Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1604/2024 05.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Aysu Azər qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı veteranlar üçün nəzərdə tutulmuş müavinətin üç il əvvəlki tarixə hesablanaraq ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Tərtər rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2002-ci il tarixdə M/V 066464 nömrəli Müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı ona ödənilməmiş sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı xx.xx.2005-ci il tarixindən qüvvəyə mindiyindən (sözügedən müavinət növü xx.xx.2005-ci il tarixindən təsis edildiyindən) qeyd etdiyi dövr üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin 13 fevral 1999-cı il tarixdən 13 fevral 2002-ci il tarixədək hesablanıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Silahlı Qüvvələrin tərkibində ərazi bütövlüyü uğrunda işğalçılara qarşı aparılan döyüş əməliyyatlarında 1992-1994-cü illər ərzində iştirak etdiyi üçün 05 aprel 2000-ci il tarixdə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 066464 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. O, 2023-cü ildə əvvəlki illərə ödənilməli olan sosial müavinətin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə imtina cavabı verilmişdir. Onun vəsiqənin verilməsindən əvvəlki üç il üçün müavinətin ödənilməsi hüququ vardır. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli 3-17-1/2-21756/2024 saylı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı veteran vəsiqəsi xx.xx.2002-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə, həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə teranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. "Veteranlar haqqında" Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mühariba veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən (AR NK-nin 18 iyul 2006-cı il tarixli 174 nömrəli Qərarı ilə əlavə edilib), veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti "Prezident təqaüdü"ndən fərqləndirmək vacibdir. Belə ki, "Sosial müavinətlər haqqında" Qanunun 9.1ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırfsosial müavinətlərə şamil olunur. Sözügedən Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Həmin Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən "ən çoxu müraciət edilməzdən əvvəlki 3 (üç il) üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir" Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin "müraciətdən əvvəlki 3 il üçün ödənilməsi" sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Bu səbəblə, iddiaçının əvvəlki dövrlər üçün müavinətin hesablanıb ödənilməsini tələb etmək hüququ yoxdur. Həmçinin "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 01 vanvar 2006-cı il tarixdən qüvvədə olduğu üçün xx.xx.2002-ci il tarixdə iddiaçıya verilən "Müharibə veteranı" adı və vəsiqəsinə əsasən 3 illik müavinətin ödənilməsi tələbinin icrası mümkün deyildir. Belə ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixdən sonra "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında"Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qüvvəyə minənədək "müharibə veteranı" adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər. Buna görə də hesab edirik ki, İddiaçı "xx.xx.2002-ci ildən əvvəlki 3 ilə görə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi təmin edilməməlidir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarına xx.xx.2002-ci il tarixdə verilmiş M/V 066464 nömrəli müharibə veteranı vəsiqəsinin surəti, xx.xx.2023-cü il tarixli imtina məktubu, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-21756/2024 nömrəli etiraz əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2002-ci il tarixdən etibarən cavabdeh tərəfindən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən Prezident təqaüdünün ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə həmin təqaüdün müharibə veteranı adının verildiyi tarixdən əvvəlki illər üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2002-ci il tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 37 manat məbləğində sosial müavinət təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 168 nömrəli Fərmanına əsasən sözügedən müavinətin məbləği 55 manat müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanı ilə həmin yarımbənd ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. “Sosial müavinətlər haqqında” Qanunu xx.xx.2006-cı il tarixdə qəbul edilmiş və Qanunun 14-cü maddəsində 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minməsi barədə göstəriş qeyd edilmişdir. Həmin Qanunun xx.xx.2007-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi: Maddə 9.1. Aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir... Sözügedən maddəyə 1 oktyabr 2007-ci il tarixli 419-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və 9.1-ci maddə yeni redaksiyada verilmişdir. Həmin dəyişiklikdən sonra 9.1-ci maddəsində qeyd edildi ki, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Hazırkı işin mübahisəsiz hallarından məlum olduğu kimi, iddiaçı xx.xx.2002-ci il tarixində, yəni “Sosial müavinətlər haqqında” Qanununun qəbulundan, hətta “ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə” ifadəsinin maddəyə əlavə edilməsinə dair xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyin qüvvəyə minməsindən əvvəlki dövrdə “müharibə veteranı” adı və vəsiqəsi almışdır. Bu isə ona münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun tələblərinin tətbiqini istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin 13 fevral 1999-cu il tarixdən 13 fevral 2002-ci il tarixədək hesablanıb verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1604/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1604/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver