Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1622/2022 14.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili, eyni zamanda İddiaçı2 vəkili Vəkil, üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxslər X1 və X2 nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar Hissəsinə qarşı “ünvan 1 ünvanda yerləşən 32 saylı xüsusi təyinatlı mənzilə dair kirayə müqavilə bağlanması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və Gəncə rayon Mənzil-İstismar Hissəsinin balansındadır. Həmin mənzil xx.xx.1993-cü il tarixli, 127 nömrəli orderlə X9 və onun ailə üzvləri həyat yoldaşı X10, X11, X3 istifadəsinə verilmişdir. Lakin, həmin mənzil Kəlbəcər rayon məcburi köçkün X13 tərəfindən zəbt edilmişdir. 2016-cı ildən sonra Kəlbəcər rayon məcburi köçkün X14 həmin ünvandan qeydiyyatdan çıxaraq başqa mənzilə köçmüşdür. Hazırda ünvan 2 ünvanda iddiaçılar İddiaçı2 və İddiaçı1 yaşayır. Mənzil komissiyasının iclasının protokolundan çıxarışdan görünür ki, 12 saylı, xx.xx.2014-cü il tarixli protokola əsasən N nömrəli hərbi hissəsində A/O qulluqçusu İddiaçı2 Gəncə şəhəri, 84 saylı hərbi şəhərciyin evlər idarəsinin balansından yaşayış sahəsi ayrılmışdır. İddiaçı2, İddiaçı1 və X7 şəhəri, 84 saylı hərbi şəhərcik, bina 3, mənzil 32 ünvanda yaşayırlar, bu barədə 5 nömrəli Əlavə - “Yaşayış şəraitinin yoxlanması haqqında” arayış tərtib edilmişdir. Mənzil bölgüsü komissiyasının sədri Məzahir Şahverdiyev və N nömrəli hərbi hissənin komandiri Fərid Ömərov tərəfindən imzalanmış “516 saylı hərbi hissənin mənzil bölmə siyahısından Çıxarış” razılaşdırılması üçün Gəncə rayon Mənzil İstismar Hissəsinin rəisinə, daha sonra təsdiq edilməsi üçün isə N nömrəli hərbi hissə komandirinə təqdim edilsə də, həmin çıxarış razılaşdırılmamış və təsdiq edilməmişdir. X10 “İddiaçı2 ailə üzvləri ilə birgə qanunsuz zəbt etdikləri mənzildən çıxarılması” tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2004/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsi İddiaçı2 və İddiaçı1 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılmasına dair” iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı1 “kirayə müqaviləsinin bağlanması” barədə Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə müraciəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, o, həyat yoldaşı İddiaçı2 ilə birlikdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli Qərarının tələblərini pozaraq, balans saxlayıcı olan Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə heç bir məlumat vermədən ünvan 2 ünvanında yerləşən mənzilə daxil olub, bu günə kimi yaşayış sahəsi və kommunal xərclərə görə heç bir ödəniş etmədən uzun müddət xüsusi təyinatlı mənzildən istifadə edilmişdir. Bildirilmişdir ki, Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən həmin mənzil 1993-cü ildə 127 nömrəli xidməti orderə əsasən ailə üzvləri ilə birlikdə hərbi qulluqçu olmuş X4 istifadəsinə verilmişdir. Mübahisəli halların həlli ilə əlaqədar tərəflərindən qanunla müəyyən olunmuş qaydada mənzilin boşaldılması tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət olunmuş və işin baxılması davam edir. Odur ki, müraciətlə bağlı hər hansı bir müsbət cavabın verilməsi səlahiyyəti xaricindədir. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar Hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1, 32 saylı xüsusi təyinatlı mənzilə dair kirayə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçılar tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1, 32 saylı xüsusi təyinatlı mənzilə dair kirayə müqavilə bağlanması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin balansında olan ünvan 1, 32 saylı xüsusi təyinatlı mənzil Mənzil komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçılara ayrılmışdır. Həmin vaxtdan hazırkı vaxtadək daimi olaraq cavabdeh orqan və ya başqa fiziki və hüquqi şəxs tərəfindən hər hansı etirazla qarşılanmadan yaşayırlar. Mənzilin təmiri üçün xeyli miqdarda xərc çəkilmişdir. Onlar dəfələrlə cavabdehə kirayə müqaviləsinin bağlanması ilə bağlı müraciət etsələr də, cavabdeh orqan nədənsə müqavilə bağlamamışdır. Lakin həmin mənzildə yaşamalarına hər hansı etiraz bildirməmiş, mənzillə bağlı hər hansı iddiaları olmamışdır. İddiaçılar bütün kommunal xərcləri ödəmişlər. 2019-cu ildə mənzilin əvvəllər müvəqqəti istifadəçisi olmuş X10 adlı şəxs məhkəməyə həmin mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2004/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X1 və onun ailə üzvlərinin hazırda həmin mənzil üzərində heç bir hüququ yoxdur. Lakin bundan sonra cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda yenə X5 həmin mənzilə yerləşdirmək məqsədilə iddiaçılardan həmin mənzilin boşaldılmasını tələb edir. Belə vəziyyətdə cavabdehin nə üçün onlarla bu qədər müddət ərzində kirayə müqaviləsi bağlamaqdan imtina etməsi başa düşülür. Cavabdeh rəsmi müraciətə 454 saylı məktub ilə cavab verərək kirayə müqaviləsi bağlamaqdan yenə əsassız olaraq mənzilə Simuzər Quliyeva və onun ailə üzvlərinin hüququ olmasını əsas gətirərək ərizənin təmin olunmasından imtina edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, 775 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Gəncə şəhəri 84 nömrəli hərbi şəhərcikdə yerləşən bina və mənzillərin balans saxlayıcısı Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsidir və mənzillərin qanunla müəyyən olunmuş qaydada paylanılmasına, qorunub saxlanılmasına cavabdehdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli, 2 nömrəli Qərarının tələblərinə əsaslanaraq xx.xx.1993-cü il tarixdə vətəndaş X9 və mərhumun həyat yoldaşı X10 127 nömrəli orderdə adları göstərilən 3 (üç) nəfər ailə üzləri ilə birlikdə ünvan 6 xüsusi təyinatlı mənzillə təmin olunmuşdur. Sonradan adı göstərilən ailənin mənzillərində olmamalarından istifadə edib, 1993-cü ilin oktyabr ayında ünvan 6 ünvanına Kəlbəcər məcburi köçkünü vətəndaş X13 ailə üzvləri ilə birlikdə qapını qıraraq mənzilə daxil olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş, Məcburi köckünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydaların 4-cü maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994 cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədi ilə həmin evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmış, adı çəkilən şəxslər tərəfindən istifadə olunurdu. Sonradan Kəlbəcər məcburi köçkünü vətəndaş X13 ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu ilin fərmanına əsasən 2016-cı ildə Göy-Göl rayonunda yaşayış sahəsi ilə təmin olunub, qeydiyyata alınana qədər göstərilən xüsusi təyinatlı mənzildən istifadə etmişdir. Mənzildən çıxdıqdan sonra məcburi köçkün H.K. Həsənov xüsusi təyinatlı mənzili balans saxlayıcısı olan Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verməmiş, hər-hansı bir şəxsi maraqla mənzili orada yaşamağa heç bir hüququ olmayan vətəndaş İddiaçı2 və ailə üzvlərinə vermişdir. Sonuncular mənzilə daxil olub və bu günə kimi həmin mənzildən istifadə edirlər. İddia ərizəsində göstərildiyi kimi, N nömrəli hərbi hissənin N yanvar 2014-cü il tarixli protokol və cədvəl tərtib olunmuşdur. Orada Gəncə rayon Mənzil-İstismar hissəsinin nümayəndəsinin iştrakını göstərsə də, həmin vəzifəli şəxsin kimliyi və imzası sənəddə öz əksini tapmamışdır. Bundan başqa qediyyat kitablarında bu haqda hər-hansı bir məlumatın olubolmaması barədə məlumat yoxdur, hərbi qulluqçu(mülki işçi)nin mənzilə ehtiyacı olması barədə, xüsusi təyinatlı mənzildən istifadə hüququ verən müvafiq sənədlər Qarnizon rəhbərliyinə və Qarnizon Mənzil komissiyasına təqdim olunmayıb, protokol tərtib edilərkən Gəncə rayon Mənzil-İstismar hissəsindən hansı mənzildən istifadə olunması barədə məlumat müəyənləşdirilməyib, hərbçilərin növbətçilik qrafiki nəzərə alınmamış və balans saxlayıcısı olan Gəncə rayon Mənzil-İstismar hissəsinə hərbi hissənin mənzil komissiyasının iclası barədə heç bir məlumat verilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Qanunvericliyində nəzərdə tutulmuş və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli Qərarında öz əksini tapmış tələblər kobud şəkildə pozulmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, rayon məhkəməsində mənzildən əsassız istifadə olunması və mənzilin boşaldılması tələbi baxılır və baxış zamanı vətəndaş İddiaçı2 və X8 "ünvan 6 xüsusi təyinatlı mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). X1 nümayəndəsi X12 ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10, X12 və X11 iştirakı zəruri olan üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxslər X10 və X2 nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin mənzil atası X6 verilmişdir. Sonradan atasının sağlığında səhhətində yaranmış problemlərlə bağlı xəstəxanada olmasından istifadə edərək məcburi köçkün qapını sındırıb həmin ünvana köçmüşdür. Məcbur köçkün statusunda olduğu üçün onu mənzildən çıxartmamışlar. Lakin sonradan həmin şəxs evi başqa adama – hazırkı iddiaçılara satmışdır. İndi tələbləri odur ki, evləri özlərinə qaytarılsın. Məhkəmə araşdırmasının predmetini Mənzil komissiyasının iclasının protokolundan çıxarışın surəti, 5 nömrəli Əlavə - “Yaşayış şəraitinin yoxlanması haqqında” arayışın surəti, “516 saylı hərbi hissənin mənzil bölmə siyahısından Çıxarış”ın surəti, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2004/2019 nömrəli qətnaməsinin surəti, xx.xx.1993-cü il tarixli, 127 nömrəli orderin surəti, cavabdehin imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Verilmiş iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddiadır. Həmin iddia mümkün iddiadır. Yəni iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edənədək inzibati aktın qəbul edilməsi üçün inzibati orqana müraciət etmiş, inzibati orqan bundan imtina etmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsində deyilir ki, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (İPM-nin 73.1-ci maddəsi). İşin hallarından göründüyü kimi, iddianın düzgün həlli üçün inzibati orqanın, balanssaxlayıcısı cavabdeh olan daşınmaz əmlakın iddiaçı istifadəyə verilməsi, kirayə müqaviləsinin bağlanması üzrə hərəkətlərinin qanunauyğunluğu araşdırılmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 99.1 və 99.2-ci maddələrinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 99.5-ci maddəsində qeyd olunmuşdur ki, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 64.2.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini kirayəyə verənin digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini kirayəçiyə vermək vəzifəsi vardır. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə xüsusi təyinatlı yaşayış sahəsi də kirayəyə verilərkən həmin yaşayış sahəsi digər şəxslərin hüquqlarından azad olmalıdır. Hazırkı işin müəyyən edilən halından isə görünür ki, mübahisəli xidməti mənzil xx.xx.1993cü il tarixdə 127 nömrəli orderlə üçüncü şəxslərin istifadəsinə verilmişdir. Hazırda həmin order ləğv edilməmiş və qüvvədədir. Belə olan halda, cavabdeh orqanın mübahisəli mənzilə dair iddiaçılarla kirayə müqaviləsinin bağlanması haqqında qərar qəbul etməkdən imtinası əsaslıdır. Digər tərəfdən, məhkəmə iddiaçıların təqdim etdiyi sənədlərə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”yə 13 nömrəli Əlavə - Mənzil Komissiyaları haqqında təlimatın 4-cü bəndinə əsasən Qarnizon mənzil komissiyası tərəfindən hazırlanmış Qarnizonun hərbi hissələri arasında yaşayış sahəsinin bölüşdürülməsi planı Mənzil-İstismar hissəsinin (Bakı qarnizonu üzrə isə Mənzil-İstismar şöbəsi) rəisi ilə razılaşdırıldıqdan sonra Qarnizon rəisi tərəfindən təsdiq edilir. Həmin Təlimatın 6-cı bəndinə əsasən hərbi hissənin mənzil komissiyasının vəzifələrinə yaşayış sahəsini almaq üçün təminata qoyulmuş (yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan) şəxslərin uçotunun aparılması(6.1), yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahılarına baxılması və onların yaşayış şəraitinin yoxlanılması (6.2), hərbi hissənin hərbi qulluqçuları arasında yaşayış sahəsinin bölüşdürülməsi üzrə təkliflərin hazırlanması (6.3), mənzil məsələləri barədə ərizə, sikayət və məktublara ba xılması və onlar barəsində hərbi hissə komandirinin qərar verməsi üçün təkliflərin hazırlanması (6.4), mənzil komissiyasının sədri tərəfindən mənzil məsələləri üzrə müraciət edənlərin qəbulu (6.5), başqa qarnizona xidmətini (işini) davam etdirmək üçün getmiş və ya yeni yaşayış sahəsi ilə təmin olunmuş hərbi hissənin (idarə, müəssisə, təşkilatın) hərbi qulluqçuları (mülki işçiləri) tərəfindən boşaldılmış yaşayış sahəsinin vaxtında və düzgün istifadə olunmasına nəzarətin həyata keçirilməsi (6.6), hərbi hissənin yaşayış fondundan istifadə olunması barədə təkliflərə baxılması üçün hərbi hissə komandirinə təqdim edilməsi (6.7), dövlət və bələdiyyə mənzil fondlarından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ayrılmış yaşayış sahələrinin düzgün istifadəsinə nəzarət edilməsi (6.8). Qeyd olunan Əsasnaməyə 14 nömrəli əlavədən görünür ki, hərbi hissənin mənzil komissiyasının protokolu müvafiq hərbi hissə komandiri tərəfindən təsdiq edilməlidir. Beləliklə, qeyd olunan normativ sənədə əsasən, əvvəl hərbi hissələr arasında yaşayış sahəsinin bölüşdürülməsi planı Qarnizon mənzil komissiyası tərəfindən hazırlanır, həmin plan Mənzil-İstismar hissəsi ilə razılaşdırıldıqdan sonra Qarnizon rəisi tərəfindən təsdiq edilir. Daha sonra ehtiyacı olan şəxsə yaşayış sahəsinin ayrılması ilə bağlı müraciətə hərbi hissənin mənzil komissiyasının iclasında baxılaraq səs çoxluğu ilə qərar qəbul olunur və həmin qərar hərbi hissə komandiri tərəfindən təsdiq edilməlidir. İddiaçı tərəfin təqdim etdiyi “Mənzil komissiyasının iclasının protokoldan çıxarış”ın tarix və nömrəsi qeyd edilməmiş, həmin protokolda İddiaçı2 84 saylı hərbi şəhərciyin evlər idarəsinin balansından sahəsi 28 kv.m sahəsi olan yaşayış sahəsinin ayrılması qərara alınsa da, həmin protokol-qərarda ünvan tam göstərilməmiş, protokol-qərar hərbi hissə komandiri tərəfindən təsdiq edilməmişdir. Həmçinin, İddiaçı2 adı qeyd olunan “516 saylı hərbi hissənin mənzil bölmə siyahısından Çıxarış” isə Gəncə rayon Mənzil İstismar Hissəsinin rəisi tərəfindən razılaşdırılmamış, N nöməli hərbi hissə komandiri tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən də, həmin sənədlər hüquqi qüvvəyə malik deyildir. Beləliklə, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar Hissəsinə qarşı “ünvan 1 ünvanda yerləşən 32 saylı xüsusi təyinatlı mənzilə dair kirayə müqavilə bağlanması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1622/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1622/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver