Məhkəmə qərarları › İş №2-1(114)-1630/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1630/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1630/2021 04.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdeh nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qərarın ləğvi, işə bərpa və öz ərizəsinə əsasən işdən azad olunma ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı 16.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.02.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı qərarın ləğv edilməsi, işə bərpa edilməsi və onun öz ərizəsinə əsasən işdən azad olunması ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 21 iyun 2012-ci il tarixdən sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilərək Cavabdeh başçısının Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, 26.02.2021-ci il tarixli Cavabdeh qərarı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir. Həmin qərarın mahiyyətindən görünür ki, guya iddiaçı qeyri-qanuni olaraq işğaldan azad olunmuş ərazilərə keçdiyinə və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyinə görə vəzifədən azad olunmuşdur. Bu günə kimi işdən azad olunması ilə bağlı Cavabdeh qərarını əldə etsə də, qanunvericilikdə nəzərdə tutulmuş vaxtda ona əmək kitabçası təqdim olunmamışdır. Bundan başqa 26.02.2021-ci il tarixdə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.6-cı maddəsinə əsasən işdən azad olunacağı ilə bağlı ona məlumat verildikdə onu qanunsuz işdən azad etməmələri üçün Cavabdehnə öz ərizəsi ilə işdən azad olunmaq istəyini nəzərə alaraq vəzifədən azad olunması ilə bağlı əvvəlcədən ərizə yazıb göndərmişdir. Buna baxamayaraq ərizəsi nəzərə alınmamış və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir. Belə ki, 24 fevral 2021-ci il tarixdə saat 18:00-dan sonra iddiaçının Tərtər rayon Talış kəndi inzibati ərazi dairəsi üzrə nümayəndə işləyən dostu Anar ondan bəzi məlumatları dəqiqləşdirmək üçün azad edilmiş Talış kəndi istiqamətinə birlikdə gedib qayıtmağı xahiş etmiş, iddiaçı isə artıq iş vaxtı olmadığına və dostu Anarın nəzarətində olan kənd olduğuna görə onunla birlikdə həmin kəndə getməyə razılaşmışdır. Onlar Talış kəndi istiqamətində onun avtomobili ilə getmiş, lakin yol buzlu olduğundan geri qayıtmışlar. Geri qayıdarkən yolda avtomobilin qarşısına at çıxdığından Anar idarəetməni itirdiyinə görə avtomobil qəzaya uğramışdır. Onlar Tərtər rayon Talış kəndinə getmək istəyərkən qanunsuz olaraq həmin ərazilərə keçməyə cəhd etməmiş və ümumiyyətlə qadağan olunmuş əraziyə getməmişlər. Hesab edir ki, işdən azad edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl edilməmişdir. Belə ki, vəzifəsindən azad olunması ilə bağlı xidməti yoxlama işi aparılmamış və bu məqsədlə müvafiq komissiya yaradılmamışdır. Bu barədə araşdırma aparılsa da onun xəbəri olmamış, bu formal xarakter daşımışdır. Belə ki, əgər araşdırma aparılsa idi, onun qeyri-qanuni işğaldan azad olunan əraziyə getmədiyi və işlədiyi dövlət orqanın nüfuzunu aşağı salmadığı məlum olardı. 26.02.2021-ci il tarixədək işində hər hansı qanun pozuntusuna yol verməmiş, dəfələrlə mükafatlandırılmış, həmin günə kimi intizam qaydasında heç bir cəzası olmamışdır. Buna baxmayaraq “Dövlət qulluğu haqqında” qanunda nəzərdə tutulmuş intizam tənbehi kimi digər tənbehlər verilmədən birbaşa işdən çıxarılması qanunsuz olmuşdur. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı qadağan edilmiş əraziyə keçmiş olsaydı inzibati və ya cinayət məsuliyyətinə məruz qalmalı idi, lakin polis şöbəsinin məktubundan da görünür ki, belə bir cəzaya məruz qalmamışdır. Həmçinin iddiaçı həmişə özünü yaxşı işçi kimi göstərmişdir, buna baxmayaraq işəgötürən ona qarşı ən ağır tənbeh növünü tətbiq etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbindən aydın olur ki, iddiaçı həm işə bərpanı, həm də öz arzusu ilə işdən azad olunmasını xahiş edir. Belə olan halda sual olunur ki, işə bərpa olunma tələbi varsa, işdən öz arzusu ilə azad olunma nəyə lazımdır? Təkcə bu fakt onu deməyə əsas verir ki, iddiaçı işdən azad olunmasını qanuni sayır, lakin gələcəkdə dövlət qulluğunda öz xidmətini davam etdirmək üçün dövlət qulluğundan azad olunmasına dair əmrin əsasını “dövlət qulluqçusunun öz arzusu” əsası ilə dəyişdirmək istəyir və məhz bu səbəbdən də 29.06.2021-ci il tarixidə ərizə ilə müraciət etmişdir. Lakin dövlət qulluğundan azad olunmasına dair əmrin əsasını dəyişmək mümkün deyildir. İş materiallarından görünür ki, qanunvericiliyin müddəalarına uyğun hərəkət edərək İddiaçı intizam tənbehinin tətbiqinə əsaslar olduğu üçün araşdırma aparılmış, dövlət qulluqçusundan yazılı izahat alınmış və yalnız bundan sonra müvafiq əmr verilmişdir. Odur ki, iddiaçının işdən azad edilməsinə dair verilmiş əmr qanuni və əsaslıdır və onun ləğvinə və ya dəyişdiriləsinə heç bir əsas yoxdur. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Cavabdeh 21.06.2012-ci il tarixli 49 nömrəli əmrindən görünür ki, İddiaçı Cavabdeh başçısının Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. -surəti işə əlavə edilmiş Cavabdeh 26.02.2021-ci il tarixli 32 nömrəli əmrindən görünür ki, İddiaçı qeyri-qanuni olaraq işğaldan azad olunmuş ərazilərə keçdiyi və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq 26.02.2021-ci il tarixdən dövlət qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. -surəti işə əlavə edilmiş Cavabdeh 06.07.2021-ci il tarixli 1761 nömrəli məktubundan görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. -Tərtər rayon Polis şöbəsinin 12.09.2021-ci il tarixli, 184-20581-1221 nömrəli məktubunda bildirilir ki, İddiaçı işğaldan azad edilmiş əraziyə keçməsi ilə bağlı inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Tərtər RPŞ-də material qeydə alınmamışdır. İddiaçı iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi işğaldan azad edilmiş Tərtər rayon Suqovuşan-Talış avtomobil yolunda qeydə alınmışdır və sözügedən əraziyə daxil olma müvafiq icazə əsasında həyata keçirilir, sonuncu isə müvafiq icazə sənədi almadan işğaldan azad edilmiş əraziyə daxil olmuşdur. -surəti işə əlavə edilmiş Tərtər rayon Polis şöbəsinin 15.04.2021-ci il tarixli qərarından görünür ki, X3 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən 26.02.2021-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini 12.07.2021-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Mövcud qanunvericiliyə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsi). Hazırda mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulmadığına görə iddia qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı Cavabdeh 26.02.2021-ci il tarixli 32 nömrəli qərarı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq 26.02.2021-ci il tarixdən dövlət qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İddiaçı isə qeyd olunanlarla razılaşmayaraq barəsində qəbul edilmiş qərarın ləğv olunmasını, işə bərpa edilməsini və öz ərizəsinə əsasən işdən azad olunma ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarda iddiaçının işdən azad edilməsinə səbəb olaraq qeyri-qanuni şəkildə işğaldan azad olunmuş ərazilərə keçməsi və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı həqiqətən 24.02.2021-ci il tarixdə tanışı Anar İsmayılov və digər 3 nəfərlə birlikdə Tərtər rayonu Seydimli-Suqovuşan-Talış kənd yolunun Suqovuşan kəndi ərazisindən keçən hissəsində avtomobillə hərəkət edərkən yol nəqliyyat hadisəsi baş vermiş, iddiaçı və digər şəxslər müəyyən dərəcəli bədən xəsarətləri almışlar. Tərtər rayon Polis şöbəsinin 12.09.2021-ci il tarixli, 184-20581-1221 nömrəli məktubundan da görünür ki, iddiaçı müvafiq icazə almadan işğaldan azad edilmiş əraziyə keçmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, 2020-ci il sentyabrın 27-də başlamış Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının işğalda olan digər əraziləri ilə yanaşı Tərtər rayonunun Suqovuşan və Talış kəndləri də işğalda azad edilmişdir. Bununla yanaşı işğaldan azad olunmuş ərazilərində idarəetmənin təşkili məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 29.10.2020ci il tarixli 1170 nömrəli Fərman verilmişdir. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etməsi qərara alınmışdır (Fərmanın 1-ci və 8-ci bəndləri). Göründüyü kimi işğaldan azad olunmuş ərazilər üzrə Prezidentin müvafiq fərmanı ilə tətbiq olunan xüsusi giriş-çıxış rejimi qüvvədədir, deməli hələ də vətəndaşların işğaldan azad olunmuş ərazilərə xüsusi icazə almadan getməsi məqsədə müvafiq deyil. Buna baxmayaraq iddiaçı sözügedən əraziyə müvafiq icazə olmadan daxil olmuşdur. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. -14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. -18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli, dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir (Qanunun 18.0.1, 18.0.3 və 18.0.4-cü maddələri). -25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. -25.2.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində “dövlət qulluğundan azad edilməsi” intizam tənbeh tədbiri tətbiq edilə bilər -33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. İddia tələbindən göründüyü kimi iddiaçı həm işə bərpa edilməsini, həm də öz ərizəsinə əsasən işdən azad edilməsini xahiş etmişdir. Bu fakt isə onu deməyə əsas verir ki, iddiaçı işdən azad edilməsini qanuni sayır, sadəcə olaraq dövlət qulluğundan azad olunmasına dair əmrin əsasını “dövlət qulluqçusunun öz arzusu” əsasına dəyişmək niyyətindədir. Lakin iş materialları ilə də təsdiq olunur ki, iddiaçı, tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulduğuna görə işdən azad edilmişdir. Bu səbəbdən də iddia əsaslı hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən 26.02.2021-ci il tarixli 32 nömrəli qərar qəbul edilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı qərarın ləğvi, işə bərpa və öz ərizəsinə əsasən işdən azad olunma ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar