Məhkəmə qərarları › İş №2-1(114)-1594/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1594/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1594/2023 24.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması ilə bağlı müvafiq rəyin hazırlanaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vergilərin faizləri və maliyyə sanksiyaları kimi tərəfindən ödənilmiş 710 manat pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının VÖEN-i xx.xx.2018-ci ildən xx.xx.2023cü ilə kimi bağlanmışdır. VÖEN-in bağlı olmasına baxmayaraq onun üzərinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq 70 manat pul hesablanmış və iddiaçı bu pulu 12 saylı ƏVBİ-nə ödəmişdir. İddiaçıya məlum olmuşdur ki, 710 manatı artıq ödəmişdir. Ancaq bu pulun qaytarılması ilə bağlı cavabdeh 12 saylı ƏVBİ-nə müraciət etsə də bu pulu qaytarmırlar. Ona görə də cavabdehin üzərinə artıq ödənilmiş 710 manat pulun ona ödənilməsi vəzifəsi qoyulmalıdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması ilə bağlı müvafiq rəyin hazırlanaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, həmin məbləğin qaytarılması üçün 2018-ci ildən 12 saylı ƏVBİ-nə çoxsaylı müraciətlər etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması vergi orqanlarının deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. Hazırki iş üzrə iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaları kimi 710 manat məbləğində pulun geri qaytarılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Halbuki büdcəyə artıq ödənilmiş məbləğlərin geri qaytarılması hallarında vergi orqanlarının səlahiyyəti yalnız Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rəy vermək ilə məhdudlaşır. 2017-ci ilin noyabr ayınadək olan artıq ödəmə (257,88) manat üzrə 5 illik müddət ötmüşdür. Həmin tarixdən sonra ödənilən məbləğ isə 453 manat təşkil edir. İddiaçının rəsmi olaraq ilkin müraciəti xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Həmin müraciətin isə forma və məzmununa riayət edilməmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubun məzmunundan görünür ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sansiyalarının qaytarılması barədə iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi üzrə aparılan ilkin araşdırma nəticəsində müvafiq uyğunsuzluqlar aşkar edilmiş və yol verilmiş uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması üçün 3 iş günü ərzində Vergi ödəyicilərinə xidmət strukturuna gəlməsi xahiş olunmuşdur. Göründüyü kimi qeyd olunan məktub imtina xarakterli akt hesab edilə bilməz. Belə ki, sözügedən məktubda iddiaçıya müraciətində olan uyğunsuzluq barədə bildiriş göndərilmiş və idarəyə dəvət edilmiş, lakin iddiaçı məktubda qeyd olunanlara əməl etməyərək məhkəməyə müraciət etmişdir. Beləliklə müəyyən olunur ki, cavabdehin müvafiq hərəkətləri iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması ilə bağlı müvafiq rəyin hazırlanaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar