Məhkəmə qərarları › İş №2-1(114)-1622/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1622/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1622/2025 08.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Bərdə şəhəri, N.Nərimanov küçəsində aptek binasının yerində tikdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixli, 4Ə-188 saylı alqı-satqı müqaviləsinə əsasən Bərdə şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 98 kv.m. olan aptek binasını 28.800.000 manata almışdır. Həmin aptek binasının yerləşdiyi torpaq sahəsi Bərdə rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli, 9 saylı qərarı ilə yeni aptek binasının tikilməsi üçün ayrılmış 0,5 ha torpaq sahəsidir. Aptek binası 53 saylı inventar nömrəsi ilə qeydə alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005ci il tarixli, 3/128 saylı məktubu ilə aptek binasının qəzalı vəziyyətdə olması müəyyən edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli aktdan aydın olur ki, aptek binası qəzalı olduğu üçün sökülməsi məqsədəmüvafiqdir. Bərdə rayon İcra Hakimiyyəti Tikinti və Arxitektura şöbəsinin razılığı ilə tikəcəyi evin smetası xx.xx.2005-ci ildə təsdiq edilmişdir. Göründüyü kimi qanuni alqı-satqı yolu ilə əldə etdiyi aptek binasını söküb yerində şəhərsalma və arxitektura qaydalarına uyğun olaraq eyni ölçüdə iki mərtəbəli fərdi yaşayış evi tikmiş və 19 il ərzində ailə üzvüləri ilə birlikdə orada yaşayır. Mülkiyyət hüququnun qeydə alınmasından ötrü cavabdeh orqana müraciət etsə də, ərizəsinin icrasından imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə müvafiq olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri). İş materialları ilə müəyyən edilir ki, iddiaçı Bərdə şəhəri, N.Nərimanov küçəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində məhkəmə qaydasında mülkiyyət hüquqlarının qeydə alınmasına nail olmağa çalışır. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələbi İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Lakin iddiaçının fərdi yaşayış evinə hüquqlarının qeydə alınması üzrə cavabdeh orqana müraciəti yoxdur. Belə ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtina məktubundan, habelə, sorğu ilə əldə edilmiş inzibati icraat materiallarından müəyyən olur ki, iddiaçının cavabdeh orqana müraciəti ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının qeydə aldırılmasından ibarət olmuşdur. Məhz imtina da qeyri-yaşayış binasına münasibətdə olmuşdur. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Çünki, birinci növbədə məhkəməyə müraciət edilən tələblə cavabdeh orqana müraciət edilməli, cavabdeh orqan imtina verdikdən sonra məhkəməyə müraciət edilməlidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının qeydə alınması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar