Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1595/2021 12.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Tovuz rayonlararası qeydiyyat, imtahan və texniki baxış şöbəsinə qarşı “sahiblik hüququnun tanınması” tələbinə dair iddianın mümkünlüyü məsələsinə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1990-cı il istehsallı, VMZ 9.601 markalı gümüş rəngli bortlu qoşquya dövlət nömrə nişanı alınması üçün qoşquya sahiblik hüququnun tanınması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddiaçının tələbi inzibati xarakterli deyil, mülki xarakterli mübahisə olduğu üçün onun iddiası mümkün sayılmamalıdır. Belə ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 7.2-ci bəndində məhkəmələrə izah vermişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Tovuz rayonlararası qeydiyyat, imtahan və texniki baxış şöbəsinə qarşı “1990-cı il istehsallı, VMZ 9.601 markalı gümüş rəngli bortlu qoşquya dövlət nömrə nişanı alınması üçün qoşquya sahiblik hüququnun tanınması haqqında” tələbinə dair iddiası mümkün sayılmasın. Ərizəçiyə izah olunsun ki, “daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi haqqında” iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1595/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1595/2021
12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver