Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-163/2024 11.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan olan məcburi köçkün kimi Bərdə rayonunun Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsinin Qarağacı kəndində məskunlaşıb yaşamışdır. 2004-cü ildən başlayaraq xroniki gedişli mədə və böyrək xəstəliklərindən əziyyət çəkdiyinə görə 2004-2010-cu illərdə dəfələrlə statsionar və ambulator şəraitdə müxtəlif tibb müəssisələrində həmin xəstəliklərdən müayinə və müalicələr almışdır. Həmin illərdə mədə xorasına görə 2 dəfə cərrahi əməliyyat olunmuşdur. 2010-cu ildə pielolitotumiya əməliyyatı keçirmişdir. Bundan sonra da dəfələrlə konservativ müalicələr almış və uroloqun nəzarətində olmuşdur. Sonrakı 2012, 2013, 2014 və 2015-ci illərdə TSEK-in müvafiq qərarları ilə onun diaqnozu yenidən təsdiqlənərək 2-ci dərəcəli əlilliyi hər il 1 il müddətinə uzadılmışdır. TSEK-in xx.xx.2016-cı il tarixli qərarı ilə ona 5 il müddətinə, yəni 13 aprel 2021-ci il tarixədək olan müddətə həmin diaqnozla 2-ci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ilin aprel ayından etibarən TSEK-in qərarı ilə ona növbəti müddətə və ya müddətsiz əlillik təyinatından imtina edilib. İmtinanın səbəbi kimi xx.xx.2021-ci il tarixli cavabda “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması. Əlavə ixtisaslaşmış müalicəyə ehtiyacı var” göstərilmişdir. xx.xx.2021-ci il tarixli cavabda “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması. 2012-2021-ci ilə kimi heç bir statsionar müalicəsi yoxdur. İxtisaslaşmış müayinə və müalicə məsləhət görülür” göstərilmişdir. Sonuncu - xx.xx.2023-cü il tarixli cavabda “Diaqnoz: Qastrit və diodenit. Mədə güdülü qastirit. Əməliyyat olunmuş mədə kataral ezofagit. Əsas diaqnoz: K 28.4 Qastroyeyonal Xora. Xroniki və ya dəqiqləşdirilməmiş qanaxma ilə Anostomuzun xorasının fiksə olunmuş tromb” ilə imtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Müalicəyə potensialı tükənməyib. Müayinə və müalicəi davam etdirməli.” Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 X2 Sosial Ekspert Komissiyası tərəfindən ona növbəti müddətə əlillik təyinatından imtina edilməsini əsassız və qanunsuz hesab etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 11 mart 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « MTE və PAB » PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 904/2023 nömrəli ekspert rəyi, AR ƏƏSMN DTSERA tərəfindən məhkəməyə təqdim edilmiş etiraz, TSEK müayinələrin nəticələri, AR ƏƏSMN DTSERA Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlər və cavablar əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələrindən görünür ki, İddiaçı xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixdə keçirilən müayinənin nəticəsində “Urolitiaz. Sağ tərəfli pielolitotomiya. İki tərəfli xroniki kalkulyoz pielonefrit hipertonik tip. Mədə rezeksiyası əməliyyatından sonrakı vəziyyət. XR BÇ İİ dər. İİ-li anemiya” diaqnozu ilə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə keçirilən müayinənin nəticəsində “iki tərəfli xroniki kalkulyoz pielonefrit tez-tez residivləşmələrlə. Sağ tərəfli pielolitotomiya. Deşilmiş mədə xorasının gözənməsi əməliyyatından sonrakı vəziyyət. Nefrogen hipertenziya. XBÇ İİ dərəcə İİ-li anemiya” diaqnozu ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə keçirilən müayinənin nəticəsində eyni diaqnoz ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə keçirilən müayinənin nəticəsində “Böyrək və sidik axarı daşları, Böyrək daşı xəstəliyi. Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, Nefrogen hipertoniya. Xroniki böyrək xəstəliyi İİ mərhələ, XBÇ İİ dər. Ağırlaşma N11.8 Digər xroniki tubulointerstisial nefritlər, Xr. Tez-tez residivləşən iki tərəfli kalklyoz obstruktiv pielonrfrit, davamsız remisiya ilə. Sağ tərəfli pielolitotomiya əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma D50 Dəmir defisitli anemiya, Yanaşı xəstəliklər K25 Mədə xorası, Deşilmiş mədə yarasına görə gözənməsindən sonrakı vəziyyət” diaqnozu ilə, xx.xx.2021-ci il tarixdə keçirilən müayinənin nəticəsində “Digər xroniki tubulointerstisial nefritlər, Xr. Gedişli tez-tez residivləşən reflyuksla bağlı qeyriobstruktivpielonefrit davamsız remiziya ilə. Xroniki böyrək xəstəliyi İİ mərhələ, XBÇ İİ dər. Başqa rubrikalarda təsnif edilən xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya. Əsasən böyrəklərin zədələnməsi ilə müşayiət olunan hipertenzif xəstəlik. Nefrogen hipertoniya” diaqnozu ilə, xx.xx.2023-cü il tarixdə keçirilən müayinənin nəticəsində “K29 Qastrit və duodenit, Mədə güdülü qastriti. Əməliyyat olunmuş mədə Kataral Ezofagit. Əsas diaqnoz 28.4 qastroyeyunal xora, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Anastomozun xorasının kəskinləşməsi (Fiksə olunmuş tromb ilə)” əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir . Məhkəmə qeyd edir ki, İddiaçı barəsində keçirilmiş bütün müayinələrin nəticəsi olaraq onun barəsində qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin olunması cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞnin xx.xx.2023-cü il tarixli, T 904/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarını, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: N11.8-digər xroniki tubulointerstisial, nefritlər, xr.gedişli tez-tez residivləşən reflyuksla bağlı qeyri-obstruktiv pielonefrit, davamsız remissiya ilə; Ağırlaşma: N18.2-xroniki böyrək xəstəliyi İİ mərhələ XBÇ İİ dər, D63-başqa rubrikalarda təsnif edilən xroniki xəstəliklər zamanı rast gilinən, anemiya, renal anemiya, İ12-əsasən böyrəklərin zədələnməsi ilə müşayiət olunan, hipertenziv (hipertoniya) xəstəlik (-yi), nefrogen hipertoniya. Yanaşı xəstəliklər K25.1-mədə xorası, kəskin deşilmə ilə, deşilmiş mədə yarasına görə, gözənməsindən sonrakı vəziyyət” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Bununla yanaşı iş materiallarına əlavə edilmiş TSEK müayinə nəticələrindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda Bərdə Rayon Mərkəzi Xəstəxanası və Akademik M.C.Cavadzadə adına Respublika Xəstəxanasında “Qastroyeyunal xora, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə. Anastomozun xorasının kəskinləşməsi (Fiksə olunmuş tromb ilə)” diaqnozu ilə (klinik diaqnoz XBT kodu K28.4) və Bərdə MRX-da “Mədə xorası, Kəskin, deşilmə ilə deşilmiş mədə yarasına görə gözənməsindən sonrakı vəziyyət” diaqnozu ilə (klinik diaqnoz XBT kodu K25.1) olmuşdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında “Qastroyeyunal xora, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə. Anastomozun xorasının kəskinləşməsi (Fiksə olunmuş tromb ilə)” (klinik diaqnoz XBT kodu K28.4) və “Mədə xorası, Kəskin, deşilmə ilə deşilmiş mədə yarasına görə gözənməsindən sonrakı vəziyyət” (klinik diaqnoz XBT kodu K25.1) diaqnozları göstərilməmişdir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının müayinəsi zamanı qoyulmuş diaqnozlar əlillik əlaməti təyin etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə təyin edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud olmadığından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində əlilliyin bərpa edilməməsi mövqeyi haqlıdır və bu səbəbdən iddia təmin edilməməlidir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-163/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-163/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver