Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1629/2023 17.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı vəkili X3, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayon Əhmədbəyli kəndində alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin elektron xəritə məlumatlarında olan uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux rayon Əhmədbəyli kəndində alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə plan-ölçü sənədlərinin işlənib hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu Əhmədbəyli kəndində alqısatqı müqaviləsi əsasında 0,08 ha həyətyanı torpaq sahəsi almışdır. Torpaq sahəsini sənədləşdirən zaman müəyyən edilmişdir ki, elektron xəritə məlumatlarında torpaq sahəsinin ölçüsü 0,06 ha kimi göstərilmişdir. Səhvin aradan qaldırılması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir və mülkiyyət hüququnun təmin edilməsini tələb edir. İddiaçı vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı adına xx.xx.2022-ci il tarixli ********** nömrəli, **********55 reyestr nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsinin sənəd üzrə 0,08 ha olmasına baxmayaraq faktiki 0,06 ha olduğu müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının müraciətindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surəti ; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** dövlət reyestr nömrəli çıxarışın surəti; - xx.xx.2022-ci il tarixli A 756321 Torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti ; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə 0,08 ha olmasına baxmayaraq faktiki 0,06 ha olduğu müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması hissəsinin icrasından imtina edilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsi bütünlüklə, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmkakın Dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsilə üst-üstə düşür. İddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsi bütünlüklə xx.xx.2022-ci il tarixli A 756321 Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsilə üst-üstə düşür. xx.xx.2022-ci il tarixli A 756321 Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,08 ha torpaq sahəsi xüsusu mülkiyyətə aiddir. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqriyasına aid, həyətyanı məqsədləri üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixli 4Ə-532 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. xx.xx.2022-ci il tarixli A 756321 Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,08 ha torpaq sahəsinin, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsilə üst-üstə düşmə halı aşkarlanmanışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Samux rayonu Əhmədbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən əldə etmiş və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq ona xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin texniki göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını torpaq sahəsinin sənəd üzrə 0,08 ha olmasına baxmayaraq faktiki 0,06 ha olduğu müəyyən edilməsi təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əldə etdiyi torpaq sahəsi ilə xx.xx.2022-ci il tarixli A 756321 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədində göstərilən torpaq sahəsi eynilik təşkil edir və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi hər hansı üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə də üst-üstə düşmür. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bir halda ki, xx.xx.2022-ci il tarixli A 756321 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədində qeyd olunmuş torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə eynilik təşkil edir, iddiaçıdan əvvəlki mülkiyyətçilərə «torpaq sahəsinin planı və ölçüsü» sənədləri tərtib edilərək verilməsinə baxmayaraq sonuncuya məxsus eyni torpaq sahəsi ilə bağlı «torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməməsi hüququn bərabərlik prinsipinin də pozulmasıdır. Bu məqsədlə, müvafiq çıxarışa əsasən iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsinin texniki göstəricilərinin elektron kadastr baza məlumatlarına düzgün işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz, başqa sözlə həmin hal torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsinə mane olan hal deyil. Belə ki, hər-hansı subyektin mülkiyyətində olan əmlakın texniki göstəricilərini əks etdirən sənədin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə dair nömrəli xx.xx.2022-ci il tarixli A 756321 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1629/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1629/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver