Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-161/2023 30.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli əlillik təyin edilməməsi barədə qərarının ləğv edilməsinə və hərbi xidmət dövrü ilə əlaqədar ona ikinci dərəcəli əlilliyin bərpa edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının üzərinə müvafiq öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1999-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətə Daxili Qoşunların N saylı hərbi hissəsində başlamış, 2000-ci ildə zabitlərin ixtisasartırma kursunu bitirərək Daxili Qoşunların tərkibində zabit kimi xidmətimi davam etmişdir. X5 xx.xx.2008-ci il tarixli 6 saylı əmrinə əsasən, kapitan hərbi rütbəsində qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsindən xəstəliyə görə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Həmçinin həmin əmrin digər bəndinə əsasən 2008-ci ilin xidməti döyüş fəaliyyətinin yekunlarına görə birdəfəlik pul mükafatına 100 faiz layiq görülmüşdür. Xidməti dövründə qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatlarda birbaşa iştirak etmiş, nümunəvi xidmətə görə "Silahlı Qüvvələrin yaranmasının" 10 illiyi (1991-2001) yubiley medalı və "Qüsursuz Xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuş, bir çox fəxri fərman, tərifnamə və digər mükafatlara layiq görülmüşdür. Boks idman növü üzrə "İdman ustalığına namizəd" adına layiq görülmüşdür. 2007-ci ilin sonlarından etibarən səhhətində davamlı ağrılardan əziyyət çəkməyə başlamışdır. Xəstəliyi səbəbindən X4 (12576 nömrəli hərbi hissə) N dekabr 2007-ci ildən 01 fevral 2008-ci il tarixədək müayinə və müalicə kursu keçmiş, bu barədə 1648/07 nömrəli xəstəlik tarixindən çıxarış mövcuddur. Müayinə vaxtı "Davamlı ağrı sindromu, hissi və hərəkəti pozulmaları ilə müşayiət olunan, tez-tez residivləşən sağ tərəfli xroniki L4, S1, radikulo işemiya, sağ aşağı ətrafın funksiyalarının mühüm dərəcədə pozulması. ОА – miopiya zəif dərəcə" diaqnozu qoyulmuşdur. Daxili Qoşunların Hərbi Həkim Komissiyasının 04 fevral 2008-ci il tarixli, 17 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən xəstəliyi "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" kimi tanınaraq "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" barədə qərar qəbul edilmişdir. Xəstəlik səbəbi Hərbi Həkim Komissiyası tərəfindən qiymətləndirildikdən sonra cavabdeh Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2008-ci il tarixdən etibarən “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” səbəbi ilə ona ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə əlillik təyin olunduğu vaxtdan səkkiz il sonra 21 may 2016-cı il tarixdə müayinədən keçərək ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmaqla növbəti müayinə tarixi 08 may 2021-ci il tarixə təyin edilmişdir. Daimi həkim nəzarətində olmaqla müxtəlif vaxtlarda stasionar üzrə xəstəxanaya daxil olmuşdur. Ancaq Tibbi Sosial Ekspert Komissiyası ona əlillik dərəcəsi təyin etməkdən imtina etmişdir. İmtina səbəbi kimi diaqnozun əlillik əlaməti təyin etməməsi olunmuşdur. Bununla da cavabdeh tərəfindən onun hüquqları pozularaq əlilliyə görə əmək pensiyasından məhrum edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək dayandırıldığı tarixdən ona hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, X6 Məmmədov adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Sağ tərəfli L4-L5 işemik radikulopatiya. Davamlı kökcük ağrı sindromu, hissi və hərəki pozulmalar ilə müşayət olunan, tez-tez residivləşən sağ tərəfli xroniki L4- L5-S1 radikuloişemiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir. X6 Məmmədov adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xlll Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 – Digər-dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Davamlı ağrı sindromu, hissi və hərəki pozulmaları ilə müşayiət olunan, tez-tez residivləşən sağtərəfli xroniki L4, S1 radikuloişemiya. Sağ aşağı ətrafın funksiyalarının mühüm dərəcədə pozulması. OH-miopiya zəif dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir..” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AAMJ6 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 11 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Davamlı ağrı sindromu, hissi və hərəki pozulmaları ilə müşayiət olunan, tez-tez residivləşən sağtərəfli xroniki L4.S1 radikuloişemiya. Sağ aşağı ətrafın funksiyalarının mühüm dərəcədə pozulması. OH-miopiya zəif dərəcə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri beldə olan ağrılardan, sağ ayaqda hissiyatın olmamasından, sinədə, çiyinlərində ağrılardan ibarətdir. Müayinə zamanı atrofiya, parez qeyd edilmədi. Əzələ gücünü və tonusunu yoxlamaq mümkün olmadı. Bildirir ki, hava dəyişəndə pis olur, ağrıları artır. Əyani müayinənin aparılmasına mane olur, verilən tapşırıqları icra etmirdi, bildirirdi ki, bacarmır. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan “Davamlı ağrı sindromu, hissi və hərəki pozulmaları ilə müşayiət olunan, tez-tez residivləşən sağtərəfli xroniki L4, S1 radikuloişemiya. Sağ aşağı ətrafın funksiyalarının mühüm dərəcədə pozulması. OHmiopiya zəif dərəcə” xəstəliyin ağırlaşması əlillik səviyyəsində öz təsdiqini tapmır və əlillik təyininə əsas vermir. Nəticədə əlillik qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli, 80 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı X7 müavini-X5 xx.xx.2008-ci il tarixli, 6 nömrəli əmrinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarından görünür ki, İddiaçı müayinəsi zamanı “Davamlı ağrı sindromu, hissi və hərəki pozulmaları ilə müşayiət olunan, tez-tez residivləşən sağtərəfli xroniki L4,S1 radikuloişemiya. Sağ aşağı ətrafın funksiyalarının mühüm dərəcədə pozulması. OH-miopiya zəif dərəcə” xəstəliyin ağırlaşması əlillik səviyyəsində öz təsdiqini tapmadığından, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı “Davamlı ağrı sindromu, hissi və hərəki pozulmaları ilə müşayiət olunan, tez-tez residivləşən sağtərəfli xroniki L4L5S1 radikuloişemiya. Sağ aşağı ətrafın funksiyalarının pozulması” diaqnozuna əsasən xx.xx.2008-ci il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlillik, XBT üzrə kodlar və diaqnozun mətni baxımından eyni diaqnozla xx.xx.2016-cı il tarixdə 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müayinəsi nəticəsində ona “Davamlı ağrı sindromu, hissi və hərəki pozulmaları ilə müşayiət olunan, tez-tez residivləşən sağtərəfli xroniki L4, S1 radikuloişemiya. Sağ aşağı ətrafın funksiyalarının mühüm dərəcədə pozulması. OH-miopiya zəif dərəcə” diaqnozu qoyulsa da əlillik dərəcəsinin təyinindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, T 10/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Akademik Z.Məmmədov adma Gəncə şəhər xəstəxanasının xx.xx.2021 -ci il tarixli, 0495003AAMJ6 nömrəli göndərişində qeyd edilmiş diaqnozlar xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmiş və əlillik dərəcəsinin təyini ilə əlaqədar şəxsin TSEK-də müayinələri zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmiş və əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş diaqnoza əsasən xx.xx.2008-ci il tarixdən mütəmadi olaraq 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlillik, XBT üzrə kodlar və diaqnozun mətni baxımından eyni diaqnozla xx.xx.2016-cı il tarixdə 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmiş, əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidən baxılmış, lakin “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iddiaçıya 2008-ci ildən 2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Bundan əlavə məhkəmə işlə bağlı keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, T 10/2023 nömrəli ekspert rəyini sübut kimi qəbul etmir. Belə ki, həmin rəyin “məhkəmə tibbi müayinə” hissəsindən görünür ki, sözügedən ekspertiza TSEK-in ekspertləri ilə birgə keçirilmişdir. Yəni, iddiaçıya əlilliyin bərpa edilməsindən imtina etmiş orqanın əməkdaşları yenidən iddiaçının əlilliyinin qiymətləndirilməsi prosesinə cəlb edilmişdir ki, bu hal öz-özlüyündə ekspert rəyinin obyektivliyini şübhə altına almaq üçün danılmaz faktdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya əlilliyinin dayandırıldığı tarixdən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyinin dayandırıldığı tarixdən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-161/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-161/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver