Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1618/2022 06.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndələri X1, X5 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onunla bağlı qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 30 ş/h nömrəli əmrin ləğv edərək xidmətə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayınadək sərhəd qoşunlarında müddətli həqiqi hərbi xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək miçman vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək raket qurğuları üzrə zabit vəzifəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində Sahil Mühafizəsində xidmət etmiş, DSX Sahil Mühafizəsinin rəisinin xx.xx.2022-ci il tarixli, 30 ş/h nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmasına səbəb isə xx.xx.2022-ci il tarixində leytenant hərbi rütbəsi almaq üçün DSX-nın Hərbi Hospitalının laboratoriyasında alınmış sidik analizindən götürülmüş nümunədə "tiryək qrupuna aid olan alkoloid" aşkar olunması olmuşdur. Sonradan onun sidik nümunəsi Hərbi Hospital tərəfindən təkrar müayinə üçün AR Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmiş və orada da tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə qəbul etmiş olduğu "Kodelak" adlı dərman preparatının tərkibinin yoxlanılması üçün AR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza mərkəzində məhkəməkimyəvi ekspertiza təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 6/1258 nömrəli ekspert rəyində həqiqətən "Kodelak" dərman preparatının tərkibində sidik nümunəsində də müəyyən olunduğu kimi tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. O, xx.xx.2022-ci il tarixdən fevral ayının əvvəllərinə kimi öskürəyə görə əczaçının məsləhəti ilə "Kodelak" adlı dərman preparatını qəbul etməyə başlamış, buna görə də sidik nümunəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Analizin nəticəsindən narazı olduğu üçün xx.xx.2022-ci il tarixdə yenidən yoxlama üçün AR Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsində məcburi ambulator tibbi yoxlamaya göndərilmiş, hər hansı narkotik maddənin tərkib əlaməti aşkar olunmamış, lakin qəbul etmiş olduğu "Kodelak" dərman preparatının tərkibində isə tiryək qrupuna aid olan alkoloid olması faktı 15 mart 2022-ci il tarixli 1328 saylı rəydə də öz təsdiqini tapmışdır. Həmçinin bu əsaslar onun barəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 mart 2022-ci il tarixli, 00014 nömrəli qərarda da göstərilmişdir. Hesab edir ki, onun ehtiyata buraxılması haqqında əmr əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və o, hərbi xidmətə bərpa olunmalıdır. İddiaçı və vəkili Vəkil iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının orqanizmində narkotik maddə aşkar edildiyindən haqlı olaraq ehtiyata buraxılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş DSX Hərbi Hospitalının rəisinin 437 nömrəli, xx.xx.2022-ci il tarixli raportundan görünür ki, İddiaçı oğlnun sidik nümunəsində narkotik maddə aşkar olunmuşdur. -surəti işə əlavə edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” phş-in 386/K nömrəli Aktından görünür ki, sidik nümunəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. -surəti işə əlavə edilmiş ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1258 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Kodelak dərman preparatı qutusunun uçərisində 10 (on) ədəd 1 (bir) list "Kodelak" dərman həbləri…" yazı və imza olan zərfdə 1 ədəd üzərində "Коделак" yazılan qutunun içərisində 1 ədəd konvalyutda ümumi sayı 10 ədəd olan yaşılımtıl-qəhvəyi rəngli, dairəvi formalı həblərin tərkibində kodein vardır, lakin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr"-in (İl Siyahı) siyahısına əsasən, o mürəkkəb tərkibli dərman preparatının tərkibində nəzarətdə saxlanılmır (İl Siyahı 5-ci bənd). -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika X4 Hüquqi Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 1328 nömrəli rəyindən görünür ki, “Kodelak” dərman preparatının tərkibində olan kodein tiryək qrupuna aid olan alkoloidlərə aiddir və miçman İddiaçı sidik analizində aşkar edilmiş tiryək qrupuna aid olan kodein “kodelak” dərman preparatının təsirindən yarana bilməz. -DSX N nömrəli hərbi hissə komandirinin əmrindən xx.xx.2022-ci il tarixli, 066 nömrəli çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq Sahil Mühafizəsi 2-ci dərəcəli gəmilər dvizionu 2-c dərəcəli “Tufan” tipli 201 nömrəli gəminin raket-artilleriya döyüş hissəsinin raket qurğular üzrə zabiti gizir İddiaçı ehtiyata buraxılmaqla xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılması və 14.09.020-ci il tarixli bağlaşmasına xitam verilməsi qərara alınmış, əmrin verilməsinə əsas Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli 30 ş/h nömrəli əmri olmuşdur. -surəti işə əlavə edilmiş Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022ci il tarixli 30 ş/h nömrəli əmrindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa) əsasən ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə DSX Hospitalında müayinələrdən keçmiş, həmçinin sidik analizi vermiş, xx.xx.2022-ci il tarixdə onun analiz nümunələrində narkotik vasitə aşkar olunmuşdur. Bu barədə təyin olunmuş ekspertizaların da nəticəsi eyni olmuş, bu səbəbdən iddiaçı Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 30 ş/h nömrəli əmri əsasında ehtiyata buraxılmışdır. İddiaçı sözügedən əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.4-cü maddəsində qeyd olunmuşdur, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasının 1-ci bəndinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Qeyd olunur ki, iddianın əsasını Narkoloji Mərkəzi PHŞ-nın xx.xx.2022-ci il tarixli, 1328 nömrəli rəyində onun qəbul etmiş olduğu “Kodelak” dərman preparatının tərkibində tiryək qrupuna aid olan alkoloid olması və bu halın həm də DSX Sahil Mühafizəsinin rəisinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda öz əksini tapması təşkil edir. Lakin həmin rəy alındıqdan sonra sözügedən qərar qəbul edilmiş və təhqiqat materialları cavabdeh tərəfindən Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. Həmin orqanın qərarı ilə iddaçının analizində aşkar olunmuş kodeininin qeyd olunan dərman preparatından yaranması ilə bağlı əlavə məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi zərurəti yarandığından yeni ekspertiza təyin olunmuş və yenilənmiş rəydə İddiaçı sidik analizində aşkar edilmiş tiryək qrupuna aid olan kodeinin “kodelak” dərman pereparatının təsirindən yarana bilmədiyi göstərilmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının vəkili məhkəmə iclasında vəsatət təqdim edərək iddiaçıdan götürülmüş sidik nümunəsinin tərkibinin “Kodelak” dərman preparatı ilə birgə müayinə olunaraq tərkiblərinin eyniləşdirilməsi barədə ekspertiza təyin olunmasını xahiş etsə də, İddiaçı sidik analizində aşkar edilmiş tiryək qrupuna aid olan kodein “kodelak” dərman preparatının təsirindən yarana bilmədiyi iş materiallarında olan Səhiyyə Nazirliyinin Respublika X4 Hüquqi Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 1328 nömrəli rəyi öz təsdiqini tapmışdır. Bütün bunlar isə iddianın əsassız olduğunu deməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1618/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1618/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver