Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1610/2020 16.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 dəyişdirilərək, X2 qeyd edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 dəyişdirilərək, X2 qeyd olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 tələbini müdafiə edərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddə). Məhkəmə araşdırmasının predmetini AZ-İ 987264 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, AZ-İİİ 586473 nömrəli doğum haqqında şəhadətnamə, AZE seriyalı 12042488 nömrəli şəxsiyyət vəsiqəsinin surəti və cavabdehin xx.xx.2020-ci il tarixli, 55 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçılar tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin faktiki hallarından görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2014-cü il tarixdə nikahlarını bağlamış, bu barədə Bakı şəhəri, Sabunçu rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1164 nömrə ilə qeydiy aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Sarıyev”, arvada “Bayramova” soyası verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə “X5” doğulmuş, bu barədə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 1425 nömrə ilə qeyd aparılmışdır. İddiaçılar sonra Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək X1 “Məhərrəmli” olaraq dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçılara ünvanladığı 55 nömrəli imtina rəyində uşağın soyadının dəyişdirilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3-cü maddəsinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalara görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir (6.1-ci bənd). Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir (6.2-ci bənd). Göründüyü kimi, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın soyadının yalnız digər valideynin soyadına uyğun dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur ki, bu da uşağın mənafeyi nəzərə alınmaqla yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının razılığı ilə mümkündür. İşin hallarından da görünür ki, iddiaçılar oğulları X1 öz soyadlarına uyğun deyil, İddiaçı1 atasının adına uyğun “Məhərrəmli” kimi dəyişdirilməsini arzu edirlər ki, bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir, tələbin hüquqi əsası mövcud deyildir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yenidən adının və soyadının dəyişdirilməsi qanunmüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 dəyişdirilərək, X2 qeyd edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1610/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1610/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver