Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1601/2025 10.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respulikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, o cümlədən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyindən və yaralandığından ona müharibə veteranı adı və statusunun verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Qazax rayonu Saloğlu qəsəbəsində anadan olmuşdur. 1984-cü il tarixdən 1986-cı il tarixədək o vaxtki sovet dövründə hərbi xidmətdə olmuş, daha sonra Azərbaycan Respublikasında müharibə başlayan vaxt könüllü olaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci tarixədək N () saylı hərbi hissədə Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, ailəli olduğundan o vaxtki respublika rəhbərinin 2 övladı olan hərbi xidmətdən təxris olunsun qərarına əsasən onu da tərxis etmişlər. Sonradan bir daha könüllü olaraq xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissələrin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, xx.xx.1994-cü il tarixdə erməni hərbiçiləri tərəfindən atılan atəş nəticəsində yaralanmış və Bakı şəhərində yerləşən Neftçilər xəstəxanasında 2 ay müalicə almışdır. Bundan sonra döyüşlərdə iştirak edə bilməmişdir. Qeyd edir ki, ona "Müharibə veteranı" statusunun verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə müraciət etmişdir. Həmin qurum tərəfindən xx.xx.2024-cü il tarixli 2-i-75/2- 1/2024 nömrəli arayışla cavab verilmişdir ki, "İddiaçı hərbi toplanışı başa vurmuş X1 825(707) N-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 165 №-li əmrilə (əsas: §-7, səh- 32, sıra-2, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) xx.xx.1992-ci il tarixdən ailə vəziyyətilə hərbi xidməldən azad edilmiş və 3-cü taborun şəxsi heyətinin siyahısından çıxarılaraq bütün təminat növlərindən silinmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 18 No-li əmrində (əsas: §-7, səh- 13, sıra-12, əmrdə vəzifəsi yazılmamışdır) ŞHQM-dən xidmətlərini davam etdirmək üçün gəlmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 2-ci motoatıcı tabora təyin olunmuş hərbi qulluqçuların siyahısında, 1966-cı il təvəllüdlü sıravi İddiaçı adı qeyd olunmuşdur. N No-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-7, sıra-78) xx.xx.1994-cü il tarixdə Ağstafa RHK-dan çağırılmış İddiaçı adı yazılmış, lakin xidməti barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirlər ki, N () No-li hərbi hissə komandirinin fevral-oktyabr, dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin 1992-1993-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və 181(709) No-li hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, fevralaprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır."
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
5. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
6. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməmişdir, müraciəti yalnız Nazirliyin Mərkəzi Arxivinə olmuşdur.
8. Cavabdehin iddia ərizəsinə yazılı münasibəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etməmişdir. Bu halda, iddiaçının barəsində müvafiq araşdırma aparılmamış və araşdırmanın nəticəsinə uyğun olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hər hansı inzibati akt qəbul edilməmişdir. İddiaçının müvafiq sənədlərlə və xidməti barədə dəqiq məlumatlarla Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etməsi məqsədəuyğun hesab edilir. Qeydb olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
11. İddiaçı tələbində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir.
12. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələbi müvafiq olaraq İPM-nin 2.2.3cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciəti və cavabdehin müraciətdən imtinası isə iş materialları ilə müəyyən edilmir.
13. İddiaçı da iclas zamanı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmədiyini bildirmişdir.
14. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
15. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva