Məhkəmə qərarları › İş №2-1(114)-1617/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1617/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1617/2020 28.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında,şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəməaşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü il ildə hərbi xidmətə yollanmışdır, xidmətini N saylı hərbi hissədə və bir sıra hərbi hissələrdə davam etdirmişdir. Xidməti dövründə qəlpə yarası alaraq yaralanmış və həmin yaralanma Azərbaycan Respublikasının müdafiəsi zamanı baş vermişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 11/4124 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletin 23-cü səhifəsində “Amnistiya haqqında” qərara əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti nəzərə alınmalı olmadığı qeyd edildiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/G-4539 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 9/2-4549 nömrəli məktubunda qeyd edilir ki, Ağstafa RHK-dan çağırılmış, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 17 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissəyə stasionar müalicəyə getdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 nömrəli əmrilə xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 207 nömrəli əmrilə xx.xx.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 744 nömrəli əmrilə Ağdam Qarnizonu Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddənin “d” bəndinə və 241-ci maddənin “v” bəndinə görə 5 il azadlıqdan məhrum edilərək, 42-ci maddə tətbiq edilməklə sonrakı hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, 4-cü motoatıcı taborun şəxsi heyətinin siyahsına və bütün növ hərbi təminatlara daxil edilərək, əsgəri vəzifənin icrasına başlamış, N nömrəli hissə komandirinin xx.xx.1997-ci il tarixli 39 nömrəli əmrilə xx.xx.1996-cı il tarixdə hərbi hissəni özbaşına tərk edib fərarilik etmiş, məzuniyyətə gedib qayıtmadığı üçün bütün növ təminatlardan çıxarılmaqla ilkin istintaq səndələri hazırlanaraq hərbi prokurorluğa verilmişdir. -İddiaçı məxsus xx.xx.1985-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin 22-ci səhifəsində “Amnistiya haqqında” qərara əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətinin nəzərə alınmadığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddiaçı xx.xx.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 207 nömrəli əmrilə qazan təminatından çıxarılmışdır, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 744 nömrəli əmrində onun Ağdam Qarnizonu Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddənin “d” bəndinə və 241-ci maddənin “v” bəndinə görə 5 il azadlıqdan məhrum edilərək, 42-ci maddə tətbiq edilməklə sonrakı hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat qeyd olunmuşdur. Bundan başqa iddiaçı xx.xx.1996-cı il tarixdə hərbi hissəni özbaşına tərk edib fərarilik etdiyinə görə N nömrəli hissə komandirinin xx.xx.1997-ci il tarixli 39 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılmış və onun barəsində ilkin istintaq səndələri hazırlanaraq hərbi prokurorluğa verilmişdir. Göründüyü kimi iddiaçı fərarilik etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində cinayət işi istintaq olunmuş, habelə “Amnistiya haqqında” qərara əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti nəzərə alınmamışdır. Qeyd olunan hallar isə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar