Məhkəmə qərarları › İş №2-1(114)-1620/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1620/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1620/2022 22.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi iddia tələbi üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hərbi hissə komandirinin onun barəsində olan xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü ildə anadan olmuşdur. 2009-cu ildən 2012-ci ilə kimi hərbi hissədə truba aləti üzrə təlimatçı kimi xidmət etmişdir. Həqiqi hərbi xidməti başa vurduqdan sonra xx.xx.2014-cü il tarixdə müddətdən artıq hərbi xidmət hərbi xidmət hərbi qulluqçusu kimi N saylı hərbi hissəyə baş musiqiçi, solist köməkçisi kimi xidmətə qəbul edilmişdir. Xidmət etdiyi zaman heç bir qüsuru olmamışdır. Mübahisələndirdiyi əmrin onun barəsində verilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, o heç bir zaman öz xidmətinə xələl gətirəcək hərəkət etməmişdir. Sadəcə olaraq atasının səhhətində yaranmış ciddi problemlə əlaqədar üzərində mobil telefon gəzdirmişdir ki, hər hansı problem olduğu təqdirdə bundan xəbərdar olsun. Nəticədə yoxlama aparılan zaman onda telefon aşkarlanmışdır. Ailənin yeganə övladıdır və iki azyaşlı övladı var. İşləməyə ehtiyacı vardır. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirmə və məcburetmə haqqında idia növünün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi şərtlər: iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) nəzərdə tutulmuşdur və iddia müddətinə riayət edilmədiyi bütün hallarda müdətin bərpa olunubolunmaması məsələsi ortaya çıxır. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzürlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosesual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə mane olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessul müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına maneə mövcud olmamışdır. Habelə, mübahisələndirilən əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması və ya elan olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmasa belə, iddiaçıya məxsus SX ******* nömrəli hərbi biletdə mübahisələndirilən əmrin 09 mart 2020-ci il tarixdə qeydə alındığı xüsusi qeyd olunmuşdur. İddiaçı özü də ərizədə əmrin ona məlum olduğunu, lakin ailə problemləri səbəbi ilə məhkəməyə müraciət edə bilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Göründüyü kimi, qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli əmrini xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi Maddə 24.1. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Sözügedən qərar iddiaçıya xx.xx.2020-ci il tarixdən məlum olduğundan və mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, ... qaldırıla bildiyindən, habelə İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinin tələbinə görə, müddətin buraxılmasından 1 il keçdikdən sonra müddətin bərpasına dair ərizənin verilməsinin qeyri-mümkünlüyü ərizənin mümkün olmaması nəticəsinə gəlməyə əsas verir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar