Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1591/2021 14.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 09.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək,12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 07.08.2019-cu il tarixli **********942500 nömrəli, 31.10.2019-cu il tarixli **********9963600 nömrəli, 20.02.2020-ci il tarixli **********087600 nömrəli, 11.06.2020-ci il tarixli **********457900 nömrəli, 11.06.2020-ci il tarixli **********42300 nömrəli və 11.06.2020-ci il tarixli **********458600 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirilən qərarlarla Goranboy rayon İcra və Probasiya şöbəsinə dəvət edildikdən sonra tanış olmuş, ona həmin qərar 04.05.2021-ci il tarixdə təqdim edilmişir. Qeyd olunan qərarla razı deyil. Belə ki, həmin qərara əsasən guya "xxxx" MMC-nin 4922.42 manat əsas, 1801.62 manat faiz və maliyyə sanksiyası qanunvericiliklə müəyyən edilmiş müddətə ödənilmədiyi üçün 100 manat olmaqla ümumilikdə 6824.04 manat vergi borcu vardır. Lakin göstərilən tarixdə Cəmiyyət bağlanmış və tam şəkildə vergi borclarını ödəmişdir. Bu səbəbdən də o, həmin qərarlarla razı deyil. İddiaçı həmçinin iddia ərizəsi ilə birgə vəsatət təqdim edərək, iddia ərizəsinin verilməsi üzrə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, vəsatətdə İnzibati Xətalar Məcəlləsinin maddələrini sadalamaqla kifayətlənmişdir. İddiaçıya müvafiq sərəncam göndərilərək yardım göstərilməsinə baxmayaraq, əsaslandırılmış vəsatət təqdim etməmiş, həmçinin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən müddətin ötürülməsi səbəblərini araşdırmaq mümkün olmamışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, "xxxx" MMC-nin ləğvini tələb etdiyi 6 qərardan yalnız ikisi onunla bağlı qəbul edilmiş, digərləri isə "xxxx" MMC barəsində qəbul edilmişdir. Belə ki, 07.08.2019-cu il tarixli **********942500 nömrəli bildiriş və 31.10.2019-cu il tarixli **********963600 nömrəli qərar "xxxx" MMC barəsində, 20.02.2020-ci il tarixli **********087600 nömrəli qərar, 11.06.2020-ci il tarixli **********457900 nömrəli qərar, 11.06.2020-ci il tarixli **********42300 nömrəli qərar və 11.06.2020-ci il tarixli **********458600 nömrəli qərar isə "xxxx" MMC barəsində qəbul edilmişdir. Bununla da Poliqraf Dizayn-2018” MMC barəsində qəbul edilmiş qərarlara dair iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edilir. İddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş 07.08.2019-cu il tarixli **********942500 nömrəli “Cari vergilərin hesablanması barədə bildiriş” və 31.10.2019-cu il tarixli **********963600 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə Qərar” artıq qüvvədə deyil. "xxxx" MMC-yə məxsus olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, 23.10.2020-ci il tarixdə cəmiyyət barəsində tətbiq edilmiş 100 manat maliyyə sanksiyası silinmiş, qərar ləğv edilmişdir. Bununla da 31.10.2019-cu il tarixli **********963600 nömrəli qərara münasibətdə mübahisə aradan qalxmışdır. İddiaçının mübahisələndirdiyi 07.08.2019-cu il tarixli **********942500 nömrəli “Cari vergilərin hesablanması barədə bildiriş” Vergi Məcəlləsinin 151.5.8-ci maddəsinə əsasən qəbul edilmişdir. Vergi Məcəlləsinin 151.6-cı maddəsinə əsasən cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir. Qeyd edilən normanın tələbləri baxımından hesabat ili baş çatdıqdan sonra iddiaçının tədiyəçisi olduğu vergi yenidən haqq-hesab edilmiş və yeni inzibati akt 28.07.2021-ci il tarixli **********782900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. İşin qeyd edilmiş hallarından göründüyü kimi 07.08.2019-cu il tarixli **********942500 nömrəli bildiriş artıq mövcud deyil, iddiaçının qanunla qorunan hüquqlarını pozmur, öhdəlik yaratmır. Bu səbəbdən də iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Qeyd edilməlidir ki, istinad olunan normaların tələbinə əsasən mübahisələndirilən qərarlar üzrə iddia ərizəsi 08.07.2021-ci il tarixdə məhkəməyə göndərilməsi üçün poçt xidmətinə verildiyinə görə iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təqdim edilsə də, vəsatət əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi prosessual müddətin bərpa edilməsi barədə ərizə hər bir halda əsaslandırılmalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, vergi orqanının nümayəndəsinin izahatından göründüyü kimi hazırda mübahisələndirilən qərarlar qüvvədə deyil və iddiaçının hüquq və maraqlarına toxunmur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1591/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1591/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver