Məhkəmə qərarları › İş №2-1(114)-1627/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1627/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1627/2025 08.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2024-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N nömrəli həebi hissənin xx.xx.2022-ci il tarixli 1067 nömrəli arayışında İddiaçı diaqnozu “Təpə nahiyyəsinin toxunub keçən odlu silah yaralanmasına (xx.xx.2022) görə aparılmış yaraların birincili cərrahi işlənməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı” kimi müəyyən edilmişdir.

2. N nömrəli hərbi hissənin Otorinolarinqologiya bölməsinin 5283 nömrəli Çıxarış Epikrizində İddiaçı diaqnozu “Təpə nahiyyəsinin toxunub keçən odlu silah güllə yaralanmasına (xx.xx.2022) görə aparılmış yaranın birincili cərrahi işlənməsindən (xx.xx.2022) sonrakı vəziyyət. Posttravmatik baş ağrısı. Kəskin stress reaksiyası” kimi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik X1 9661 nömrəli Çıxarış Epikrizində diaqnoz “Sağalma ilə nəticələnmiş nevrotik reaksiya” kimi müəyyən edilmişdir.

4. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 795 nömrəli şəhadətnamədə “F43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Təpə nahiyyəsinin toxunub-keçən güllə yarasından sonrakı (xx.xx.2022) bərkimiş dəri çapığı" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, “Vegetativ damar distoniysı" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik X1 1671 nömrəli Çıxarış Epikrizində diaqnoz “F43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Təpə nahiyyəsinin toxunub keçən güllə yarasından sonrakı (xx.xx.2022) bərkimiş dəri çapığı. Vegetativ damar distoniyası” kimi müəyyən edilmişdir.

6. Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli çıxarışlarda İddiaçı “F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişkənliyi” diaqnozu qoyulmuşdur.

7. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2990 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “G44.2 Gərginlik, baş ağrısı. F62.0 Fəlakət nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, depressiv vəziyyət” kimi müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4671 nömrəli Tibbi rəyində İddiaçı “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi F62.0’’ diaqnozu qoyulmuşdur.

9. İddiaçı əlillik vəziyyətinə X2 xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir.

10. İddiaçının həmin qərardan verdiyi şikayətə əsasən onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6268/2024 nömrəli qərar qəbul edilmişdir.

11. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1716 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbİ Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2024-cü il tarixli qərar hal-hazırda qüvvədədir.

12. Məhkəmənin qərardadı ilə əldə edilmiş “Məhkəmə Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 978 nömrəli ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir ki, İddiaçı mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kod F43.1) müəyyən edilir. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər sual şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyildir.

13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-4/2-14064/20025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin ilkin qiymətləndirilməsi məqsədilə X2 N00202799LMD nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2017-ci il tarixdən SHXÇDX-nin Kəlbəcər rayon bölməsi hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və Naxçıvan Muxtar Respublikasında yerləşən Sərhəd Qoşunlarının tərkibində 1 (bir) il, 6 (altı) ay müddətində həqiqi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinə müraciəti əsasında MAXE (müddətdən artıq hərbi xidmətə könüllü daxil olmuşdur. 44 günlük Vətən Müharibəsində ermənilərə qarşı torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş və N nömrəli hərbi hissənin tərkibində olarkən N sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonu ərazisini istiqamətində gedən döyüşlərdə başından yaralanaraq onu N nömrəli hərbi hissəyə gətirilmişdir. Müayinə zamanı ona qoyulmuş diaqnoz "Təpə nahiyyəsinin toxunub keçən odlu silah güllə yaralanması" diaqnozu müalicələrdə olmuşdur. Hazırda xəstədir, döyüşlərdə kəskin stress keçirdiyindən başından aldığı güllə yarasından sonra halsızlıq və başından ağrlar vardır və daha dərmanlar ağrılarının azalmasına təsir eləmir. Axırıncı dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasın sonuncu müayinəyə dair çap tarixi xx.xx.2024-cü il tarixli edilmiş imtina ilə göstərilmişdir ki, diaqnoz guya əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Belə hesab edir ki, hüquqları pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün inzibati məhkəməyə müraciət etməyə məcburdur.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2024cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

19. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı iddiasında xx.xx.2024-cü il tarixdən səhhətindəki xəstəliklərə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

20. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

21. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

22. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) ona əlillik təyinatından imtina edilmiş, Həmin imtina qərarının xx.xx.2024-cü il tarixdə SMS bildiriş vasitəsilə iddiaçıya göndərildiyi və iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

28. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

29. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

30. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

31. Etiraz onunla əsaslandırılmışdır ki, “Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pоzuntusu. Posttravmatik stress pozuntusu. Qayıdan depressiv pozuntu Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 20N-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1067 nömrəli arayışı; - N nömrəli hərbi hissənin Otorinolarinqologiya bölməsinin 5283 nömrəli Çıxarış Epikrizi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik X1 9661 nömrəli Çıxarış Epikrizi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 795 nömrəli Şəhadətnaməsi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik X1 1671 nömrəli Çıxarış Epikrizi; - Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli çıxarışları; - “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2990 nömrəli Ambulator xəstənin tibbi vərəqi; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4671 nömrəli Tibbi rəyi; - Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1716 nömrəli cavab məktubu; - “Məhkəmə Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 978 nömrəli ekspert rəyi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-4/2-14064/20025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

34. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə X2 xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayətə əsasən onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6268/2024 nömrəli qərar qəbul edilmişdir.

35. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.

37. Məhkəmə qeyd edir ki, İddiaçı barəsində tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş diaqnozlar təsdiqlənmədiyindən cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur.

38. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

39. Məhkəmənin qərardadı ilə əldə edilmiş “Məhkəmə Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 978 nömrəli ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir ki, İddiaçı mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kod F43.1) müəyyən edilir. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər sual şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyildir

40. Göründüyü kimi hazırkı halda İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu F43.1” xəstəliyi əlillik təyinatına əsas verən xəstəlik olsa da, tibb müəssisəsinin verdiyi göndərişdə qeyd edilməmişdir. Cavabdeh orqan isə şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini tibb müəssisəsinin verdiyi göndərişdə qeyd edilmiş xəstəliklər üzrə apardığından və iddiaçıda onun göndərişində qeyd edilmiş “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” xəstəliyi onun səhhətində mövcud olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Bu hal isə iddianın rədd edilməsinə əsas verir.

41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar