Məhkəmə qərarları › İş №2-1(114)-1624/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1624/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1624/2023 19.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Bakı Fəhləsi” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.

2. İddiaçının təqdim etdiyi əmək kitabçasının qeydlərinə və məhkəmənin sorğusu əsasında əldə edilmiş arxiv məlumatlarına əsasən, o, xx.xx.1994-cü il tarixdən xx.xx.1996cı il tarixədək “Bakı Fəhləsi” əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli imtina cavabı ilə ona bildirmişdir ki, təqdim etdiyi əmək kiabçasının, diplomunun surətlərinə və ahıl şəxs X1 xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qulluq etdiyi dövrün nəzərə alınmaqla sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixinədək əyani təhsil illəri) 23 il 03 ay 28 gün təşkil etmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu (işdən çıxma əmri möhürlə öz təsdiqini tapmadığı) üçün xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Tovuz rayonu “Bakı fəhləsi” sovxozunda olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunda nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur.

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1994-xx.xx.1996-cı il tarixlərdə “Bakı fəhləsi” sovxozunda işləməsi və 1997-ci ildən 2000-ci ilədək qaynanası X2 qulluq etdiyi illərin iş stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu il tarixdə doğulduğu üçün və lazımi tələbləri ödədiyi üçün qanunvericiliyə əsasən ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Belə ki, 07 avqust 1980-ci il tarixli əmək kitabçası ilə təsdiq olunur ki, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilə kimi Tovuz rayonu “Bakı fəhləsi” sovxozunda işə qəbul olmuş və xx.xx.1996-cı ildə işdən azad olmuşdur. Həmin dövrdə sovxozda fəhlə kimi işləmiş və əmək haqqı almışdır. Lakin cavabdeh orqan həmin illəri sığorta stajına daxil etməmişdir. Cavabdeh təşkilat imtina məktubunda göstərmişdir ki, işdən çıxarılma barədə əmək kitabçasında təsdiq olunmayıb. Halbuki, möhürlə əmək kitabçasındakı əmri təsdiq etmək işə götürən tərəfindən edilməli idi. Həmin illərdə Bakı Fəhləsi sovxozunda işləməsi şahid ifadələri ilə də təsdiq oluna bilər. Bundan başqa, işdən çıxan zaman qaynanası X3 ilə birgə təsərüffatda yaşamış, daimi olaraq ona xidmət göstərmiş və bu səbəbdən başqa müəssisədə işləyə bilməmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

10. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III.Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

14. Həmin məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Bakı Fəhləsi” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir.

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. lV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən iddiaçının əmək kitabçasının doldurulma qaydaları pozulduğundan, yəni iddiaçının işdən çıxma əmri möhürlə təsdiqlənmədiyindən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Bakı fəhləsi” sovxozunda işlədiyi illərin iddiaçıya pensiya hüququ verən sosial sığorta kimi qəbul edilmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

19. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onlar tərəfindən qarşılıqlı yoxlama aparılmış və arxiv sənədlərində iddiaçının işə qəbul edilmə və işdən azad edilmə barədə əmrləri mövcud olmuşdur. Lakin iddiaçının işlədiyi dövrdə yalnız cəmi 1 ay əmək haqqı aldığı müəyyən edildiyi üçün həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilməmişdir.

20. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında etiraz təqdim olunmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərarın 1-ci bəndi). V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli İT-l ******* nömrəli əmək kitabçası; - Məhkəmənin sorğusu əsasında alınmış Tovuz Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş əmək haqqı cədvəli və əmrlər; - xx.xx.2022-ci il tarixli akt; - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtina məktubu.

Əsaslandırma hissəsi:

Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun xx.xx.1994cü il tarixdən xx.xx.1996-cı il tarixədək Tovuz rayonu “Bakı fəhləsi” sovxozunda işlədiyi illəri onun sosial sığorta stajı kimi qəbul etməmiş və müraciətini təmin etməkdən imtina etmişdir.

24. Cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu (işdən çıxma əmri möhürlə öz təsdiqini tapmadığı) üçün xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Tovuz rayonu “Bakı fəhləsi” sovxozunda olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

25. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

26. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

30. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

32. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

33. İddiaçının xx.xx.1959-cu il tarixdə doğulması, xx.xx.2022-ci il tarixində, yəni 62,6 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

34. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli İT-l ******* nömrəli əmək kitabçasında onun xx.xx.1994-cü il tarixli 7 nömrəli əmrlə Tovuz rayonu “Bakı fəhləsi” sovxozunda 1 saylı briqadaya fəhlə işinə təyin edilməsi və xx.xx.1996-cı il tarixli 17 nömrəli əmrlə fəhlə işindən azad edilməsi barədə aparılmış qeyd aparılmış, sovxozun direktoru tərəfindən imzalanmış, lakin möhürlə təsdiq edilməmişdir.

35. Buna baxmayaraq, məhkəmənin sorğusu əsasında Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5-79-46/2-39/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Tovuz rayonu “Bakı fəhləsi” sovxozunun xx.xx.1994-cü il tarixli 7 nömrəli və xx.xx.1996-cı il tarixli 17 nömrəli əmrləri ilə (işə qəbul edilməsi və işdən azad edilməsi ilə) İddiaçı həqiqətən də həmin dövrlərdə işləməsi öz əksini tapmışdır.

36. Məhkəmə qeyd edir ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı imperativ norma nəzərdə tutulmamışdır.

37. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.

38. Qeyd edilməlidir ki, arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışına əlavə edilmiş iddiaçının işə qəbul edilmə və işdən azad edilmə barədə əmrləri iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut növüdür.

39. Hətta, cavabdeh orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktda da iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi qeyd edilmişdir.

40. Belə ki, ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı Qazax-Tovuz regional filialının mütəxəssiləri və Tovuz rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı 1994-1996-cı illərdə Tovuz rayonu “Bakı fəhləsi” sovxozunda işləməsi faktı yoxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdə 7 nömrəli əmrlə sovxozun 1 saylı briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə işə gəlmədiyi üçün 17 nömrəli əmrlə işdən azad edilmişdir. Əmək haqqı kitablarının yoxlanılması zamanı İddiaçı yalnız 1994-cü ilin mart ayında 808.00 manat maaş aldığı məlum olmuşdur. İşlədiyi digər illərdə ona əmək haqqı hesablanmamışdır.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən.

42. Göründüyü kimi, cavabdeh orqan qanunun ona verdiyi səlahiyyətdən istifadə edərək, dövlət arxivində saxlanılan sənədlər üzrə İddiaçı 1994-1996-cı illərdə Tovuz rayonu “Bakı fəhləsi” sovxozunda işləməsi faktını yoxlamış və nəticədə iddiaçının həqiqətən də həmin dövrdə soxvozda işləməsini (işə qəbul edilməsini və işdən azad edilməsini) müəyyən etmiş, buna baxmayaraq, həmin dövrü sosial sığorta stajına hesablamamışdır.

43. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onlar tərəfindən qarşılıqlı yoxlama aparılmış və arxiv sənədlərində iddiaçının işə qəbul edilmə və işdən azad edilmə barədə əmrləri mövcud olmuşdur. Lakin iddiaçının işlədiyi dövrdə yalnız cəmi 1 ay əmək haqqı aldığı müəyyən edildiyi üçün həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilməmişdir.

44. Göründüyü kimi, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtina edən zaman mövqeyini əmək kitabçasının doldurulma qaydalarının pozulması (işdən çıxma əmrinin möhürlə təsdiqlənməməsi) ilə əsaslandırsa da, apardığı araşdırma ilə onun işdən çıxma əmrinin arxivdə mövcud olduğunu, beləliklə iddiaçının həqiqətən də əmək kitabçasında qeyd edilən dövrdə həmin sovxozda işləməsini müəyyən etmiş, lakin bununla belə onun müraciətini təmin etməmiş, iclasda bu halın iddiaçının işlədiyi dövrdə cəmi 1 ay əmək haqqı almasının səbəb olduğu bildirilmişdir.

45. Məhkəmə cavabdehin nümayəndəsinin həmin mövqeyinə münasibət bildirərək aşağıdakıları qeyd edir.

46. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

47. Göründüyü kimi, istinad olunan Qaydalarda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1994-1996-cı illər) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir.

48. Məhkəmə qeyd edir ki, cavabdeh orqan əmək kitabçasında iddiaçının işdən çıxma əmri möhürlə təsdiqlənmədiyi üçün onu mötəbər qəbul etməsə də, özünün apardığı yoxlama zamanı arxivdə işdən çıxma əmrinin mövcudluğunu müəyyən etmişdir ki, bu hal da əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətini aradan qaldırır.

49. Ehtimal ki, məhz cavabdeh nümayəndəsi buna görə ikinci hal kimi iddiaçının işlədiyi dövrdə əmək haqqı almamasını (yalnız 1 ay əmək haqqı almasını) əsas gətirmişdir. Lakin iddiaçının işlədiyi dövrdə sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən edildiyinə görə bu hal da əsas kimi qəbul edilə bilməz.

50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

51. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

52. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (62,6 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası və arxiv məlumatları ilə təsdiq olunur.

53. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (62,6 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

54. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Tovuz rayonu “Bakı Fəhləsi” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar