Məhkəmə qərarları › İş №2-1(114)-1626/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1626/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1626/2020 09.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Tovuz rayon filialına qarşı işlədiyi və İ qrup əlilə xidməti ilə bağlı illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi və İ qrup əlilə xidməti ilə bağlı illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdeh Dövlət X2 Şəmkir rayon şöbəsinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Tovuz rayonu, Aşağı-Öysüzlü kənd sakini Əliyev Qüdrət Hökmalı oğlu ilə ailə quraraq xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuş və həmin vaxtdan İ qrup əlil olan qaynatasına qulluq etmişdir. Bundan başqa 1973- 1980-ci illərdə Salyan rayon Sarvan kənd «Q.Səmədov» adına kolxozda kolxozçu, 1981-ci ilin mart ayından 1985-ci ilin dekabr ayınadək «Q.Səmədov» adına kolxozda komsomol komitəsinin katibi işləmişdir. Hazırda yaşa görə əmək pensiyasına çıxmaq istəyir. Bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh fərdi hesabında sığorta hissəsində pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək 1973-1980-ci illərdə Salyan rayon Sarvan kənd Q.Səmədov adına kolxozda kolxozçu, xx.xx.1981-ci il tarixdən 1985-ci ilə qədər Q.Səmədov adına kolxozda komsomol komitəsinin katibi vəzifəsində işlədiyi illərin və 1987-ci ildən hal-hazıradək İ qrup əlilə xidmət etdiyi illərin sosial sığorta stajına daxil edilərək ona pensiya təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının 25 il sığorta stajı olmadığı və xx.xx.2018-ci il tarixə fərdi hesabında qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Ona görədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Dövlət Arxivinin Salyan filialının xx.xx.2020-ci il tarixli, 190 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi siyası sənədlər Arxivinin xx.xx.2020-ci il tarixli 100 nömrəli məktubu və cavabdehin imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Belə ki, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965- ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Kolxozun nümunəvi nizamnaməsinin 33-cü bəndində qeyd edilir ki, kolxozda iş günü, müddəti, qaydası, istirahət günləri; hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzim olunur. Yəni kolxozda iş vaxtının minimum adam günü normasının (minimumun) müəyyən edilməsi həmin kolxozun daxili Qaydaları ilə müəyyən edilir. İddiaçının 1973-1980-ci illərə dair təqdim etdiyi arxiv arayışında minimum əmək günü norması (adam günü) 180 gün qeyd edilmişdir. İddiaçı 1973, 1974, 1975, 1976, 1977, 1978, 1979 və 1980-ci illərdə əmək günü norması yerinə yetirdiyi üçün (97+143+245+193+152+173+28=1031 (faktiki işlədiyi):180 (norma)=5 il 3 ay, 1981-1985-ci illər üzrə 4 il, 8 ay, cəmi ümumilikdə kolxozda işlədiyi müddət 9 il 11 ay təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra mətndə Qaydalar) 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Məhkəmə hesab edir ki, İ qrup əlilə və 70 yaşdan yuxarı ahıla qulluq edilməsi müddəti yalnız bu barədə tərtib olunmuş müayinə aktı əsasında sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının İ qrup əlilə xidmət göstərməsi öz təsdiqini tapmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, cavabdeh tərəfindən İ qrup əlilə xidmət göstərməsinin ona əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Tovuz rayon filialına qarşı 1973-1980-ci illərdə Salyan rayon Sarvan kənd Q.Səmədov adına kolxozda kolxozçu, xx.xx.1981-ci il tarixdən 1985-ci ilə qədər Q.Səmədov adına kolxozda komsomol komitəsinin katibi vəzifəsində işlədiyi illərin və 1987-ci ildən hal-hazıradək İ qrup əlilə xidmət etdiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar