Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1593/2021 30.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı imtinanın əsassız hesab edilərək əlilliliyinin bərpa olunmasına tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyası təminatının bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 avqust 2008-ci ildə işlədiyi Daşkəsən rayon Telekommunikasiya qovşağında iş vaxtı dirək aşması nəticəsində kəllə-beyin travması almışdır. Aldığı travma nəticəsində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasının rəyi ilə “Dəqiqləşdirilməmiş emsefotapiya, keçirilmiş kəllə-beyin travmasının davamlı qalığı, postravmatik serebral araxnoidit, kəllə daxili hipotenziya ensefolpatiya İİ-İİİ mərhələ” diaqnozu əsasında İİ dərəcəli əmək qabiliyyətsiz əlillik dərəcəsi verilmişdir. 2012-ci ildən davamlı olaraq əmək pensiyası almışdır. Cavabdeh tərəfindən keçirilmiş təkrar qiymətləndirmədən sonra 01 yanvar 2021-ci il tarixdən pensiya təminatı dayandırılmışdır. Bu haqda dəfələrlə müraciət etməyinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona heç bir cavab verilməmişdir. Təkrar qiymətləndirmənin nəticəsi olaraq ona mesajla mobil nömrəsinə bildirlmişdir ki, əlavə müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin müddəti dayandırılmışdır. Daşkəsən rayonunda yaşayır, nə Daşkəsən rayonunda, nə də X1 müalicəsi üçün qeyri-adi bir işlər görülmür. Əvvəl olduğu kimi ona qeydiyyatda olduğu dispanserdən psixatrop dərmanlar verilir. Hesab edir ki, aldığı zədə müalicə ilə 8 ildə sağalmamışdırsa, bundan sonra da sağalması mümkün deyil. Ona verilən psixatrop dərmanlar sadəcə onun səhhətində baş verən ağırlaşmaların şiddətlənməsinin qarşısını almağa xidmət edir. Hər bir halda pensiyadan başqa gəlirləri yoxdur, xəstə olmasa, işləyə bilər. Ancaq bu gün faktiki olaraq səhhəti ilə bağlı işləyə bilmir. Əgər Dövlət onu sağaldıb pensiyadan azad etmək istəyirsə, bu çox savab iş olar. Elə isə ona pensiya verilməsi davam etdirilməklə bərabər həm də müalicə etsinlər. Sağaldığı andan da pensiyanı dayandırsınlar. Ancaq fakt bu gün xəstə ola-ola pensiyanın da kəsilməsi tam olaraq qanunsuzdur. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16.04.2021-ci il tarixli imtinasının əsassız hesab edilərək əlilliliyinin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən məlum olur ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırki iddia növü Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia növünə aiddir və iddiaçı onun sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilərək yenidən müəyyən edilməsini inzibati orqandan xahiş etmiş, sonuncu bundan imtina etmişdir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan İnzibati İcraat haqqında Qanunun 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edə bilər. Bu, həm inzibati orqanın inzibati aktın qəbulundan imtina etdiyi (İPM-in 33.1-ci maddəsi), həm də inzibati orqanın ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul etdiyi (İnzibati İcraat haqqında Qanunun 34cü maddəsi), eləcə də hərəkətsizlik səbəbindən ümumiyyətlə inzibati aktın qəbul edilməsinə dair ərizəyə baxmadığı (İPM-in 33.2-ci maddəsi) hallara şamil olunur. İnzibati icraatda əlverişli və əlverişsiz inzibati aktların fərqləndirilməsi iddianın növlərinə təsir göstərir. Mübahisələndirmə haqqında iddianın predmetini, yalnız əlverişsiz inzibati akt təşkil edə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, hər hansı əlverişli şəraiti yaradan halın təmin edilməməsi əlverişsiz inzibati akt sayılmır, çünki belə bir qərar hüquqi vəziyyəti dəyişmir, sadəcə və yalnız hüquqların genişlənməsinin qarşısını alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, hazırkı inzibati iş üzrə iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibəti yoxdur və hazırki iddia tələbinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun baxılmalı olmadığından, cavabdehin yerləşdiyi yer üzrə baxılmalı olduğundan iş aidiyyəti üzrə baxılması üçün müvafiq səlahiyyətli məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. - 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2-ci bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi ünvanı ünvan 1 Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı imtinanın əsassız hesab edilərək əlilliliyinin bərpa olunması tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1593/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1593/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver