Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1612/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı 17 avqust 2018-ci il tarixdə 084820 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmiş və bununla da o, qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. İddiaçı vəsiqənin verildiyi tarixdən əvvəlki illər üçün müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə qanunvericiliyə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirildiyinə istinadla iddiaçıya xx.xx.2015-ci il tarixdən əmək pensiyasının təyin edilərək ödənildiyini bildirərək 11 iyul 2024-cü il tarixli, 3-17-1/2-M-161439/2024 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə müraciət edərək, ona xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün ödənilən sosial müavinatın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-1994-cü illərdə İ Qarabağ müharibəsində iştirak etmişdir. Ona xx.xx.2018-ci ildə veteran vəsiqəsi verilmişdir. Bundan sonra o, həmin vaxtdan üç il əvvəlki dövr üçün ona müharibə veteranları üçün ödənilən sosial müavinatın hesablanıb ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin icrasından əsassız olaraq imtina etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 13 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən əmək pensiyasının təyin edilərək ödənildiyini əsas gətirərək əvvəlki dövrlər üzrə sosial müavinatın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarına iddiaçıya məxsus AZE seriyalı, ********* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya məxsus 084820 nömrəli Müharibə veteranı vəsiqəsi, cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş 11 iyul 2024-cü il tarixli, 3-17-1/2-M- 161439/2024 nömrəli məktub, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-248982/2024 nömrəli etiraz əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin hallarından müəyyən olunduğu İddiaçı xx.xx.2015-ci il tarixdən əmək pensiyası təyin edilərək ödənilir. Həmçinin, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməsi üçün müraciət etdiyindən onun müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət almaq hüququ yaranmır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir və təqaüdün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri, fəxri adlara görə aylıq təqaüdlər, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına və onların ailə üzvlərinə verilən Prezident təqaüdü, 20 Yanvar şəhidinin ailə üzvlərinə Prezident təqaüdü, şəhid ailə üzvlərinə Prezident təqaüdü, müharibə əlillərinə Prezident təqaüdü, 20 Yanvar əlillərinə Prezident təqaüdü, X3 əlillərinə Prezident təqaüdü kimi növləri vardır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının 1,2 və 5-ci hissələrinə əsasən:
1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X3 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüququ yarandığı zaman “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməsi qərara alınmışdır. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarının 1.1. maddəsində qeyd edilir ki, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra - təqaüd) və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. 1.3. maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. 1.4. maddəsinə əsasən birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Məhkəmə qeyd edir ki, Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Fərmanla təyin edilir və yuxarıda qeyd edilən Qaydalarda da aylıq müavinət (sosial müavinət), təqaüd və kompensasiya hər biri fərqləndirilməklə yalnız aylıq müavinətin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən əmək pensiyası alır. Məhkəmə qeyd etmək istəyir ki, qanunvericiliyin tələblərinə görə iddiaçının yalnız pensiya və ya sosial müavinat seçmək hüququ var və iddiaçı hazırda pensiya alır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının sosial müavinət almaq hüququnun olması istisna edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Emin Axundov