Məhkəmə qərarları › İş №2-1(114)-1623/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1623/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1623/2022 02.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1971-2002-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının hazırda 67 yaşı var və o, 1971-1998-ci illərdə Şəmkir rayonu, Keçili kəndində sabiq “Sosializm” kolxozunda, 1998-2002-ci illərdə isə Gəncə 32 saylı Tikinti TRES-də fəhlə işləmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən əmək haqqı cədvəlinin və 1998-2002-ci illərdə Gəncə Tikinti TRES-də işləməsi ilə bağlı sənədlərin arxivə təhvil verilməməsini əsas gətirirək həmin illərin sığorta stajında daxil edilməsi və yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 1971-2002-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli, k-1-537 saylı və xx.xx.2021-ci il tarixli, k-1-300 saylı arxiv arayışına əsasən 1971-1974-cü illər və 1977-1984-cü illər üzrə keçmiş “Sosializm” adına kolxozda işlədiyi dövr 10 il təşkil etməklə əmək günləri qeyd edilmədiyindən, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək keçmiş “Sosializm” adına kolxozda işlədiyi dövr 13 il 3 ay 2 gün təşkil etməklə əmək haqqı cədvəlləri təqdim edilmədiyindən, həmçinin xx.xx.2020-ci il tarixli k-1-37 nömrəli X8 arayışının surətinə əsasən 1998-2002-ci illər üzrə 28 nömrəli Təmir Tikinti idarəsində işlədiyi dövr 4 il təşkil etməklə məlumatlar arxivdə saxlanılmadığı üçün mübahisələndirilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli etirazından görünür ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən ümumi olaraq 1 il 11 ay 29 gün hərbi xidmət dövrü mübahisələndirilməyən sığorta stajı hesabanmış, belə ki, iddiaçının tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X7 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, k-1-537 nömrəli arayışlarda bildirilir ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 186 § 3 nömrəli əmrlə «Sosializm» adına kolxoza fəhlə qəbul edilmiş, xx.xx.1992-ci il tarixli, 55 § 9 nömrəli əmrlə gözətçi vəzifəsinə keçirilmiş və xx.xx.1997-ci il tarixli, 1 nömrəli əmrlə işdən azad edilmişdir. Bundan əlavə iddiaçı 1974- 1984-cü illərdə «Sosializm» adına kolxozda əmək haqqı almış, lakin əmək günü norması qeyd edilməmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X7 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, k-1-300 nömrəli arayışda bildirilir ki, iddiaçı 1971 və 1972-ci illərdə «Sosializm» adına kolxozda işləmiş və əmək haqqı almış, lakin əmək günü norması qeyd edilməmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X7 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, k-1-15 nömrəli arayışda bildirilir ki, iddiaçı 1984- 1995-ci illərdə «Sosializm» adına sovxozda işləmiş və əmək haqqı almışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş iddiaçının əmək kitabçasının surətindən görünür ki, 1971-ci ildən 1984-cü ilin iyul ayına kimi «Sosializm» kolxozunda kolxozçu işləmiş; xx.xx.1984-cü ildə kolxozun sovxoza keçilməsi ilə əlaqədar sovxoza fəhlə qəbul edilmiş və xx.xx.1997-ci il tarixli ərizəsinə əsasən həmin tarixdən işdən azad edilmiş; xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 3 №-li T.Q.Trestinin 32 №-li tikinti idarəsində işləmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş HЗ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2022-ci il tarixli, 847(226)/3 nömrəli məktubunda bildirilir ki, İddiaçı 1998-2002-ci illərdə Gəncə 32 saylı Tikinti Trestində işləməsi və aldığı əmək haqqı barədə müəssisənin arxiv sənədləri Dövlət X10na təhvil verilməmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-ci il tarixli, k-3-110 nömrəli məktubunda bildirilir ki, sabiq «Sosializm» adına kolxozun 1971-1984-cü illərə dair əmək haqqı kitablarında adam günü norması barədə qeydiyyatlar olmadığı üçün həmin illərdə müəyyən olunmuş adam günü norması barədə məlumat verilməsi mümkün olmamışdır. Belə ki, rayon ərazisində fəaliyyət göstərən kolxozlarda müəyyən olunmuş minimum adam günü norması hər kolxozun özünün heyət iclasının qərarı ilə ayrı-ayrı illər üzrə ayrı-ayrı rəqəmlər təsdiq edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-ci il tarixli, k- 3-98 nömrəli arxiv arayışına qeydlərdən görünür ki, İddiaçı işdən azad olma əmri aşkar edilmədiyinə görə son illərin əmək haqqısı verilir, 1996-1997-ci illərə dair 13 №-li briqadanın kitabları və 28 №-li Təmir-Tikinti idarəsinin sənədləri arxivə təhvil verilməmişdir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli X1rşılıqlı yoxlama aktından görünür ki, yoxlama nəticəsində Dövlət X4 k-3-98 nömrəli arayışın düzgünlüyü təsdiq edilmiş, lakin iddiaçının xx.xx.1997-ci ildə işdən azad olma əmrində iki fərqli tarix qeyd edilmiş və fərqli qələmdən istifadə edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-ci il tarixli, k-3-146 nömrəli məktubuna əlavə edilmiş 1 №-li əmrdən görünür ki, sözügedən əmrdə xx.xx.1997ci il və xx.xx.1997-ci il tarixləri qeyd edilmişdir. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İddiaçın yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (hərbi xidmət dövrü də daxil edilməklə sığorta stajı 14 il 10 ay təşkil edir) səbəbi ilə imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 14 il 10 ay təşkil etdiyini, daha sonra məhkəməyə təqdim edilmiş etirazda isə 1 il 11 ay 29 gün olmasına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1971-2002-ci illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi sığorta stajının ümumilikdə 1 il 11 ay 29 gün olması göstərilmişdir. Bundan əlavə etirazda xx.xx.2019-cu il tarixli, k-1-537 saylı və xx.xx.2021-ci il tarixli, k-1-300 saylı arxiv arayışının surətinə əsasən 1971-1974-cü illər və 1977-1984-cü illər üzrə keçmiş “Sosializm” adına kolxozda işlədiyi dövr 10 il təşkil etməklə əmək günləri qeyd edilmədiyindən, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək keçmiş “Sosializm” adına kolxozda işlədiyi dövr 13 il, 3 ay, 2 gün təşkil etməklə əmək haqqı cədvəlləri təqdim edilmədiyindən, həmçinin xx.xx.2020-ci il tarixli k-1-37 nömrəli X8 arayışının surətinə əsasən 1998-2002-ci illər üzrə 28 nömrəli Təmir Tikinti idarəsində işlədiyi dövr 4 il təşkil etməklə məlumatlar arxivdə saxlanılmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət X10 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 847(226)/3 nömrəli məktubda İddiaçı 1998-2002-ci illərdə Gəncə 32 saylı Tikinti Trestində işləməsi və aldığı əmək haqqı barədə müəssisənin arxiv sənədləri Dövlət X10na təhvil verilməməsi, Şəmkir Filialının xx.xx.2022-ci il tarixli, k-3-110 nömrəli məktubunda və xx.xx.2022-ci il tarixli, k-3-98 nömrəli arxiv arayışına qeydlərdə sabiq «Sosializm» adına kolxozun 1971-1984-cü illərə dair əmək haqqı kitablarında müəyyən olunmuş adam günü norması barədə qeydiyyatlar olmadığı, həmçinin 1996-1997-ci illərə dair 13 №-li briqadanın kitabları və 28 №-li Təmir-Tikinti idarəsinin sənədləri arxivə təhvil verilməməsi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə iddiaçının 1971-1974 və 1977-1984-cü illər üzrə kolxozda işlədiyi müddətlə bağlı qeyd edir ki, həmin müddət üzrə adam günü normalarının müəyyən edilməməsi iddiaçının sosial sığorta stajının hesablanmasında məhdudiyyət yaratmasına baxmayaraq, bu hal onun sosial təminat hüququnun məhdudlaşdırlıması ilə nəticələnə bilməz. Belə ki, həmin müddət üzrə iddiaçının işləməsi adam günü normasının qeyd edilməməsinə baxmayaraq, arxiv arayışı və əmək kitabçası ilə öz təsdiqini tapır. Bundan əlavə cavbdeh etirazında xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək keçmiş “Sosializm” adına kolxozda işlədiyi və 1998-2002-ci illər üzrə 28 nömrəli Təmir Tikinti idarəsində işlədiyi dövrlər üzrə müəssisələrin sənədlərinin arxivə təvil verilməməsini qeyd edərək, həmin müddəti sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi də iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və arxiv məlumatlarından, həmçinin əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Məhkəmə iddiaçının «Sosializm» sovxozundakı işindən azad edilməsi ilə bağlı 1 №-li əmrin tarixi ilə bağlı qeyd edilmiş iki fərqli vaxtla bağlı, yəni xx.xx.1997-ci il və xx.xx.1997-ci il tarixləri ilə bağlı qeyd edir ki, sözügedən əmrdə iki fərqli tarixlər yazılsa da əmrin məzmunundan və birinci cümləsindən görünür ki, əmrin verilməsi ilə bağlı yığıncaq xx.xx.1997-ci il tarixdə keçirilmişdir. Deməli iddiaçının sovxozdakı iş fəaliyyətinin son tarixi xx.xx.1997-ci ildir. Həmçinin cavabdeh tərəfindən mübahisəndirilməyən sosial sığorta stajı kimi iddiaçının hərbi xidmətdə olduğu 1 il 11 ay 29 gün hesablanmışdır. Beləliklə, iddiaçının 1971-1974 və 1977-ci ildən 1984-cü ilin iyul ayınadək kolxozda işlədiyi müddət, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət müddəti, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək sovxozda işlədiyi müddət, xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək 3 №-li T.Q.Trestinin 32 №-li tikinti idarəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının ümumilikdə 29 il 5 ay 7 gün sığorta stajı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla xx.xx.2020-ci il tarixdə artıq tələb olunan yaş (64 yaş 6 ay) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1971-1974 və 1977-ci ildən 1984-cü ilin iyul ayınadək “Sosializm” adına kolxozda işlədiyi illərin, xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Sosializm” adına sovxozda işlədiyi illərin və xx.xx.1998-ci ildən xx.xx.2002-ci il tarixədək 3 №-li T.Q.Trestinin 32 №-li tikinti idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar