Məhkəmə qərarları › İş №2-1(114)-1623/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1623/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1623/2021 15.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı aktın və qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 14.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 08.04.2021-ci il tarixli, 001017 nömrəli aktının və **********5635 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkünsüz sayılmalıdır. Belə ki, mövcud qanunvericiliyin tələbinə görə operativ vergi nəzarətinin nəticəsi haqqında akt özündə vergidən yayınma faktını əks etdirən sənəd olsa da inzibati akt hesab edilmədiyindən həmin sənədin mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmetinə aid ola bilməz. Həmin akt əsasında vergi və maliyyə sanksiyası hesablanması barədə qərar mübahisə predmeti ola bilər. Bundan başqa, iddiaçı həmçinin operativ vergi nəzarətinin keçirilməsi barədə **********5635 nömrəli qərarı da mübahisələndirmişdir ki, bu qəbildən olan qərarlar ilkin yoxlama prosedurunun başlanması ilə bağlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2 maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçıya izah olunur ki, 08.04.2021-ci il tarixli, 001017 nömrəli akt əsasında qərar qəbul edildiyi təqdirdə həmin qərardan narazı qaldığı halda qərarı mübahisələndirə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı aktın və qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə, vergi orqanının “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını mübahisələndirə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar