Məhkəmə qərarları › İş №2-1(114)-1618/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1618/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1618/2021 16.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Əsəd qızının cavabdeh Ağstafa bələdiyyəsinə (üçüncü şəxs Ağstafa Rayon İcra Hakimiyyəti) qarşı sahibkarlıq məqsədi üçün ayrılmış torpaq sahəsi sərhədlərinin müəyyən edilməsi və ona verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Əsəd qızı cavabdeh Ağstafa bələdiyyəsinə qarşı (üçüncü şəxs Ağstafa Rayon İcra Hakimiyyəti) cavabdehin 07 fevral 2006-cı il tarixli 05 saylı qərarı ilə ona bələdiyyənin ehtiyat fond torpaqlarından sahibkarlıq məqsədi üçün ayrılmış 100 kv.m torpaq sahəsi sərhədlərinin müəyyən edilməsi və ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa Bələdiyyəsinin 07 fevral 2006-cı il tarixli, 05 saylı qərarı ilə bələdiyyənin ehtiyat fond torpaqlarından sahibkarlıq məqsədi üçün 100 kv.m torpaq sahəsi ayrılmış, eyni tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. 23.02.2006-cı il tarixində Ağstafa rayon DT və XK-nin rəyi əsasında razılaşma olmuşdur. Hazırda həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkünsüzlük yaratmışdır. Belə ki, tərəfindən cavabdeh Ağstafa Bələdiyyəsinə müraciət olunmuş, verilən cavabda torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinin mümkünsüzlüyü bildirilmişdir. Bələdiyyənin bu hərəkəti (hərəkətsizliyi) onun hüquqlarını kobud şəkildə pozur və pozmaqda da davam edir. Gəncə İnzibati Məhkəməsinin 27.04.2021-ci il tarixli 2-1(114)-1059/2021 nömrəli qərardadı ilə iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən və iddia tələbinin yönəlməli olduğu inzibati orqana – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət olunmadığından iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinə aidiyyəti üzrə baxılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsində iddiaçının etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 26.05.2021ci il tarixli **********54 nömrəli imtina məktubunu məhkəməyə təqdim etmiş, Məhkəmənin 22.06.2021-ci il tarixli 2-1(104)-529/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 27.04.2021-ci il tarixli 2-1(114)-1059/2021 nömrəli qərardadı ləğv edilərək inzibati iş mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırkı iddia tələbi üzrə mübahisəli məsələnin hansı inzibati orqanın səlahiyyətinə aid olması ilə bağlı müvafiq normativ aktlara istinad edərək qeyd edir ki, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi hazırki cavabdeh Ağstafa bələdiyyəsinin deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin öhdəliyidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. - 1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. - 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 06.08.2021ci il tarixli sərəncam göndərilərək sahibkarlıq məqsədi üçün ayrılmış torpaq sahəsi sərhədlərinin müəyyən edilməsinə və iddiaçıya verilməsinə dair öhdəliyin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddia ərizəsinin təqdim olunması təklif edilmişdir. Məhkəmənin qeyd edilən sərəncamı 18.08.2021-ci il tarixdə iddiaçının ünvanı üzrə təqdim olunsa da, iddiaçı tərəfindən məhkəmənin sərəncamında qeyd edilən tələblərə riayət olunmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin tələblərinə əsasən hazırkı iş üzrə iddiaçıya sahibkarlıq məqsədi üçün ayrılmış 100 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Əsəd qızının cavabdeh Ağstafa bələdiyyəsinə (üçüncü şəxs Ağstafa Rayon İcra Hakimiyyəti) qarşı sahibkarlıq məqsədi üçün ayrılmış torpaq sahəsi sərhədlərinin müəyyən edilməsi və ona verilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar