Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1606/2025 17.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1964-cü ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Şindilər kəndində doğulmuş İddiaçı doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Şindilər kəndində doğulmuşdur. Gürcüstan SSR-nin Dmanisi rayonunun Şindilər kəndində doğulmuş anası X6 və atası X2 SSR-nin vətəndaşı olmuşlar. Anası 1984-cü ildə Gürcüstan SSR-də, atası isə 2007-ci ildə Bakı şəhərində ölmüşdür. O, 1971-ci ildə Dmanisi rayonunun Şindilər kənd orta məktəbində təhsil almış, 3-cü sinifi bitirmiş, ondan sonra təhsilini davam etdirməmişdir. 16 yaşı tamam olduqda Dmanisi rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən SSRİ pasportu ilə təmin edilmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Dmanisi Mənzil Tikinti Kombinatının Şindilər bölməsində fəhlə vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdə daimi yaşamaq məqsədi ilə ailə üzvlərilə birlikdə Azərbaycana gəlmiş, Şamaxı rayonu Kərkənc kəndində məskunlaşmıdırlar. Təxminən 2003-cü ildə Bakı şəhərində yaşayan qardaşı X11 yanına gəlmiş və 2007-ci ilin aprel ayına qədər onun evində yaşamışdır. Bakıda yaşadığı zaman sənədlərini naməlum şəraitdə itirmişdir. Bundan sonra o şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmək üçün heç bir aidiyyəti orqana müraciət etməmişdir. 2007-ci ilin aprel ayında Azərbaycan Respublikasının vətəndaşı X9 ilə nikaha daxil olduqdan sonra Samux rayonunun Ziyadlı kəndinə köçmüşdür. Həmin vaxtdan etibarən daimi olaraq Samux rayonunun Ziyadlı kəndində yaşayır. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün X9 ilə nikaha daxil ola bilməmişdir. xx.xx.2019-cu il tarixdə əri X17 rayonunun Ziyadlı kəndində vəfat etmişdir. 1991-ci ildən daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan Azərbaycan Respublikasında yaşayır. Hazırda Samux rayonu Ziyadlı kəndində yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda da olduğu yer üzrə qeydiyyata alınmışdır. SSRİ tərəfindən verilmiş pasportunu isə itirmişdir. Doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. BMT QAK-ın himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Hazırda onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin oluna bilmir. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhəddən keçməsinə əsas verən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir. O, hazırda Samux rayonu Ziyadlı kəndində yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Buna görə də o, xx.xx.2024-cü il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1964-cü ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Şindilər kənd nümayəndəliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini xahiş etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin rədd olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçıya hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaçının xx xxxxxx 1964-cü il tarixdə anadan olduğu və şəxsiyyət vəsiqəsinin olmadığı qeyd edilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsinin arayışının surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Parvana Aslanova (himayə sənədi № ***-*******36) Dövlət Miqrasiya Xidməti tərəfindən 28 iyun 2024-cü il tarixindən 30 iyun 2025-ci il tarixinədək ünvan 2i ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır; - iş materiallarına əlavə edilmiş İİ-РЭ № 172765 Nikah haqqında şəhadətnamənin tərcümə olunmaqla təsdiq olunmuş surətindən görünür ki, 1933-cü il təvəllüdlü X10 ilə 1932-ci il təvəllüdlü X7 14 dekabr 1961-ci il tarixində nikaha daxil olmuşlar; - iş materiallarına əlavə edilmiş AZ-İ № 260423 nömrəli, xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 Bakı şəhəri Xətai rayonunda xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. - iş materiallarına əlavə edilmiş İ-ТИ № 277580 nömrəli, xx.xx.1984-cü il tarixli ölüm Haqqında Şəhadətnamənin tərcümə olunmaqla təsdiq olunmuş surətindən görünür ki, X1 SSR-nin Dmanisi rayonunun Şindilər kəndində 09.10.984-cüi il tarixdə vəfat etmişdir. - iş materiallarına əlavə edilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyinin № ***-*******36 Himayə Sənədinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı BMT QAK-ın mandatı altında olan şəxsdir; Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Şindilər kəndində doğulmuşdur. Daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş, SSRİ pasportunu və doğum haqqında şəhadətnaməni itirmişdir. Hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin verdiyi Himayə Sənədinə əsasən vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-nın mandatı altında olan şəxsdir. Dövlət Miqrasiya Xidməti tərəfindən 28 iyun 2024cü il tarixindən 30 iyun 2025-ci il tarixinədək ünvan 2i ünvanı üzrə qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən Gürcüstan Respublikası vətəndaşının pasportunu ala bilmədiyindən doğum haqqında şəhadətnaməni əldə etmək zərurəti yaranmışdır. Bununla əlaqədar Cavabdehnə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının şəxsiyyət vəsiqəsini təqdim etmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 3.0.2-ci maddəsinə əsasən, vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir; 21.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir); 21.6-cı maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır; 74.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər; 74.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 4-cü maddəsinə əsasən razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, bu maddənin 1-ci bəndində göstərilən işlər üzrə hüquqi yardımı Razılığa gələn Tərəflərin digər müəssisələrinə də göstərirlər. Hüquqi yardım, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər müraciətlər əsasında həyata keçirilir. Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən, hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Konvensiyanın 6-cı maddəsinə görə, razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəlişəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə iddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. İddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. Məhkəmə bu halda hesab edir ki, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1964-cü ildə Gürcüstan SSR Dmanisi rayonunun Şindilər kənd nümayəndəliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx xxxxxx 1964-cü Gürcüstan SSR Dmanisi rayonunun Şindilər kənd nümayəndəliyi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1606/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1606/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver