Məhkəmə qərarları › İş №2-1(114)-1613/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1613/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1613/2023 11.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı istifadə hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı ünvan 1 ünvanında yerləşən 0.30 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Şəmkir rayon XDS İcraiyyə Komitəsinin 29 noyabr 1990-cı il tarixli 25 saylı iclas protokollarına (1 nömrəli və 2 nömrəli) əsasən “Qaryağdı” kooperativinə “Energetik” kooperativin cənub hissəsindən 0.30 ha, şimal hisssəsindən 0.30 ha torpaq sahəsi ayrılmışdır.

2. Məhkəmənin sorğusu əsasında X9 filialında mühafizə olunan Şəmkir rayon XDS İcraiyyə Komitəsinin arxiv sənədlərindən çıxarış edilərək məhkəməyə göndərilmiş Şəmkir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 441 nömrəli qərarına əsasən rayonda təmir-tikinti və tikinti materialları ilə məşğul olan “Qaryağdı” kooperativinə “Energetik” kooperativin cənub hissəsindən istehsalat binası da daxil olmaqla şəhərdaxili boş örüş torpaq sahəsindən 0.30 ha torpaq ayrılması qərara alınmışdır.

3. 14.08.2010-cu il tarixdə “Qaryağdı” kooperativin sədri İddiaçı, YAP Şəmkir rayon təşkilatının məsul katibi X8, Şəmkir şəhər sakinləri X4, X5 və X1 iştirakı ilə tərtib edilmiş akta əsasən “Qaryağdı” kooperativi bir neçə il bundan əvvəl öz fəaliyyətini dayandırdığına görə həmin kooperativə məxsus olan, bu günədək İddiaçı öhdəsində qorunub saxlanan və onun şəxsi vəsaiti hesabına yaranan bina, qurğu, həyətyanı torpaq sahəsi və texniki istehsal vasitələri xx.xx.2010-cu il tarixdən sahibkar (VÖEN **********) İddiaçı verilmişdir.

4. Şəmkir şəhəri, Hafiz Babaşov küçəsi, 11 ünvanında yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2011-ci il tarixdə tərtib edilmiş texniki pasportda həmin daşınmaz əmlakın torpaq sahəsinin torpaq ayırma üzrə sənədləri üzrə 3000 kv.m olduğu qeyd edilmişdir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən “Qaryağdı” kooperativinin Şəmkir şəhəri, Hafiz Babaşov küçəsi, 11 ünvanında yerləşən 0.0252 ha torpaq sahəsi üzərində istifadə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 192.8 kv.m-dən ibarət qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, uçot məlumat bazasında “Qaryağdı” kooperativi hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmadığından hər hansı bir məlumatın verilməsi mümkün olmamışdır.

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-78/2- 38/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Qaryağdı” kooperativi barədə hüquqi şəxslərin dövlət reyestr qeydiyyatı bazasında Şəmkir rayon Statistika İdarəsində heç bir rəsmi məlumat yoxdur.

8. İddiaçı cavabdeh orqana müraciət edərək, “Qaryağdı” kooperativinə məxsus olmuş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli **********77-06301 reyestr nömrəli çıxarış əsasında hüquqi şəxs olan “Qaryağdı” kooperativinə məxsus Şəmkir şəhəri, Hafiz Babaşov küçəsi, 11 ünvanında yerləşən qeyri-yaşayış binasının və yerləşdiyi torpaq sahəsinin təsisçiləri İddiaçı və digərlərinin adına qeydiyyatın aparılması notarial əqd əsasında mümkündür. Lakin təqdim etdiyi sənədlər araşdırılarkən “Qaryağdı” kooperativinin ləğv olunduğu və üzərində hər hansı bir notarial əməliyyatın aparılmasının mümkün olmadığı məlum olmuşdur. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh orqana qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir şəhərinin qərb hissəsində Cəyir çayının sağ tərəfində slöy adlanan yerdən 0,30 ha torpaq sahəsinə istifadə hüququnun dövlət reyestr qeydiyyatına alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir şəhərinin qərb hissəsində 1988-ci ildən bəri Şəmkir Rayon XDS İK-nın qərarı ilə “Qaryağdı” kooperativi yaratmışdır. “Qaryağdı” kooperativinin fəaliyyət göstərilməsi üçün Şəmkir şəhərinin qərb hissəsində Cəyir çayının sağ tərəfində slöy adlanan yerdən kənd təsərrüfatına və başqa sahibkarlıq sahəsinə yararsız olan zibillik kimi istifadə olunan ərazidən Şəmkir Rayon XDS-nin 29 noyabr 1990-cı il 25 saylı qərarı ilə 0,30 ha torpaq sahəsi ayrılmışdır. Qeyd etdiyi torpaq sahəsinə görə istifadə hüququnun dövlət reyestr qeydiyatına alınmaqla çıxarışın verilməsi, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşımnaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Rayon Ərazi İdarəsinə müraciət etmişdir. Onun torpaq sahəsinə görə istifadə hüququnun dövlət reyestr qeydiyyatına alınmaqla çıxarışın verilməsi, müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Rayon Ərazi İdarəsi tərəfindən imtina edilmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı məhkəmə iclasında oğlu olan nümayəndəsi X6 ilə təmsil edilmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

21. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

22. İddiaçının nümayəndəsi X6 şifahi məhkəmə baxış iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, Şəmkir şəhəri, Hafiz Babaşov küçəsi, 11 ünvanında yerləşən 0.30 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə həmin tarixli qərardadla inzibati məhkəmə icraatına qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

24. Etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir rayon XDS İcraiyyə Komitəsinin 16 aprel 1988-ci il tarixli 6 saylı qərarı əsasında İddiaçı təsisçisi olduğu “Energetik” kooperativinə 0.15 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Şəmkir rayon XDS İcraiyyə Komitəsinin 29 noyabr 1990-cı il tarixli, 25 saylı qərarı əsasında “Qaryağdı” kooperativinə “Energetik” kooperativinin cənub hissəsindən 0.30 ha torpaq sahəsi, şimal hissəsindən də 0.30 ha torpaq sahəsi ayrılmışdır. “Qaryağdı” kooperativinin adına 01 iyul 2005-ci il tarixli K-7-995 reyestr nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı vətəndaş ərazi idarəsinə müraciət etmişdir. Vətəndaşa təsisçisi olduğu ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına dair “Qaryağdı” Kooperativinin adına torpağı dövlət istifadəsində olmaqla 25 yanvar 2017-ci il tarixli, **********77-06301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Vətəndaşa izah olunmuşdur ki, “Qaryağdı” kooperativinin adına olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlətə məxsus torpaq sahəsidir. Ona həmin torpağın özəlləşməsi ilə bağlı ƏMDK-nın 12 saylı Ərazi Şöbəsinə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçı israrla sözügedən qeyri-yaşayış binasının onun adına sənədləşməsini istəsə də ona bildirilmişdir ki, həmin əmlakın adına keçirilməsi notarial qaydada mümkündür. Eyni zamanda vətəndaş qeyri-yaşayış binasının onun mülkiyyətinə verilməsi ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin xx.xx.2018-ci il tarixli 2-1(83)-603/2018 saylı qərarla onun iddiası təmin edilməmişdir.

25. İddiaçının nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Şəmkir rayon XDS İcraiyyə Komitəsinin 29 noyabr 1990-cı il tarixli, 25 saylı qərarı əsasında “Qaryağdı” kooperativinə “Energetik” kooperativinin cənub hissəsindən 0.30 ha torpaq sahəsi, şimal hissəsindən də 0.30 ha torpaq sahəsi ayrılmışdır. Hazırda onlar “Energetik” kooperativinin cənub hissəsindən ayrılmış 0.30 ha torpaq sahəsinə dair istifadə hüququnun atasının adına qeydə alınmasını istəyirlər. Atası İddiaçı həmin kooperativin təsisçisi və rəhbəri olmuşdur. Kooperativ fəaliyyətsiz qaldığından ləğv olunmuş və bu barədə akt tərtib edilmişdir. Kooperativin ləğvi barədə kooperativ üzvlərinin yığıncağının qərarı mövcud deyildir. Kooperativin ləğvindən sonra onun əmlakına sahibliyi atası etmişdir. Kooperativə ayrılmış torpaq sahəsinə istifadə hüququna dair akt verilməmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir:

28. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********250100 nömrəli məktubu;

29. Şamxor (Şəmkir) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 25 nömrəli iclas protokollarından (1 nömrəli və 2 nömrəli) çıxarışların təsdiqli surəti;

30. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surəti;

31. 29.11.2011-ci il tarixli 504-1-5974 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surəti;

32. 14.08.2010-cu il tarixli aktın təsdiqli surəti;

33. 29.01.1990-cı il tarixli “Qaryağdı” kooperativinin nizamnaməsinin təsdiqli surəti;

34. Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-78/2-38/2023 nömrəli cavab məktubu;

35. 14 saylı Ərazi Vergilər İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubu;

36. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********31 nömrəli mtina məktubu. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

37. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

38. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Şəmkir rayon XDS İcraiyyə Komitəsinin 29 noyabr 1990-cı il tarixli 25 saylı iclas protokoluna əsasən “Qaryağdı” kooperativinə “Energetik” kooperativinin cənub hissəsindən 0.30 ha, şimal hissəsindən 0.30 ha torpaq sahəsi ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən “Qaryağdı” kooperativinin Şəmkir şəhəri, Hafiz Babaşov küçəsi, 11 ünvanında yerləşən 0.0252 ha torpaq sahəsi üzərində istifadə hüququ və 192.8 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

39. Hazırda İddiaçı "Qaryağdı" kooperativinin təsisçisi və rəhbəri olmasını əsas gətirərək həmin torpaq sahəsi üzərində onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasına dair 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən “Qaryağdı” kooperativinin adına olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus torpaq sahəsi olduğu, həmin torpağın özəlləşməsi ilə bağlı ƏMDK-nın 12 saylı Ərazi Şöbəsinə müraciət etməli olduğu, həmin əmlakın adına keçirilməsinin notarial qaydada mümkün olduğu bildirilməklə, müraciətinin təmin edilməsindən imtina edilmişdir.

40. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayır və aşağıdakıları qeyd edir.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

42. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına görə:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı;

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar.

43. Göründüyü kimi, əvvəla Şamxor Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə dövlət mülkiyyətində olan 0.30 ha torpaq sahəsi “Qaryağdı” kooperativinin istifadəsinə verilmişdir. Bu halda həmin torpaq sahəsinə dair hüquq kooperativin adına qeydə alına bilər.

44. Lakin bu zaman həmin torpaqayırma sənədinin Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsas olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Hazırkı halda isə nə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, nə də həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmamışdır.

45. Adıçəkilən Siyahıda şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktının və şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarın əsas olduğu qeyd edilmişdir ki, “Qaryağdı” kooperativinə ayrılmış torpaq sahəsinə istifadə hüququna dair aktı mövcud deyildir (verilməmişdir), habelə torpaq sahəsi ayılması barədə qərarın tarixi 1991ci il noyabrın 9-dan əvvələ təsadüf edir.

46. Digər tərəfdən, məhkəmənin sorğularına 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda uçot məlumat bazasında “Qaryağdı” Kooperativi hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmadığından hər hansı bir məlumatın verilməsi mümkün olmadığı, Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34- 78/2-38/2023 nömrəli cavab məktubunda “Qaryağdı” kooperativi barədə hüquqi şəxslərin dövlət reyestr qeydiyyatı bazasında Şəmkir rayon Statistika İdarəsində heç bir rəsmi məlumat olmadığı bildirilmişdir.

47. 14.08.2010-cu il tarixdə “Qaryağdı” kooperativin sədri İddiaçı, YAP Şəmkir rayon təşkilatının məsul katibi X8, Şəmkir şəhər sakinləri X4, X5 və X1 iştirakı ilə tərtib edilmiş aktdan isə görünür ki, “Qaryağdı” kooperativi bir neçə il bundan əvvəl öz fəaliyyətini dayandırdığına görə həmin kooperativə məxsus olan, bu günədək İddiaçı öhdəsində qorunub saxlanan və onun şəxsi vəsaiti hesabına yaranan bina, qurğu, həyətyanı torpaq sahəsi və texniki istehsal vasitələri xx.xx.2010-cu il tarixdən sahibkar (VÖEN **********) İddiaçı verilmişdir.

48. Göründüyü kimi, "Qaryağdı" adlı kooperativ artıq mövcud deyildir, lakin onun ləğv edilməsi ləğvindən sonra kooperativin əmlakının bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmişdir.

49. Belə ki, “Qaryağdı” kooperativinin iş materiallarında olan nizamnaməsindən görünür ki, o, xx.xx.1990-cı il tarixdə Şamxor rayon XDS İcraiyyə Komitəsində qeydə alınmışdır. X2 fəaliyyətinin dayandırılması adlı bölməsində təsbit olunmuşdur ki: - 38. Qanunvericilik, kooperativin nizamnaməsi pozulduqda, kooperativin üzvlərinin sayı 3 nəfərdən az olduqda, fəaliyyətinin öz xərcini ödəmə və özünü maliyyətləşdirmə prinsipləri əsasında həyata keçirmək mümkün olmadıqda, habelə kooperativin yaradıldığı idarəetmə orqanı, birlik, təşkilat ləğv olduqda, əgər nəzdində kooperativlərin fəaliyyət göstərəcəyi idarəetmə orqanı, birlik, təşkilat müəyyənləşməzsə, kooperativ ləğv edilir. - 39. Kooperativ onun üzvlərinin ümumi yığıncağının və ya Şamxor rayon XDS İK-nin qərarı ilə ləğv olunur. Kooperativin ləğv olunması haqqında qərar qəbul edən kooperativ üzvlərinin ümumi yığıncağı təsviyyə komissiyası təyin edir. Şamxor rayon XDS İK-nin qərarı ilə ləğv edildikdə isə təsviyyə komissiyası İk təərfindən təyin edilir. - 40. Ləğv edilmiş kooperativin borcları müəyyən olunmuş qaydada ödənildikdən sonra onun qalan vəsaiti ümumi yığıncağın müəyyən etdiyi kooperativ üzvləri arasında bölüşdürülür...

50. Ümumiyyətlə isə, iddiaçı “Qaryağdı” kooperativinə ayrılmış 0.30 ha torpaq sahəsi üzərində istifadə hüququnun həmin kooperativin adına deyil, onun təsisçisi və rəhbəri olmuş İddiaçı adına qeydə alınmasını tələb edir ki, qanunvericiliyin tələblərinə əsasən bu mümkün deyil.

51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.

52. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

54. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Şəmkir rayon XDS İcraiyyə Komitəsinin 29 noyabr 1990-cı il tarixli 25 saylı iclas protokollarında (1 nömrəli və 2 nömrəli) əsasən “Qaryağdı” kooperativinə “Energetik” kooperativin cənub hissəsindən 0.30 ha, şimal hisssəsindən 0.30 ha torpaq sahəsi ayrıldığı, yəni ayrılmış sahəsinin 0.60 ha olduğu görünsə də, məhkəmənin sorğusu əsasında X9 filialında mühafizə olunan Şəmkir rayon XDS İcraiyyə Komitəsinin arxiv sənədlərindən çıxarış edilərək məhkəməyə göndərilmiş Şəmkir rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 441 nömrəli qərarından müəyyən edilir ki, rayonda təmirtikinti və tikinti materialları ilə məşğul olan “Qaryağdı” kooperativinə “Energetik” kooperativin cənub hissəsindən istehsalat binası da daxil olmaqla şəhərdaxili boş örüş torpaq sahəsindən 0.30 ha torpaq ayrılması qərara alınmışdır. İddiaçının oğlu olan nümayəndəsi də məhkəmə iclası zamanı hazırda “Energetik” kooperativinin cənub hissəsindən ayrılmış 0.30 ha torpaq sahəsinə dair istifadə hüququnun atasının adına qeydə alınmasını istədiklərini bildirmişdir.

55. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

56. Beləliklə, məhkəmə hesab edir ki cavabdehin mübahisəli torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasından imtinası qanuni və əsaslı olduğundan iddia təmin edilməməlidir.

57. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar