Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1625/2024 22.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Ağababa oğlunun hüquqlarının pozulması faktının tanınması və digər tələblərinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Ağababa oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında hüquqlarının pozulması faktının tanınması tələbinə dair ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Ağababa oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə hüquqlarının pozulması faktının tanınması, 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı 458 (dörd yüz əlli səkkiz) günün 2,4 dəfə artıq, yəni 1109 (bir min bir yüz doqquz) gün cəza müddətinə hesablanması barədə və ya qanunvericiliyə uyğun digər qərar qəbul edilməsini və ilkin hazırlıq iclası da daxil olmaqla bütün məhkəmə iclaslarında onun cəza çəkdiyi 17 saylı Cəzaçəkmə Müəssisəsi vasitəsilə video görüntü formatında iştirakının təmin edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 0, xx.xx.2016-cı il tarixdə həbs olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 (on) il, 179.3.2-ci maddəsi ilə 11 (on bir) il, 308.2-ci maddəsi ilə 7 (yeddi) il, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə prosesləri (birinci instansiya və apellyasiya məhkəmələri) zamanı o, xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Lakin 2 saylı İT-də saxlanılma şəraiti qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məlum olduğu kimi, istintaq təcridxanalarında saxlanılma şəraiti xx.xx.2012-ci ildə qəbul edilmiş “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 15.1.17-ci bəndinə əsasən həbs yerlərində saxlanılan şəxslərin hər gün 2 (iki) saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq hüququ vardır. Faktiki olaraq o, həmin istintaq təcridxanasında olduğu müddətdə hər gün maksimum 30 (otuz) dəqiqə gəzintiyə çıxarılmışdır. Əslində bu gün də həmin qayda hökm sürür və 2 saylı İT-də saxlanılan bütün dustaqlar gün ərzində yarım saatlıq gəzintiyə çıxarılırlar. Bundan başqa, həmin Qanunun 21.2-ci maddəsinə görə tutulmuş və ya həbs edilmiş şəxslərə fərdi çarpayı və yataq ləvazimatı verilir. Tutulmuş və ya həbs edilmiş şəxslər üçün həbs yerlərində yaşayış sahəsinin norması 4 (dörd) kvadratmetrdən az ola bilməz. Bu məsələdə də qanun ciddi və kobud şəkildə pozulmuşdur. Birincisi, 2 saylı İT-də bütün çarpayılar laylıdır. Bu isə fərdi çarpayı sayıla bilməz. Hələ onu demir ki, bu çarpayılar ən azı 50 (əlli) ilin istehsalıdır. Halbuki, 5 (beş) ildən bir onlar dəyişdirilməli, yenilənməlidir. İkincisi, onun digər 3 (üç) cəmi 4 (dörd) nəfər məhbusla saxlanıldığı kameranın yaşayış sahəsi 6,8 kv.m olub, adambaşına 1,7 kv.m yəni normadan təxminən 2,4 dəfə azdır və o, həmin kamerada 458 (dörd yüz əlli səkkiz) gün saxlanılmışdır. Göründüyü kimi, 2 saylı İT-də saxlanıldığı müddətdə hüquqları ciddi şəkildə pozulmuşdur və cəza təyin edilərkən təqsirləndirildiyi Cinayət Məcəlləsinin maddələri ilə ona ən yüksək cəza təyin edilməklə həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə (istintaq təcridxanasında) saxlanılmanın müddəti azadlıqdan məhrumetmə (cəzaçəkmə müəssisəsində) bir günə bir gün hesabı ilə nəzərə alınmışdır. Bu isə qanunsuz, əsassız, ədalətsiz və qeyri-humanist qərardır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
6. İnzibati prosessual qanunvericiliyin tələbinə görə isə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
7. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 449.1. maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər.
8. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
9. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanunun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o, deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Cinayət mühakimə icraatına aid olan məsələlər, yəni inzibati orqanın cinayət prosessual fəaliyyəti ilə bağlı mübahisələr inzibati məhkəmələrin predmeti ola bilməz.
10. Hazırkı iddia tələbindən məlum olur ki, İddiaçı Ağababa oğlu cəzasının icrası ilə bağlı 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə həmin istintaq təcridxanasının onun hüquqlarını pozan hərəkətlərinin qeyri-qanuni hesab edilməsini xahiş etmişdir.
11. Məhkəmə hesab edir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati (publik) hüquq normaları ilə tənzimlənən münasibətlər mövcud deyildir və tərəflər arasında olan mübahisə inzibati (publik) hüquq normaları ilə tənzimlənmir.
12. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Ağababa oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında hüquqlarının pozulması faktının tanınması tələbinə dair iddiası mümkün sayılmamalıdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva