Məhkəmə qərarları › İş №2-1(114)-1605/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1605/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1605/2020 29.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********138441 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın və onun hüquqi nəticələrinin ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra mətndə cavabdeh) tərəfindən barəsində aparılmış xx.xx.2020-ci il tarixli **********138441 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın və onun hüquqi nəticələrinin ləğv olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğuldur. Fəaliyyət göstərdiyi dövrdə Ölkə qanunları ilə nəzərdə tutulan bütün vergiləri, sosial ödəmələri vaxtlı-vaxtında ödəmişdir. Hazırda cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********138441 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən İyun 2017-May 2020-ci il tarixləri əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuş, yoxlamanın keçirilməsi kiçik vergi xidməti müşaviri X5, dövlət vergi müfəttişi, 3-cü dərəcəli müfəttiş X4, 3-cü dərəcəli müfəttiş X2 tapşırılmışdır. Cavabdehin həmin qərarı qanunsuz və əsassızdır. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin Qanunun 3-cü maddəsinin tələblərinə görə Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, hazırkı tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən səyyar vergi yoxlanmasının başlanması barədə qərarı mübahisələndirilməsi mümkünsüzdür. Çünki səyyar vergi yoxlamasının başlanması barədə qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt deyildir. Belə ki, həmin qərar səyyar vergi yoxlamasını nizami salır, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Növbədənkənar səyyar vergi yoxlamasının başlanması barədə qərarı iddiaçı onun üçün hüquqi nəticə yaradacaq və Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən qəbul olunacaq qərarla birgə mübahisələndirdiyi təqdirdə iddia bu əsasda mümkün hesab edilə bilər. Odur ki, inzibati akt hesab olunmayan səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın iddiaçı tərəfindən mübahisələndirilməsi əhəmiyyətsizdir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın mübahisələndirilməsi özlüyündə inzibati akt sayılmadığından iddia mümkün sayılmamalıdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda yazılanlarla eyni məzmunda izahat verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini xx.xx.2020-ci il tarixli **********138441 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar, KY201461902 yoxlama kodlu sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2020-ci il tarixli**********138445 nömrəli Tələbnamə təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyildir. İşin faktiki hallarından görünür ki, İddiaçı əsas fəaliyyət növü “meyvə və tərəvəzin topdan satışı” olan, ********** Vergi Ödəyicilərinin Eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçən sahibkardır. xx.xx.2020-ci il tarixli **********138441 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən xx xxx 2017-xx xxxx 2020 tarixləri əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuş, yoxlamanın keçirilməsi kiçik vergi xidməti müşaviri X5, dövlət vergi müfəttişi, 3-cü dərəcəli müfəttiş X4, 3-cü dərəcəli müfəttiş X2 tapşırılmışdır. Növbədən kənar vergi səyyar vergi yoxlaması KY201461902 yoxlama kodu ilə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 36.1-ci maddəsində qeyd olunur ki, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. xx xxxxxx 2015-ci il tarixdən qüvvədə minən Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin Qanunun 2-ci maddəsində qeyd olunur ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndində qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın yoxlaması qanunun tələbinə uyğun olmuşdur. Belə ki, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada sahibkarlıq sahəsində vergi yoxlaması aparmaq səlahiyyətinə malik olmuş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamanın həyata keçirilməsi üçün qərar qəbul etmiş, qeyd olunan yoxlamanı Reyestrdə qeydiyyata almışdır. Göründüyü kimi cavabdehin qərarı əsaslı və qanuni olmuşdur. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********138441 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın və onun hüquqi nəticələrinin ləğv olunması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar