Məhkəmə qərarları › İş №2-1(114)-162/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-162/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-162/2024 10.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbi üzrə işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona 2-ci qrup əlil kimi təyin edilmiş əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2000-ci illərin əvvəllərindən etibarən iddiaçıda revmatizma xəstəliyi tapılmış, daha sonralar ağırlaşaraq əlil olmağına səbəb olmuşdur. 2014-cü ildə ümumi xəstəlik səbəbi ilə ona müddətsiz İl qrup əlillik təyin edilmişdir. Məhz həmin xəstəliyin ağırlaşdırıcı halı kimi Bexterev xəstəliyinə tutulmuşdur. Bexterev xəstəliyi çox ağır xroniki irəliləyən, birləşdirici toxumanın sistem xəstəliyidir. Bexterev xəstəliyi zamanı onurğanın fəqərələr arasında olan oynaqları iltihablaşır və nəticədə fəqərələr biribiri ilə bitişir. Bu da öz növbəsində onurğanın hərəkətliliyini xeyli azaldır. Ağır formalarda onurğa praktik olaraq hərəkətsiz olur və xəstənin əlilliyinə səbəb olur. Xəstəlik zamanı əsasən oma-büzdüm, fəqərəarası oynaqlar zədələnir. Bəzi xəstələrdə ətraf oynaqlar və daxili orqanlar da prosesə qoşulur. Hal-hazırda həmin xəstəliyin nəticəsi olaraq hətda iddiaçının gözlərində də zəiflik yaranmış və ümumiyyətlə hərəkət etməyi çətinləşmişdir. Cavabdeh inzibati orqan əsassız olaraq, ona təyin edilmiş müddətsiz İİ qrup əlilliyinin yoxlanmasının nəticəsi kimi dayandırmışdır. Belə ki, cavabdeh inzibati orqan Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş abmbulator müayinələrin nəticələrinə baxmadan bu qənatə gəlmişdir. İddiaçı həmin xəstəxanada yatıb, müayinə olunmuş və nəticəsi açıqaşkar həmin müayinə kazığında göstərilmişdir. Ağdam rayon Mərkəzi Xəstəxanasının 08 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, həmin xəstəxanada dispanser qeydiyyatındadır. Bütün bunlara baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verməsi onun konstitusion hüquqlarımın pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2023-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı və vəkili X7 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh nümayəndəsi X8 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2004cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: ümumi xəstəlik , X2: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 - İltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d… Diaqnozun mətni: revmotoid poliartrit tez tez residiv verən gedişlə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: revmotoid poliartrit tez tez residiv verən gedişlə bağlı 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: ümumi xəstəlik , X2: Xİİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d… Diaqnozun mətni: revmotoid poliartrit tez tez residiv verən gedişlə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: revmotoid poliartrit tez tez residiv verən gedişlə bağlı müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: ümumi xəstəlik , X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d… Diaqnozun mətni: revmotoid poliartrit tez tez residiv verən gedişlə; İmtina: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya barədə qərar verilib səbəbi ilə imtina verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinələri ilə bağlı alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı «revmotoid poliartrit tez-tez residiv verən gedişlə» diaqnozu ilə xx.xx.2004-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik, eyni diaqnozla xx.xx.2014-cü il tarixdə müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş TSEK müayinələri ilə bağlı alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “revmotoid poliartrit tez-tez residiv verən gedişlə” diaqnozu qoyulmuş, həmin göndərişdən “tam reabilitasiya olması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 14 nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli- xəbərnaməli məktub göndərilmişdir. Keçirilmiş əyani müayinənin nəticəsində Tibbi-sosial ekspert komissiyası tərəfindən 3 nəfər barəsində "Tam reabilitasiya olunması", 1 nəfər barəsində "Müalicənin davam etdirilməsi", digər 10 nəfərin isə mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən qüvvədə olan əlillik təyinatı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin T 613/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi xx.xx.2023-ci il tarixli göndərişdə qeyd edilmiş "Revmatoid poliartrit tez-tez residiv verən gedişlə" diaqnoz onun hazırki real xəstəlik vəziyyətini əks etdirmir, belə ki, xəstəlik tam reablitasiya olunmuşdur. Qeyd edilən nəticə şəxsin adına açılmış 3036 saylı ambulator xəstənin tibbi vərəqəsində mütəxəssislərin (kardioloq və revmatoloqun) müayinələrinin nəticələri ilə təsdiq olunur. (Kardioloq: xəstədə kardioloji patologiya aşkarlanmadı; revmatoloq sözügedən xəstəliklə əlaqədar hər hansı qeydiyyatı yoxdur). Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə, eyni zamanda 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, «revmotoid poliartrit tez-tez residiv verən gedişlə» diaqnozu ilə xx.xx.2004-cü il tarixdə 1 il müddətinə 2-ci dərəcə əlillik, eyni diaqnozla xx.xx.2014-cü il tarixdə müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra, əlilliyi olan şəxslərin təhlili aparılan zaman müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmış və keçirilmiş əyani müayinənin nəticəsində Tibbi-sosial ekspert komissiyası tərəfindən iddiaçı barəsində "Tam reabilitasiya olunması" barədə xx.xx.2023cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə sözügedən qərarın ona aid hissədə qismən ləğv edilməsi və ona əlillik təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iddiaçıya qoyulmuş diaqnozun onun orqanizmində baş verən pataloji duruma uyğun düzgün müəyyən edilib-edilməməsi, eləcə də ona qoyulmuş diaqnoz üzrə tam reabilitasiya olunub-olunmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya qoyulmuş "Revmatoid poliartrit teztez residiv verən gedişlə" diaqnoz onun hazırki real xəstəlik vəziyyətini əks etdirmir, belə ki, xəstəlik tam reablitasiya olunmuşdur. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarın ona aid hissədə ləğvi, eləcə də ona əliliyin təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar