Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1624/2022 26.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta haqları ödədiyi 9 ay müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı il tarixdə Goranboy rayonun Tapqaraqoyunlu kəndində anadan olmuş, hazırda ünvan 1i ünvanda yaşayır. İddiaçı xx.xx.1975-xx.xx.1975-ci, xx.xx.1977-xx.xx.1998-ci, xx.xx.1998-xx.xx.1999-cu il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə 165,6 manat dövlət büdcəsinə məcburi dövlət sosial sığorta ödənişləri etmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 17 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialında (bundan sonra mətndə - cavabdeh) baxılmışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 24 il 4 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, fərdi hesabını sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24 il 4 ay sığorta stajına uyğun olaraq 18543,67 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının ninimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının adında aktiv VÖEN hesabı (**********) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, X1 Sisteminin Pensiya altsistemində aktiv vergi ödəyicisi kimi məcburi dövlət sosial sığorta ödəmələri öz əksini tapmamışdır. Bu səbəblə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə 2019-cu və 2020-ci illərdə dövlət büdcəsinə ödədiyi sığorta ödənişlərinin pensiya kapitalına hesablanması vəzifəsinin qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta haqları ödədiyi 9 ay müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya sığorta stajı 24 il 04 ay təşkil etməsi ilə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Halbuki iddiaçı xx.xx.2019-cu il tarixdə 18 manat, xx.xx.2019-cu il tarixdə 18,6 manat, xx.xx.2020ci il tarixdə 18,6 manat, xx.xx.2019-cu il tarixdə 18 manat, xx.xx.2019-cu il tarixdə 18,6 manat, xx.xx.2019-cu il tarixdə 18,6 manat sosial sığorta məbləği kimi dövlət büdcəsinə ödəmişdir. Bu illər üzrə ödədiyi məbləğ sosial sığorta stajına hesablanmamışdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********5 nömrəli etirazında bildirmişdir ki, işin faktiki hallarına əsasən vətəndaş 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta haqları ödədiyini iddia edir. İnzibati orqanın araşdırması nəticəsində X1 Sisteminin Pensiya altsistemində aktiv vergi ödəyicisi kimi vətəndaşın məcburi dövlət sosial sığorta ödəmələri öz əksini tapmadığı aşkarlanmış və bu səbəblə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanununun 7-ci maddəsindən də aydındır ki,vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: 1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən vətəndaş yaş tələbi olan 65 yaşa xx.xx.2021-ci il tarixində çatdığı üçün pensiya təyin edilməsi üçün yaş tələbini ödəmişdir. 2. İddiaçı pensiya təyin edilməsi üçün yaş tələbini ödəsə belə, 25 illik sosial sığorta stajı tələbini ödənmədik də vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajına daxil edilən illər 24 il 04 aydır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24 il 4 ay sığorta stajına uyğun olaraq 18543,67 manat təşkil edir və bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Beləliklə, tələb olunan staj və pensiya kapitalı qarşılanmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər Fondun X1 Sistemində yoxlanılmış, vətəndaş tərəfindən MDSS ödənişləri barəsində 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubu təqdim edilsə də, müvafiq olaraq vergi xidməti orqanına sorğu göndərilməmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********086300 nömrəli məktubu, ödəniş qəbzlərinin surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtinasının surəti və xx.xx.2022-ci il tarixli **********5 nömrəli etirazı təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı qismən əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatması, xx.xx.1975-xx.xx.1975, xx.xx.1977-xx.xx.1998, xx.xx.1998-xx.xx.1999-cu il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olduğu, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olduğu dövr üzrə 24 il 04 ay sosial sığorta stajı toplaması işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta haqları ödənişləri etdiyi 09 ay dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdehin imtinasının əsası odur ki, X1 Sisteminin Pensiya altsistemində aktiv vergi ödəyicisi kimi vətəndaşın məcburi dövlət sosial sığorta ödəmələri öz əksini tapmamışdır. Məhkəmə cavabdehin imtinasının dəlilini əsassız hesab edərək qeyd edir ki, 12 saylı Ərazi Vergilər İdarəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********086300 nömrəli məktubunda iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 18 manat, xx.xx.2019-cu il tarixdə 18,6 manat, xx.xx.2020-ci il tarixdə 18,6 manat, xx.xx.2019-cu il tarixdə 18 manat, xx.xx.2019-cu il tarixdə 18,6 manat, xx.xx.2019-cu il tarixdə 18,6 manat sosial sığorta məbləğin dövlət büdcəsinə ödənilməsi əks olunmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinə əsasən iddiaçı yuxarıda qeyd olunan aylar üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin tam və ya qüsurlu şəkildə X3 qeydiyyata düşməməsi onun vəziyyətinin pisləşməsi ilə nəticələnməməli və pensiya hüququnun təminatına mane olmamalıdır. Cavabdeh orqan qanunla ona verilmiş səlahiyyətlərindən istifadə etməklə ödənişlərin tam və dürüst şəkildə Sistemdə qeydiyyata salınması ilə bağlı tədbirlər görməli idi. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq imtina barədə əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Lakin, iddiaçı tərəfindən 2019-2020-ci illərdə 09 ay üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı sübutlar təqdim olunmasına baxmayaraq cavabdeh orqan yalnız öz X1 Sistemindəki məlumatlara əsaslanaraq sonuncuya pensiya təyinarından imtina etmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı pensiya təyin olunmasını tələb etməkdə haqlıdır. İddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni iddiaçının 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta haqları ödədiyi 9 ay müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta haqları ödədiyi 9 ay müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1624/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1624/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver