Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1592/2022 09.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünün təsis edildiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci ilədək ödənilməyən hissəsinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2021-ci il tarixdə 089255 nömrəli Müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncunun xx.xx.2021-ci il tarixdə 20204 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək Prezident təqaüdünün təsis edildiyi 01 aprel 2019-cu il tarixindən 17 mart 2021-ci ilədək almadığı Prezident təqaüdünün fərqinin ödənilməsinə dair müvafiq tapşırıq verilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondu xx.xx.2021-ci il tarixdə imtina məktubu ilə bildirmişdir ki, veteranlığı təsdiq edən müvafiq vəsiqə xx.xx.2021-ci il tarixdə verildiyi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü qanunvericiliyə uyğun olaraq həmin tarixdən təyin edilmişdir. İnzibati orqanın imtinası ilə razılaşmayan iddiaçı “xx.xx.2021-ci ilədək almadığı Prezident təqaüdünün ödənilməsi” barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə təkrar müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixdə **********5 nömrəli məktubla iddiaçıya əsaslandırılmış imtina cavabı verilmişdir. Həmin məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən, müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2021-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. İddiaçıya bildirilmişdir ki, veteran vəsiqəsi xx.xx.2021-ci il tarixdə verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ mövcuddur. İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təsis edildiyi 01 aprel 2019-cu il tarixdən 17 mart 2021-ci ilədək ödənilməyən hissəsinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun sürən məhkəmə araşdırmalarında sonra məhkəmə qərarı ilə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı 1703.2021-ci il tarixdə icra olunmuş və iddiaçıya xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən M/V 089255 nömrəli Qarabağ veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən ona Prezident təqaüdünün ödənilməsinə başlanılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Prezident təqaüdü fərqinin ödənilməsinə dair dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavab məktubu ilə ona imtina cavabı verilmişdir. İşdəki sənədlərdən görünür ki, müharibə veteranı olmaq hüququ 1992-1993-cü illər ərzində döyüş əməliyyatlarında iştirak etdiyinə görə yaranmışdır. Ona görə, imtina məktubda göstərilən dəlillər əsassızdır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********0 nömrəli etirazında göstərilmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı xx.xx.2022-ci i tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Prezident təqaüdünün hesablanmasının və ödənilməsini tələb etmişdir. Həmin ərizəyə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialında baxılmışdır. Filialın iddiaçıya ünvanladığı **********5 məktubla ona əsaslı olaraq imtina edilmişdir. İddiaçıya veteran vəsiqəsi xx.xx.2021-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 2.1.1-ci bəndində qeyd olunur ki, prezident təqaüdü 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə, həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzrdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, Sosial müavinətlər haqqında Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. təqaüd sosial müavinətin növü olmadığı üçün 3 illik dövr üçün ödənilmə nəzərdə tutulmur. İddiaçının ƏƏSMN-ə müraciət etdiyi tarixdə Prezidentin sözügedın Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının əvvəlki dövrlər üçün müavinətin hesablanıb birdəfəlik ödənilməsini tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də, sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də, iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına xx.xx.2021-ci il tarixdə verilmiş M/V 089255 nömrəli müharibə veteranı vəsiqəsinin surəti, xx.xx.2021-ci il tarixli, **********7 nömrəli və xx.xx.2022-ci il tarixli **********5 imtina məktubları, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli etiraz, iddiaçının şəxsi işinin təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Hazırkı mübahisə müharibə veteranlarına Prezident təqaüdünün təsis edildiyi xx.xx.2019-cu il tarixdən veteran vəsiqəsinin verildiyi xx.xx.2021-ci il tarixədək ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2021-ci il tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünün təsis edildiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci ilədək ödənilməyən hissəsinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1592/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1592/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver