görə ona subsidiyanın ödənilməsi üçün fermer kartının sifariş edilməsi mümkün olmamış və məhsul subsidiyası ödənilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xam pambıq istehsalçısı olaraq tədarük məntəqəsinə təhvil verdiyi xam pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya almaq məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan onun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi səbəbindən 2019-cu ildə istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi 10083,40 kq pambığa görə ona subsidiyanın ödənilməsi üçün fermer kartının sifariş edilməsinin mümkün olmaması səbəbindən subsidiyanın verilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, 2019-cu ildə istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər kiloqramına görə subsidiya verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na əsasən həyata keçirilmişdir. Sözügedən Qaydanın:- -1.1. bəndinə əsasən, bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamlarının 2.1-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və pambıq və tütün istehsalçılarına (bundan sonra – istehsalçılar) pambıq və tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə (bundan sonra – tədarükçülərə) təhvil verdikləri genetik modifikasiya olunmamış pambıq və tütünün miqdarına görə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi qaydasını müəyyən edir. -1.2. bəndinə əsasən, istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir. -1.3. bəndinə əsasən, subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir. -2.1. bəndinə əsasən, rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM) tərəfindən həyata keçirilir. -2.2. bəndinə əsasən, istehsalçıların tədarükçülərə təhvil verdikləri pambıq və tütünün miqdarına görə subsidiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının (bundan sonra – Respublika Komissiyası) qərarı əsasında verilir. -2.3. bəndinə əsasən, istehsalçılara subsidiyanın verilməsinin təşkili üçün DAİM müvəkkil bankla müqavilə bağlayır və həmin müqavilənin bir nüsxəsini Respublika Komissiyasına təqdim edir. -2.4. bəndinə əsasən, istehsalçıların hesablarına subsidiyanın köçürülməsi üçün DAİM Respublika Komissiyasının qərarına əsasən subsidiya veriləcək istehsalçıların siyahısını, bank rekvizitlərini və onlara veriləcək subsidiyanın məbləği barədə məlumatları müvəkkil bankın müəyyən etdiyi formada ona təqdim edir. -4.3-1. bəndinə əsasən, istehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. -3.7. bəndinə əsasən, istehsalçı təhvil verdiyi pambıq və tütünün miqdarına görə verilən subsidiyanı almaq üçün bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun tərtib etdiyi ərizəsini aşağıda qeyd olunan sənədlər əlavə olunmaqla tütün üzrə cari ilin noyabrın 30dək, pambıq üzrə isə cari ilin dekabrın 15-dək kənd ərazi komissiyasına təqdim edir: 3.7.1. fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və fərdi sahibkarlar üçün VÖEN-in surəti; 3.7.2. hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri; 3.7.3. tədarükçülərə təhvil verilmiş pambıq və tütünün alqı-satqısına dair qaimə; 3.7.4. tədarükçülərə təhvil verilmiş pambıq və tütünün alqı-satqısına dair müqavilənin surəti; 3.7.5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 4 aprel tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş formada pambığın qəbulu qəbzi; 3.7.6. bu Qaydanın 8 nömrəli əlavəsinə uyğun tərtib edilmiş tütünün qəbulu qəbzi. -3.8. bəndinə əsasən Kənd ərazi komissiyası baxılması üçün tütün istehsalçıları tərəfindən təqdim edilmiş bu Qaydanın 3.7-ci bəndində qeyd olunan sənədləri cari ilin dekabrın 5-dək, pambıq istehsalçıları tərəfindən təqdim edilmiş həmin sənədləri isə cari ilin dekabrın 20-dək DAİM-ə təqdim edir. -3.9. bəndinə əsasən DAİM istehsalçılardan daxil olan sənədlərə baxılmanın nəticəsi olaraq, bu Qaydanın 6 və 7 nömrəli əlavələrinə uyğun 3 (üç) nüsxədən ibarət icmal siyahıları tərtib edir və həmin siyahıların 2 (iki) nüsxəsini növbəti ilin yanvarın 20-dək Respublika Komissiyasına təqdim edir. -3.10. bəndinə əsasən Respublika Komissiyası bu Qaydanın 3.9-cu bəndinə əsasən təqdim edilmiş icmal siyahılara 20 (iyirmi) gün müddətində baxır, istehsalçıların tədarükçülərə təhvil verdikləri pambıq və tütünün miqdarına görə subsidiyanın verilməsi barədə qərar qəbul edir və həmin qərarı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. -3.11. bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə fevralın 20-dən başlayaraq subsidiyanın istehsalçının hesabına 30 (otuz) gün müddətində köçürülməsini təmin edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, cavabdehin imtinası əsassız olmuşdur. Göründüyü kimi, istehsalçıların tədarük məntəqəsinə təhvil verdiyi xam pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya almaq hüququ 2019-cu ildə qüvvədə olmuş müvafiq qanunvericiliyin tələbi olmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2019-cu ildə ümumilikdə 10083,40 kq pambıq istehsal edib tədarük məntəqəsinə təhvil vermişdir. Qanunvericiliyin qeyd olunan tələbinə əsasən iddiaçı tədarük məntəqəsinə təhvil verdiyi 10083,40 kq pambığa görə ümumilikdə 1008,34 manat (10083,40 x 0,1 manat=1008,34 manat) subsidiya almaq hüququ olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi onu subsidiya almaq hüququndan məhrum etmir. Başqa sözlə, cavabdeh orqanın formal əsaslara görə iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına 2019-cu il üzrə ayrılmış 1008,30 manat subsidiya məbləğinin ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-159/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-159/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver