Məhkəmə qərarları › İş №2-1(114)-1602/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1602/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1602/2021 31.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı uşağın soyadının dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 12.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 28.04.2021-ci il tarixdə anadan olmuş “Asəf” adlı uşaqlarına “Azərli” soyadının verilməsi və həmin soyad ilə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar 30.12.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 28.04.2021-ci ildə övladları anadan olmuşdur. Onlar 18.06.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə müraciət edərək, övladları 28.04.2021-ci il təvəllüdlü X1 baba adı ilə soyadının verilməsini xahiş etsələr də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -30.12.2019-cu il tarixli, AZ-İİ 347719 nömrəli “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X2 arasında nikah bağlanmış, arvada “Məmmədova” soyadı verilmişdir. -03.05.2021-ci il tarixli AZ-İV 592915 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 28.04.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin may ayının 3-cü günündə 2916 nömrə ilə qeyd edilmişdir. -Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 18.06.2021-ci il tarixli, 59 nömrəli məktubundan görünür ki, iddiaçıların övladına baba adı ilə soyadın verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçılar 28.04.2021-ci il tarixdə anadan olmuş övladları X1 baba adı ilə “Azərli” soyadının verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin:- -53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərinin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. -53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. -54.4-cü maddəsinə əsasən 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının:- -5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. -6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qeyd olunan normaların təhlilindən də görünür ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir və onun soyadına dəyişiklik edilməsinə isə valideynlərinin soyadları müxtəlif olduqda, eləcə də soyadın sonluğuna dəyişiklik edildikdə valideynlərin birgə xahişinə əsasən yol verilir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçıların soyadı “Məmmədov” və “Məmmədova”-dır, buna uyğun olaraq da onların övladlarına “Məmmədzadə” soyadı verilmişdir. Başqa sözlə iddiaçıların övladına onların razılığı ilə öz soyadlarından yalnız sonluğuna görə fərqlənən soyad verilmişdir. Göründüyü kimi mövcud qanunvericiliklə uşağın soyadına dəyişiklik edilməsi üçün konkret hallar müəyyən edilmişdir və hazırda iddiaçıların tələbi həmin halların şərtlərinə cavab vermir. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı uşağın soyadının dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar