Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1619/2021 19.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 19 iyul 2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun 1996-2002-ci illərdə “Şəfa” X4 Cəmiyyətində elektrik qaynaqçısı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı gündən ona güzəştli şərtlərə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2-1(83)-1458/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh DSMF-nin Samux rayon şöbəsinin üzərinə İddiaçı 1996-2002-ci illərdə “Şəfa” X4 Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona 08.05.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2020-ci il tarixli 2- 1(104)-116/2020 nömrəli qərardadı ilə cavabdeh DSMF-nin Samux rayon şöbəsi əsl cavabdeh olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2020-ci il tarixli 2- 1(104)-116/2020 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2-1(83)-1458/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə İddiaçı 1996-2002-ci illərdə “Şəfa” X4 Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona 08.05.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.03.2021-ci il tarixli 2-1(102)- 218/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2020-ci il tarixli 2-1(104)- 116/2020 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyun 2021-ci il tarixli 2- 1(104)-475/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2-1(83)-1458/2019 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni nəzərdən keçirib hesab edir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1619/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1619/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver