Məhkəmə qərarları › İş №2-1(114)-1597/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1597/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1597/2024 05.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1, iddiaçının nümayəndəsi olan vəkili X6 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 1925 manat əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1967-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, hazırda Gəncə şəhərində yaşayır. İddiaçının nümayəndəsinin pensiya ödənişi ilə bağlı müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-261460/2/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi vasitəsi ilə həyata keçirilir. Əlillik vəziyyəti yenidən qiymətləndirilərkən iddiaçıya xx.xx.2022-ci il tarixindən təkrar əlillik müəyyən edilmişdir. Bildirilir ki, İddiaçı pensiya ödənişi yenidən əlil hesab edildiyi 13 iyun 2022-ci il tarixindən bərpa edilmişdir. Qeyd olunan dövr üzrə İddiaçı əlilliyi mövcud olmadığından və təkrar əlillik dərəcəsi (xx.xx.2022-ci il) əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021-ci il) sonra 6 ay ərzində müəyyən edildiyindən həmin dövrlər yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 1925 (min doqquz yüz iyirmi beş) manatın ödənilməsi vəzifəsinin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı aid olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021 cil tarixli 2790/20 saylı xəstəlik tarixindən stasionar çıxarışından görünür ki, İddiaçı paranoid şizofreniya, şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsurlu diaqnozu ilə 1997-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlilliyə görə əmək pensiyası almışdır. O, hər il dəfələrlə X3 müalicələr alır. İddiaçı əliliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci İ tarixdən əlillik müddətinin bitməsini səbəb gətirilərək dayandırılmışdır. Dəfələrlə o və qohumları tərəfindən ərizələrlə müraciət etdikdən sonra İddiaçı əlillik vəziyyəti 7 (yeddi) aydan qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixdən təkrar sonra yenidən müddətsiz əlillik müəyyən edilmişdir. Pensiyanın dayandırılmasının axırıncı ayı, İddiaçı 275 manat pensiya ödənilmişdir. Hal- hazırda isə ona 240 (iki yüz qırx) manat pensiya təyin edilibdir. Lakin əlil olmasına baxmayaraq ötürülmüş müddətin pensiyası verilməkdən imtina edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-27908/2024 saylı cavab məktubuna əsasən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3- cü və 3.3-1-ci maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə əsasən İddiaçı xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək bir il müddətinə ilkin, xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək bir il müddətinə təkrar, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək bir il müddətinə təkrar, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək bir il müddətinə təkrar, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək beş illik müddətinə təkrar, xx.xx.2022-ci il tarixindən müddətsiz İl qrup təkrar əlillik təyin edilmişdir. Qeyd olunan əlillik müddətlərinə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. S.S.lbrahimovun xx.xx.2021-ci il tarixində əlillik müddəti bitdikdən sonra sonuncu əlilliyi xx.xx.2022-ci il tarixində müəyyən edildiyi üçün qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddət ötürülmüşdür. Buna görə də Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarına əsasən ona xx.xx.2022-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024 tarixli, 3-17-1/2-35100/2024 saylı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndə vasitəsilə xx.xx.2023-cü il tarixdə Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ona ötürülmüş müddət üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Onun müraciətinə cavab olaraq Fondun xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 261460-2/2023 nömrəli məktubu ünvanlanmış və bildirilmişdir ki, ötürülmüş müddət üzrə ona əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. "Əliliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd edirik ki, iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişi əsasında ilə ona Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi vasitəsi həyata keçirilir. S.lbrahimovun əlillik vəziyyəti yenidən qiymətləndirilərək xx.xx.2022-ci il tarixdə təkrar əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı pensiya ödənişi yenidən əlil hesab edildiyi 13 iyun 2022-ci il tarixdə bərpa edilmişdir. S.lbrahimovun təkrar əlillik dərəcəsi (xx.xx.2022-ci il) əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021-ci il) sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili X7 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş əlilliyin qiymətləndirilməsi ilə bağlı materiallar, cavabdehin etirazı, iddiaçının müavinət işinin təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya müxtəlif vaxtlarda əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək beş illik müddətinə təkrar əlillik müəyyən edilmişdir. Əlillik müddəti bitdikdən sonra əlilliyi yenidən qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, təyinat tarixi xx.xx.2022-ci il olmuşdur. Həmin tarixdən iddiaçıya əlilliyə görə əmək pensiyası ödənilməyə başlanmışdır. İddiaçı ondan asılı olmayan – tibb müəssisələrinin səhlənkar yanaşması nəticəsində təkrar müayinəsinin 7 aydan çox uzandığını əsas gətirərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsaslarına görə iddiaçının tələb etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Mübahisə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyasının ödənilməsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əlilliyə görə müavinət əlillik müddətində ödənilir və şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, şəxsə əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyə görə pensiya təyin edilir və ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, 6 aydan çox – 06 ay 13 gün sonra – xx.xx.2022-ci il tarixdə əlilliyi qiymətləndirilmişdir. Bu səbəbdən də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş xx.xx.2022-ci il tarixdə isə bərpa edilmişdir. İddiaçının ötürülmüş müddət də daxil olmaqla əlil olan şəxs hesab edilməsi üçün müəyyən edilən müddət (6 ay) xx.xx.2022-ci il bitmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun 3.3-1-ci maddəsinin xx.xx.2021-ci il tarixdə qüvvəyə minməsini nəzərə alaraq qeyd olunur ki, iddiaçının ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsinin son müddətinin (6 ay) bitdiyi tarixdə (xx.xx.2021) sözügedən norma qüvvədə olmamışdır. Beləliklə, iddiaçı sözügedən tarixlər arasındakı dövrdə əlilliyi olan şəxs hesab edilmədiyi üçün ona həmin dövrlər üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar