Məhkəmə qərarları › İş №2-1(114)-1606/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1606/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1606/2020 12.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi, birdəfəlik ödənişin və kompensasiyanın verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, süpürgəçi təyin edilməsi barədə MKTİB ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi, 2020-ci ilin iyun ayı üçün 190 manat birdəfəlik ödənişin və dəymiş ziyana görə 500 manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun məlumatı olmadan onunla əmək müqaviləsi bağlanmış, bu səbəbdən birdəfəlik ödənişi ala bilməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının ərizədə araşdırılmasını tələb etdiyi əmək müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı mübahisələrə ümimi (rayon) məhkəmələr tərəfindən baxılmalı olduğundan iddiaçı hazırki mübahisə üzrə tələblə Gəncə İnzibati Məhkəməsinə deyil, cavabdehin hüquqi ünvanı üzrə ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Hazırki mübahisə üzrə tərəflər arasında olan münasibətlərin qeyd olunan hissəsi əmək hüquq münasibətləri ilə yaranan mübahisədir. Həmin münasibətlərin subyekti kimi işəgötürən və işçi çıxış edir. İşəgötürən üçün müəyyən üstün hüquqlar müəyyən edilməsinə baxmayaraq, bu tabeçilik inzibati əmək hüquq münasibətlərinin inzibati münasibətlər kimi qiymətləndirilməsinə əsas vermir. Tələbin birdəfəlik ödənişin və dəymiş ziyana görə 500 manat kompensasiyanın ödənilməsi hissəsi isə inzibati məhkəmə icraatının predmeti olsa da tələbin birinci (əmək müqaviləsinin etibarsız hesab edilməsi) hissəsindən asılı olduğundan, mərhələli qaydada, yəni hazırki mübahisənin birinci hissəsi ümumi (rayon) məhkəmədə araşdırılıb müvafiq müsbət qərar qəbul edildiyi halda baxıla bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi, birdəfəlik ödənişin və kompensasiyanın verilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilən tələblərə əməl etməklə yenidən İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar