Məhkəmə qərarları › İş №2-1(114)-1591/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1591/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1591/2024 14.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus xx.xx.1993-cü il tarixli NZ ******* nömrəli hərbi biletdə İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N () nömrəli hərbi hissənin, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi barədə qeyd edilmişdir.

2. Tərtər Qarnizonu Hərbi Tribunalının 07 09.1995-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək, döyüşə göndərilməklə hərbi əməliyyatlar qurtaranadək hökmün icrası təxirə salınmışdır.

3. Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli qərardadı ilə N nömrəli hərbi hissənin İddiaçı cəzadan azad olunması barədə vəsatəti təmin olunmuş, İddiaçı Tərtər Qarnizonu Hərbi Tribunalının 07 09.1995-ci il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4684 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1993-cü il tarixdə Tərtər RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə (əsas: §-1, səh-2, sıra-139) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi" hərbi rütbəsi verilərək "kursant" vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrində (əsas: §-22, sıra-211) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Beyləqan döyüş əməliyyatları bölgəsinə göndərilən şəxsi heyətin siyahısında 2-ci MAT-ın hərbi qulluqçusu İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N () №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə (əsas: §-1, səh-4, sıra-165) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 4-cü MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. 4-cü MATın hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas: §-1, səh-11, sıra-9) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi sənədləri Azərbaycan Respublikasının Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək Tərtər Qarnizonu Hərbi Tribunalının hökmünə əsasən, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunmuş (hökmün icrası döyüş əməliyyatlarının sonunadək təxirə salınmasına görə) və hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə (əsas: §- 5, səh-31) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, xx.xx.1995-ci il tarixdən hərbi hissədə xidmət edən, 1975-ci il təvəllüdlü, 3-cü MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə ilə (əsas: §-2, səh-70, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Q-2234 nömrəli arayışına əsasən Nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1975-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur.

6. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci il və təkrar xx.xx.2023-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4684 nömrəli arayışına əsasən xx.xx.1994-cü il tarixdən sonra xidmət yerini özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 583 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin hərbi hissənin hansı ərazilərdə döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmadığından bu barədə məlumat verə bilmirlər. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar erməni işgalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün xx.xx.1993-cü ildə Tərtər rayon Hərbi Komissarlıgı vasitəsilə həqiqi hərbi xidmətə çağırılaraq N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 139§1№-li əmrilə həmin hərbi hissənin şəxsi heyətin siyahısına salınmışdır. Həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. N №-li hərbi hissənin xx.xx.1993cü il tarixli N №-li əmrilə həmin hərbi hissənin şəxsi heyət siyahısından çıxarılaraq Beyləqan döyüş əməliyyatları bölgəsinə göndərilərək N №-li (N №-li ) hərbi hissənin tərkibinə verilmişdir. N №-li (N №-li ) hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1§1 №-li əmrilə xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 4-cü MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 39§1 №-li əmrilə hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlıgına göndərilmişdir. Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1995- cü il tarixli, 1-174/1995№-li hökmünə əsasən o, AR CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin barəsində AR CMnin 42-ci maddəsi tətbiq edilərək döyüşən orduya - N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 290§5 №-li əmrilə şəxsi heyətin siyahısına salınaraq xidmətini həmin hərbi hissədə davam etdirmişdir. Həmin hərbi hissədə xidmətdə olarkən o, Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının 26 avqust 1997-ci il tarixli qərardadı ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən o, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduguna görə N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli, 291§2 №-li əmrilə hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən o, Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə iştirak etdiyi və AR CM-nin 42-ci maddəsinə əsasən döyüşən orduya göndərildiyi, orada da döyüşlərdə iştirak etdiyi və sonradan məhkəmə qərardadı ilə cəzadan azad edildiyi və məhkum olmayan hesab edildiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına və Qeyd hissəsinə əsasən müharibə veteranı sayılır. Lakin o, faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Tərtər rayon Hərbi Komissarlığına, sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, AR MN-nə etdiyi son müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın katibi polkovnik-leytenant Elburus Mehdixanovun imzası ilə ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 2/2-12319 №-li cavab məktubunda bildirilmişdir ki, AR MN-nin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4684 №-li arayışında xx.xx.1994-cü il tarixdən sonra xidməti yerini özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. O isə işin faktiki tərəfini nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq cavabdehin bu imtina məktubunu qanunsuz və əsassız hərəkətləri hesab edir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

21. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 4/2-4684 nömrəli arxiv arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman yəni, xx.xx.1994-cü il tarixdən sonra xidməti yerini özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1993-cü il tarixli NZ ******* nömrəli hərbi bilet; - Tərtər Qarnizonu Hərbi Tribunalının 07 09.1995-ci il tarixli hökmü; - Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli qərardadı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4684 nömrəli arayışı; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Q-2234 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 583 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli imtina məktubu. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. İş materialları ilə müəyyən olunur ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4684 nömrəli arayışına əsasən xx.xx.1994-cü il tarixdən sonra xidmət yerini özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.

25. Məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız saymaqla, hesab edir ki, iddiaçı tələbində haqlıdır.

26. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Tərtər RHK-dan həqiqi hərbi xidmətə çağırılmış və N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi" hərbi rütbəsi verilərək "kursant" vəzifəsinə təyin olunmuşdur. O, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmri ilə (əsas: §-22, sıra-211) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Beyləqan döyüş əməliyyatları bölgəsinə göndərilmiş və N () №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 4-cü MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi sənədləri Azərbaycan Respublikasının Hərbi Komissarlığına göndərilmişdir.

27. Tərtər Qarnizonu Hərbi Tribunalının 07 09.1995-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək, döyüşə göndərilməklə hərbi əməliyyatlar qurtaranadək hökmün icrası təxirə salınmışdır. Bundan sonra o, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş və N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə,N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir.

28. İddiaçıya məxsus xx.xx.1993-cü il tarixli NZ ******* nömrəli hərbi biletdə də İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N () nömrəli hərbi hissənin, xx.xx.1995ci il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi barədə qeydlər edilmişdir.

29. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

30. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

33. Göründüyü kimi, İddiaçı N nömrəli hərbi hissəni özbaşına tərk etsə də (həmin hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Azərbaycan Respublikasının Hərbi Komissarlığına göndərilmişdir), etdiyi əmələ görə Tərtər Qarnizonu Hərbi Tribunalının 07 09.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək, döyüşə göndərilməklə hərbi əməliyyatlar qurtaranadək hökmün icrası təxirə salınmışdır.

34. Bundan sonra o, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş və N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur.

35. İddiaçı xidmət etdiyi N saylı hərbi hissə vəsatətlə məhkəməyə müraciət edərək, onun xidmət etdiyi vaxda özünü nizam-intizamlı əsgər kimi göstərdiyini, nümunəvi xidmətinə görə zabitlərin hörmətini qazanmasını, vəzifə borcunun öhdəsindən layiqincə gəldiyini, buna görə dəfələrlə rəğbətləndirildiyini göstərməklə, İddiaçı məhkum edilmiş cəzadan azad olunmasını xahiş etmiş və Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli qərardadı ilə N nömrəli hərbi hissənin vəsatəti təmin olunmuş, İddiaçı Tərtər Qarnizonu Hərbi Tribunalının 07 09.1995-ci il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir.

36. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: Maddə 243. Döyüş şəraitində hissəni və ya xidmət yerini özbaşına buraxıb getmək, bu getmə müddətinin nə qədər davam etməsindən asılı olmayaraq, ölüm cəzası ilə və ya 3 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmək cəzası ilə cəzalandırılır. Maddə 42. Müharibə dövründə hərbi xidmətçini və ya orduya çağırılmalı və ya səfərbər edilməli olan hərbi mükəlləfiyyətli şəxsi azadlıqdan məhrum etmək haqqında çıxarılmış hökmün icrası məhkəmə tərəfindən məhkumu döyüşən orduya göndərməklə, hərbi əməliyyatların qurtarmasınadək təxirə salına bilər. Bu hallarda məhkəmə əlavə cəzaların icrasını da təxirə sala bilər. Döyüşən orduya göndərilmiş məhkum özünü sosialist Vətəninin mətin müdafiəçisi kimi göstərərsə, o zaman müvafiq hərbi komandanlığın xahişi ilə məhkəmə onu cəzadan azad edə bilər və ya cəzanı başqa, daha yüngül bir cəza ilə əvəz edə bilər.

37. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə,N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir.

38. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir ki, hazırkı işdə tələb olunan bütün şərtlər ödənilir.

39. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi (döyüşməsi) həm onun hərbi biletindəki qeydlərlə, həm arxiv arayışı ilə təsdiq olunur.

40. Cavabdeh orqanın imtinasının yeganə əsası onun hərbi hissəni özbaşına tərk etmə faktıdır ki, həmin əmələ görə iddiaçı məhkum edilərək, barəsində çıxarılmış hökmün icrası hərbi əməliyyatların sonunadək təxirə salınmaqla, döyüşən orduya göndərilmiş və o, döyüşlərdə iştirak edərək, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmışdır.

41. Yuxarıda adəçəkilən Əsasnamənin Qeyd hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsinin mümkünsüzlüyü təsbit edilsə də, həmin hissədə iki istisna hal da qeyd olunmuşdur: - Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; - 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər.

42. İddiaçının hərbi xidmətində hərbi hissəni özbaşına tərk etmə faktı olsa da, o, 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxs olduğundan cavabdeh orqanın iddiaçının hərbi hissəni özbaşına tərk etmə faktına istinadla, ona müharibə vetaranı adı və vəsiqəsi verilməsindən imtinası qanuni sayıla bilməz.

43. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar