Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-162/2021 11.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8rşı mənzilin özəlləşdirilməsi və xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12 (bundan sonra mətndə cavabdeh) xx.xx.2021-ci il tarixli, **********41 saylı məktubu ilə İddiaçı1 ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinin icrasından mənzil sahəsinin qanunvericiliyinin tələblərinə uyğun olaraq verilmiş orderin və ya mənzil kirayə müqaviləsinin müraciətə əlavə edilməməsinə görə imtina edilmişdir. İmtina ilə razılaşmayan İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın üzərinə ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alma öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının vəkili məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin İddiaçı1 adına özəlləşdirilməsi və xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ailəsi ilə birlikdə qanuni əsaslarla yaşadığı ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin mülkiyyət hüquq ilə onun adına dövlət qeydiyyatına almaqdan imtina etmiş və səbəb kimi həmin mənzilin orderinin saxlanılmamasını göstərmişdir. Cavabdehin həmin hərəkəti səhvdir, qanunun mahiyyətini düzgün əks etdirmir. Çünki, fakt budur ki, mənzilə sahiblik edən orada kirayə müqaviləsi əsasında daimi və qanuni yaşayırsa, mənzil yaşayışçı tərəfindən istənilən vaxt özəlləşdirilə bilər. Cavabdeh bundan imtina etdiyinə görə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. İddia ərizəsində qeyd olunan mənzil üzrəində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 təqdim ediləcəyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsinin təmin olunacağı barədə İddiaçı1 rəsmi məlumat verilmişdir. İddiaçının vəkili əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, özəlləşdirilməsi tələb olunan mənzilə dair verilmiş order cavabdehə təqdim edilməsə də, illərdir həmin mənzildə iddiaçı və onun ailə üzvləri yaşayır, faktiki olaraq sahiblik və istifadə edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək imtinanın əsaslarını müdafiə etmiş və tələbin təmin edilməməsini xahiş etmişdir. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş üzrə tərəflərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2020-ci il tarixli 565/4 nömrəli məktubu; - xx.xx.2020-ci il tarixli aktdan görünür ki, imza edənlər – X7, X13 və X1 Razim İslam oğlunun ünvan 1 ünvanında yerləşən 27 saylı mənzildə 1978-ci ildən bəri daimi yaşadığını və həmin ünvanda kirayəçi qismində qeydiyyatda olduğunu təsdiq etmişlər. - Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı mənzil istismar sahəsinin xx.xx.2020-ci il tarixli 555 nömrəli arayışından görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən 27 saylı mənzildə həyat yoldaşı X4, övladları X5 və X9 ilə birlikdə yaşayır. - Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli **********307 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin əsas kirayəşinidir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzildə X4 və X5 qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12 xx.xx.2021-ci il tarixli, **********41 saylı məktubundan görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinin icrasından mənzil sahəsinin qanunvericiliyinin tələblərinə uyğun olaraq verilmiş orderin və ya mənzil kirayə müqaviləsinin müraciətə əlavə edilməməsinə görə imtina edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçının istifadəsində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üzrə, yəni mahiyyəti baxımından mənzilin özəlləşdirilməsi üzrə yaranmış mübahisədir. Bu mabahisə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun əlaqəli müddəaları əsasında həll olunmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 8-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə digər sənədlərlə yanaşı mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamı əlavə etməlidir. Tərəflərin arasında da mübahisə bu normanın tətbiqi üzrə yaranmışdır. Yəni iddiaçı ərizəsinə mənzilə dair orderi əlavə etməmiş, inzibati orqan isə həmin sənədin təqdim olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mənzilə dair orderi tələb etməsi ilə bağlı hərəkəti, “İnzibati icraat haqqında” Qanunun yuxarıda göstərilən 24.1, 24.3 və 32.2-ci maddələrinin tələblərinə uyğundur. Hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciətlərin həlli zamanı qeydiyyat orqanı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsini yoxlamalıdır. Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, müraciətin təmin olunmasından imtina etmək inzibati orqanın hüququdur. Bununla yanaşı, iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində özəlləşmə üçün zəruri olan digər əsasları - mənzil sahəsinin kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamı da cavabdehə təqdim etməmişdir. Adı çəkilən qanunun 8-ci maddəsinə əsasən, mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Məhkəmənin mənzilə dair order barədə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialında mühafizə olunan Gəncə şəhər X10 İcraiyyə Komitəsi Mənzil Təmir İstismar tresti arxiv fondunun 1978-ci il üzrə 3 nömrəli təmir tikinti tresti tərəfindən verilmiş orderlər yoxlanılmış, İddiaçı1 adı aşkarlanmamışdır. Məhkəmə həmçinin iddiaçıya mənzil verilməsi barədə Gəncə şəhər X10 İcraiyyə Komitəsi tərəfindən order verilib-verilməməsini müəyyən etmək imkanlarını da yoxlamış, lakin müəyyən edilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyətinin Mənzillərin paylanması, uçotu, istismarı, təmiri idarəsinin (Gəncə şəhər X10 İcraiyyə Komitəsi Mənzil təsərrüfatı idarəsinin) arxiv fondunun 1971-1994-cü illər üzrə olan orderlər arasında ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə aid order aşkar edilməmişdir (Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2020-ci il tarixli 1068/4 nömrəli məktubu). Bundan başqa, Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 03/862 nömrəli məktubundan görünür ki, İddiaçı1 adına olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə dair Gəncə Şəhər İcra Hakimiyyətində hüquqverici sənədlər (order, sərəncam) mövcud deyildir. Göründüyü kimi, iddiaçı mənzilin özəlləşdirilməsi üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində tələb olunan mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamı təqdim etməmişdir və inzibati orqanın imtinası qanuni olmuşdur. Belə olan halda məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8rşı ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin adına özəlləşdirilməsi və xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməsin. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-162/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-162/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver