Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1595/2022 12.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi iddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-nin vəkili Vəkil, üçüncü şəxs X4 vəkili X3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9 və Şəmkir rayon Qaracəmirli bələdiyyəsi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC-nin "xxxx" MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin vəsaiti hesabına Yenikənd SES-in ərazisində tikilmiş “2 mərtəbəli 10 yerlik qeyri-yaşayış binası”na dair cavabdeh tərəfindən X6 verilmiş daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyatın əsasında verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1985-ci il tarixli 320 nömrəli qərarına əsasən X13 Stansiyasının tikintisi üçün 2442,80 hektar torpaq sahəsi ayrılmışdır ki qeyd olunan qərara əsasən müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən 1986-cı ildə “B" seriyalı 003015 nömrəli “Torpaqdan istifadə hüququna aid dövlət Aktı” verilmişdir. Dövlət Aktına əsasən müəyyən olunur ki, qeyd olunan 2442.80 ha torpaq sahəsi torpaq istifadəçisinə pulsuz və müddətsiz istifadə üçün, akta əlavə olunmuş planda göstərilən sərhədlər daxilində torpaq təhkim edilmişdir. Qeyd olunan ərazidə Yenikənd SES, həmçinin layihə-smeta sənədlərində əvvəlcədən nəzərdə tutulmuş stansiya üçün yardımçı binalar tikilməyə başlanmışdır. Yenikənd SES-in, inzibati binasının və digər yardımçı binaların tikintisi başa çatdırılmışdır və "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. Eyni zamanda “Torpaqdan istifadə hüququna aid dövlət Aktı” ilə təhkim olunmuş 2442,80 ha torpaq sahəsinin sərhədləri daxilində Azərbaycan Respublikası energetika və elektrikləşdirmə istehsalat birliyi "xxxx" baş direktorunun müavini S.İ.Lətifovun imzası ilə “Bakıhidrolahiyə’ nin direktoru A.Y.Piriyev cənablarına ünvanlanmış 201-6/978 nömrəli xx.xx.1995- ci il tarixli məktub əsasında Azərbaycan Respublikası Lahiyə-axtarış institutu “Bakıhidrolahiyə"nin mütəxəssisləri tərəfindən tərtib edilmiş layihə əsasında Yenikənd SES-in su anbarının sağ sahilində əsas tikintilərə yaxın ərazidə, 0,36 ha həyətyanı sahəni əhatə edən 18,4 x 12 m ölçüdə 2 mərtəbəli 10 yerlik qonaq evi tikilmişdir. Ancaq layihəsmeta sənədlərində nəzərdə tutulmuş yardımçı binaların, o cümlədən ərazisi 0,36 hektar sahəni əhatə edən, 18.4 x 12 metr ölçüdə, mişar daşlarla sement, qum qarışığı ilə tikilmiş 2 mərtəbəli, “10 yerlik qonaq evi”nin qeyri-yaşayış binasının tikintisinin başa çatmasına, habelə qeyd edilən ərazinin, yəni 0,36 ha sahənin ətrafının perimetr boyu ait hissənin mişar daşları ilə, üst hissənin isə metal konstruksiyalı məhəccərlə hasarlanmasına baxmayaraq müxtəlif obyektiv səbəblərdən, həyətyanı sahəsinin abadlıq işlərinin başa çatdırılmadığı üçün qeyd edilən həmin tikinti sənədlərdə başa çatdırılmamış, yarımçıq tikili kimi qəbul edilmiş və müvafiq sənədlərdə qeyd olunmuşdur. Qeyd olunan 10 yerlik 2 mərtəbəli qonaq evinin tikintisinə tayihə-smeta sənədlərinə əsasən hal-hazırki mövcud qiymətlərlə 92831,6 manat vəsait xərclənmişdir ki, bu da müvafiq sənədlərdə öz əksini tapmışdır. Yenikənd SES-nin tikintisi üçün ayrılmış 2442,80 hektar ərazinin layihə ilə nəzərdə tutulmuş müvafiq hissəsində, 0,36 ha sahədə tikilmiş, ona məxsus olan 2 mərtəbəli “10 yerlik qonaq evi"nin və stansiyanın digər hissələrinin texniki pasportunun tərtib edilməsi üçün Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi ilə 002 nömrəli xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Ona görə də “Şəmkir SES Silsiləsi" MMC-nin rəhbərliyi 08.01,2020-ci il tarixli 20/204-05-06 nömrəli məktubla Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə Yenikənd SES-in ayrılmaz hissəsi olan 10 yerlik 2 mərtəbəli qonaq evinin texniki pasportlaşmasını xahiş etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin rəisi Ş.Şahvələdovun imzası ilə 21 yanvar 2020-ci il tarixli **********43 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" MMC-nin tərkibində olan Yenikənd SES-in ərazisində olan 1 mərtəbəli, 3 otaqlı yaşayış binasının və 10 yerlik 2 mərtəbəli qeyri yaşayış binasına texniki pasportun verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Reystrindən Çıxarış təqdim olunmayıb. Bundan əlavə 10 yerlik 2 mərtəbəli qeyri yaşayış binasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən Pənahov Mahir (Maarif) Davud oğluna xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestirdən çıxarış verildiyi bildirilmişdir. X11 (Maarif) Davud oğlu bilavasitə "xxxx" MMC-də işləməmişdir, ancaq Yenikənd SES-in tikintisində iştirak etmiş "xxxx" ASC-nin Şəmkir Tikinti Quraşdırma idarəsində, müxtəlif vaxtlarda rəis və digər vəzifələrdə işləmişdir. Odur ki, "xxxx" MMC-nin tərkibində olan Yenikənd SES-in ərazisində su anbarının yaxınlığında layihə-smeta sənədlərinə əsasən tikilmiş, ona məxsus olan, lakin müxtəlif obyektiv səbəblərdən həyətyanı abadlıq işləri başa çatdırılmadığı üçün müvafiq sənədlərdə başa çatmamış tikili kimi qiymətləndirilmiş, 2 mərtəbəli, on yerlik qonaq evinə 11 nömrəli Şəmkir Ərazi idarəsi tərəfindən Pənahov Mahir (Maarif) Davud oğluna xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestirdən çıxarışın verilməsi üçün həmin əraziyə bitişik olan Qaracəmirli kənd Bələdiyyəsi tərəfindən verilmiş saxta-reallığı əks etdirməyən sənədlər əsas götürülmüşdür. İşin şərh olunan faktiki halları ilə təsdiq olunur ki, qeyd olunan 2 mərtəbəli, 10 yerlik qonaq evi - qeyri yaşayış binası "xxxx" MMC-nin ayrılmaz hissəsi olan Yenikənd SES-in inzibati ərazisində onun vəsaitləri hesabına tikildiyi üçün ona məxsusdur və onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmalıdır, ancaq hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Pənahov Mahir (Maarif) Davud oğluna xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestirdən çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun və digər müvafiq qanunların tələblərinin pozulması ilə icra edildiyi üçün qanuni və əsaslı hesab oluna bilməz. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, həmin tikilinin altındakı torpaq sahəsi də dövlət mülkiyyətində olduğu halda qanunsuz olaraq bələdiyyə tərəfindən iddiaçıya satılmışdır, yeni rəhbərlik həmin əmlakın qeydə alınması ilə bağlı cavabdehə müraciət edərkən məlum olmuşdur ki, əmlak üçüncü şəxsin mülkiyyətindədir. Üçüncü şəxs X9 məhkəmə iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, onun 1980-ci ildən 2000-ci ilədək iddiaçı müəssisədə əmək fəaliyyəti olmuş, qeyd olunan 10 otaqdan ibarət 2 mərtəbəli binanı həmin müəssisə 1997-ci ildə tikməyə başlamış, lakin maddi çətinlik ucbatından yarımçıq qalmışdır və Gürcüstan Respublikasına məxsus tikinti şirkətinə borc əvəzi verilmişdir, sonra həmin şirkətdən yarımçıq tikilini o almış və tam inşasını başa çatdırmışdır. Üçüncü şəxsin vəkili X8 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən çıxarış qanuni əsaslarla verilmişdir, ləğv edilməsi üçün əsas yoxdur. Cavabdehə və üçüncü şəxs Şəmkir rayon Qaracəmirli bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********97 nömrəli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilən hallar araşdırılan zaman məlum olmuşdur ki, Şəmkir SES Silsiləsi MMC-nin tərkibində olan Yenikənd SES tərəfindən ayrılmaz hissəsi olan 1 mərtəbəli 3 otaqlı yaşayış binasının və 10 yerlik iki mərtəbəli qeyri-yaşayış binasının texniki pasportunun verilməsi üçün xx.xx.2020-ci il tarixdə 11 saylı Şəmkir Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət edilmiş, lakin sözügedən əmlakla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Registirdən çıxarış təqdim olunmadığı və 10 yerlik iki mərtəbəli qeyri-yaşayış binasına dair X7 Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verildiyinə görə ərizənin icrası mümkün olmamışdır. Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0.37 ha torpaq sahəsi Şəmkir rayonu, Qaracəmirli bələdiyyəsinin 26 iyun 2003-cü il tarixli, 06 nömrəli qərarı əsasında X2 və üzərində yerləşən tikilinin isə Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının 23 fevral 2011-ci il tarixli, 63 nömrəli sərancamı ilə hüquqi qeydiyyatına icazə verilmişdir. Yuxarıda qeyd edilən əsaslar nəzərə alınaraq Şəmkir SES Silsiləsi MMC-nin tərkibində olan Yenikənd SES-in iddia etdiyi tikili üzərində X5 mülkiyyət hüquqları tanınmışdır. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılmışdır. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “B" seriyalı 003015 nömrəli 1986-cı il tarixli “Torpaqdan istifadə hüququna aid dövlət Aktı”ndan görünür ki, Şamxor rayon X10 İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən X13 Stansiyasının tikintisi üçün 2442,80 hektar torpaq sahəsi ayrılmışdır. -surəti işə əlavə edilmiş Qaracəmirli bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 06 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Yenikənd su ambarının ətrafındakı binanın tutduğu sahəsi və ətraf hissəsi ilə birlikdə cəmi 0.37 ha torpaq sahəsi X6 verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2003-cü il tarixli 27 nömrəli Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, Qaracəmirli bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 06 nömrəli qərarına əsasən 0.37 ha torpaq sahəsi X1. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində 0.37 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 371.7 kv.m olan qeyri yaşayış binası üzərində X4 mülkiyyət hüququ qeydə alınmışdır. -surəti işə əlavə edilmiş Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 63 nömrəli sərəncamından görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində X9 tərəfindən 2003-cü ildə inşa olunmuş ümumi sahəsi 356.1 kv.m, o cümlədən əsas sahəsi 166.4, köməkçi sahəsi 189.7 kv.m olan iki mərtəbədən ibarət qeyri-yaşayış binasının hüquqi qeydiyytına icazə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli 2 mərtəbəli, 10 yerlik qeyri yaşayış binasının "xxxx" MMC-nin ayrılmaz hissəsi olan Yenikənd SES-in inzibati ərazisində onun vəsaitləri hesabına tikildiyi üçün ona məxsus olduğunu və onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmalı olduğunu iddia edərək həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0.37 ha torpaq sahəsi Şəmkir rayonu, Qaracəmirli bələdiyyəsinin 26 iyun 2003cü il tarixli, 06 nömrəli qərarı əsasında X2 və həmin qərar ləğv edilməmişdir. Eyni zamanda, torpaq sahəsinin üzərində yerləşən tikilinin isə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 fevral 2011-ci il tarixli, 63 nömrəli sərancamı ilə hüquqi qeydiyyatına icazə verilmiş və qeyd edilən əsaslar nəzərə alınaraq həmin tikili üzərində X5 mülkiyyət hüquqları tanınmışdır. Bundan əlavə, sözügedən qeyri-yaşayış binasının iddiaçı tərəfindən tam inşa olunmadığı iddiaçının özü tərəfindən verilmiş sənədlərlə də təsdiq olunur. Digər tərəfdən həmin tikilinin iddiaçının mülkiyyətində olması və balansına verilməsi barədə də sübut təqdim edilməmişdir. Göründüyü kimi qeyd edilən əmlak üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılmışdır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1595/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1595/2022
12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver