Məhkəmə qərarları › İş №2-1(114)-1630/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1630/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1630/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ərizəsinə əsasən ona Xoşbulaq kəndi ərazisinin “Kaçovka” adlanan ərazisindən 0.06 ha torpaq sahəsinin ayrılması ilə əlaqədar xx.xx.1995-ci il tarixli yerin seçilmə aktı tərtib olunmuşdur

2. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 112 nömrəli arxiv arayışında göstərilmişdir ki, Daşkəsən Rayon Xalq X6 Heyətinin xx.xx.1995-ci il tarixli 26 saylı iclas protokolunun qərarı ilə rayon icra hakimiyyəti başçısının vəsatətinə əsasən Xoşbulaq kənd sakini İddiaçı Xoşbulaq kəndi ərazisinin “Kaçovka” adlanan sahəsindən 0.06 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.

3. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 114 nömrəli arxiv arayışında göstərilmişdir ki, Daşkəsən rayon Zağalı kənd İƏDÜN-nin 2001-2005-ci illəri əhatə edən 161 nömrəli təsərrüfatbaşına kitabının 499 nömrəli şəxsi hesabında Daşkəsən Rayon Xalq X6 Heyətinin xx.xx.1995-ci il tarixli 26 saylı iclas protokoluna əsasən Xoşbulaq kənd sakini İddiaçı Xoşbulaq kəndi ərazisinin “Kaçovka” adlanan sahəsindən 0.06 ha torpaq sahəsi ayrılması barədə qeyd edilmişdir.

4. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki,aparılan araşdırma zamanı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi üçün sənəd təqdim edilməmişdir. Həmçinin, torpaq sahəsinin yeni uçot məlumatlarına əsasən bələdiyyənin ehtiyat fonduna aid (örüş) əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 8327/2023 nömrəli cavab məktubunda göstərilir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinə dair X7 adına texniki pasport verilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair X4 adına xx.xx.1987-ci il tarixli qeydiyyat vəsiqəsi və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli **********74-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarına, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli iclas protokolundan çıxarışa, xx.xx.2007-ci il tarixli 1645 nömrəli Torpaqların alqısatqısına dair akta, DT və XK-nin TŞ-07-1645 nömrəli arayışına, Daşkəsən rayon Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışa DT və XK-nin rəyinə, DTXK-nin xx.xx.2009-cu il tarixli, 1141 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, qəbz əsasında 0.04 ha torpaq sahəsinə dair X2 adına xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli **********46 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarına, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolundan çıxarışa, xx.xx.2007-ci il tarixli, 1211 nömrəli Torpaqların alqı-satqısına dair akta, DT və XK-nin TS-07-1211 nömrəli arayışına, Daşkəsən rayon Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışa, DT və XK-nin rəyinə, DTXK-nin 01,09.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, qəbz əsasında 0.02 ha torpaq sahəsinə dair X8 adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli **********36 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2014-cü il tarixli 4Ə-2471 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.04 ha torpaq sahəsi X5 tərəfindən X1. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 24 saylı sərəncamından çıxarışa əsasən X11 qeyd olunan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd olunan ünvanda yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair X8 adına xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli **********36-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daşkəsən rayon Xalq X6 Heyətinin xx.xx.1995-ci il tarixli 26 saylı iclas protokolunun qərarı ilə İddiaçı Xoşbulaq kəndi ərazisinin “Kaçovka” adlanan sahəsindən 0.06 ha torpaq sahəsinin məkan göstəriciləri (yerləşmə mövqeyi və koordinatları (X, Y) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, aparılan araşdırma zamanı iddiaçının iddia edərək naturada faktiki təqdim etdiyi sahəyə əsaslanılmışdır. 2) İddiaçının iddia edərək naturada faktiki təqdim etdiyi sahə 0.0430 ha (430.0 kv.m) təşkil edir. Həmin torpaq sahəsinin 0.0411 ha (411.0 kv.m) hissəsi bələdiyyə müəliyyətində, 0.0019 ha (19.0 kv.m) hissəsi isə digər şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının iddia edərək naturada faktiki təqdim etdiyi 0.0430 ha (430.0 kv.m) torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında, ehtiyat fond torpaqları kateqoriyasına aid, fərdi yaşayış tikililərinin altında yerləşən örüş sahəsi olaraq göstərilmişdir. 3) İddiaçının iddia edərək naturada faktiki təqdim etdiyi 0.0430 ha (430.0 kv.m) torpaq sahəsinin 19.0 kv.m hissəsi elektron baza materiallarına istinadən xx.xx.2008-ci il tarixli **********36 reyestr nömrəli çıxarışa əsasən X8 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 68.0 kv.m hissəsi isə xx.xx.2020-ci il tarixli **********74-10301 reyestr nömrəli çıxarışa əsasən X4 istifadəsində olan bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələrinin torpaqları ilə üst-üstə düşür. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Xalq X6 Heyətinin (xx.xx.1995-ci il yerin seçilmə aktı tərtib edilməklə) xx.xx.1995-ci il tarixli 26 saylı iclas protokoluna əsasən ona Xoşbulaq kəndi ərazisinin "Kaçovka" adlanan sahədən 0.06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş 4 yaşayış otağının, mətbəxin, dəhlizin, sanitar qovşağının və talvarın üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Daşkəsən rayonun Xoşbulaq kəndində anadan olmuşdur. Anadan olduğu vaxtdan bu günə kimi Daşkəsən rayon Zağalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Xoşbulaq kəndində yaşayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin İX fəsil 75-ci maddəsinə uyğun olaraq rayon İHB-nın Zağalı İƏÜN-nin vəsatətinə əsasən Daşkəsən rayon Xalq X6 Heyətinin (xx.xx.1995-ci il yerin seçilmə aktına tərtib edilməklə) xx.xx.1995-ci il tarixli 26 saylı iclas protokoluna əsasən o, İddiaçı Xoşbulaq kəndi ərazisinin “Kaçovka” adlanan sahədən 0.06 hektar toıpaq sahəsi ayrılmışdır. Almış olduğu sənədlər və Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Bölməsinin böyük mühəndisinin möhürü ilə təsdiqlənmiş Daşkəsən rayonu Xoşbulaq kəndinin “Kaçovka” adlanan sahəsində ona yaşayış evinin tikintisi üçün planı da verilmişdir. Ona verilmiş 0.06 ha həyətyanı toıpaq sahəsində ev tikdirmişdir. Lakin, ona verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin və tikdirdiyi evin sənədləri olduğundan Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri haqqında 29 iyun 2004-cü il tarixli № 713-İİQ Qanunu ilə sənədləşdirmədiyindən, həmin sənədlərin surətlərini almaq üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, Daşkəsən rayon Dövlət Arxivinə müraciət etməli olmuş və ona Daşkəsən rayon Dövlət Arxivinin verdiyi Daşkəsən rayon Xalq X6 Heyətinin xx.xx.1995-ci il tarixli 26 saylı iclas protokolunun xx.xx.2022-ci il tarixli 112 nömrəli arxiv arayışını, yerin seçilmə aktını, xx.xx.2022-ci il tarixli 113 nömrəli arxiv arayışını, Daşkəsən rayon Zağalı İƏÜN-nin 2001-2005 illəri əhatə edən 161 №-li təsərrüfatbaşına kitabının 499 №-li şəxsi hesabının onun mülkü barədə xx.xx.2022-ci il tarixli 114 nömrəli arxiv arayışı və Azərbaycan Respublikası Daşkəsən İcra Hakimiyyətinin Tikinti və Memarlıq Bölməsinin böyük mühəndisinin möhürü ilə təsdiqlənmiş Daşkəsən rayonu Xoşbulaq kəndinin “Kaçovka” adlanan sahəsində ona yaşayış evinin tikintisi üçün planın surətinin əsli ilə düz olması barədə xx.xx.2022-ci il tarixdə möhür ilə təsdiqlənmiş surəti verilmişdir. O, ərizə ilə yuxarıda qeyd etdiyi sənədləri təqdim edərək üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 23 noyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********59 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsinə sənədlərin naturada müəyyən edilməsi üçün sənəd təqdim edilməmişdir. Həmçinin torpaq sahəsinin yeni uçot məlumatlarına əsasən bələdiyyənin ehtiyat fondunun aid (örüş) əraziyə düşdüyü edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

17. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X15 və X10 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs X10 məhkəmə iclasına gəlmişlər, digər üçüncü şəxs X15 isə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi 4 yaşayış otağı, mətbəx, dəhliz, sanitar qovşağı və talvardan ibarət tikili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı təqdim olunan sənədlər əsasında qeydiyyata alınmalı olan torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. Müayinə baxışı zamanı həmin torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən bələdiyyə ehtiyat fondunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli **********59 nömrəli cavab məktubu ünvanlanmışdır. Hesab edirlər ki, iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir.

23. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Üçüncü şəxs X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 112 nömrəli və 113 nömrəli, xx.xx.2022-ci il tarixli 114 nömrəli arxiv çıxarışıları; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********59 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 8327/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı ərizəsinə əsasən ona Xoşbulaq kəndi ərazisinin “Kaçovka” adlana ərazidən 0.06 ha torpaq sahəsinin ayrılması ilə əlaqədar xx.xx.1995-ci il tarixli yerin seçilmə aktı tərtib olunmuş, Daşkəsən Rayon Xalq X6 Heyətinin xx.xx.1995-ci il tarixli 26 saylı iclas protokolunun qərarı ilə rayon icra hakimiyyəti başçısının vəsatətinə əsasən Xoşbulaq kənd sakini İddiaçı Xoşbulaq kəndi ərazisinin “Kaçovka” adlanan sahəsindən 0.06 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edərək, ailəsi ilə birlikdə orada yaşayır. İddiaçının torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciətinə cavabdeh tərəfindən imtina cavabı verilmiş və bununla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi üçün sənəd təqdim edilməmişdir. Həmçinin, torpaq sahəsinin yeni uçot məlumatlarına əsasən bələdiyyənin ehtiyat fonduna aid (örüş) əraziyə düşdüyü müəyyən edilmişdir.

28. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.

29. Belə ki, Daşkəsən Rayon Xalq X6 Heyətinin xx.xx.1995-ci il tarixli 26 saylı iclas protokolunun qərarı ilə İddiaçı Xoşbulaq kəndi ərazisinin “Kaçovka” adlana sahədən ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşmə yerini göstərən hər hansı texniki sənəd məhkəməyə təqdim edilməmişdir (mövcud deyildir). Məhkəmə iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.06 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və bələdiyyənin ehtiyat fonduna aid (örüş) əraziyə düşübdüşməməsinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyinin alınmasını qərara almış və tərtib edilmiş mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəyə əsasən müəyyən edilir ki, Daşkəsən rayon Xalq X6 Heyətinin xx.xx.1995-ci il tarixli 26 saylı iclas protokolunun qərarı ilə İddiaçı Xoşbulaq kəndi ərazisinin “Kaçovka” adlanan sahəsindən 0.06 ha torpaq sahəsinin məkan göstəriciləri (yerləşmə mövqeyi və koordinatları (X, Y) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, aparılan araşdırma zamanı iddiaçının iddia edərək naturada faktiki təqdim etdiyi sahəyə əsaslanılmışdır. İddiaçının iddia edərək naturada faktiki təqdim etdiyi sahə 0.0430 ha (430.0 kv.m) təşkil edir. Həmin torpaq sahəsinin 0.0411 ha (411.0 kv.m) hissəsi bələdiyyə müəliyyətində, 0.0019 ha (19.0 kv.m) hissəsi isə digər şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının iddia edərək naturada faktiki təqdim etdiyi 0.0430 ha (430.0 kv.m) torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında, ehtiyat fond torpaqları kateqoriyasına aid, fərdi yaşayış tikililərinin altında yerləşən örüş sahəsi olaraq göstərilmişdir. İddiaçının iddia eədrək naturada faktiki təqdim etdiyi 0.0430 ha (430.0 kv.m) torpaq sahəsinin 19.0 kv.m hissəsi elektron baza materiallarına istinadən xx.xx.2008-ci il tarixli **********36 reyestr nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 68.0 kv.m hissəsi isə xx.xx.2020-ci il tarixli **********74-10301 reyestr nömrəli çıxarışa əsasən X4 istifadəsində olan bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələrinin torpaqları ilə üst-üstə düşür.

30. Göründüyü kimi, hazırki işdə mübahisəli torpaq sahəsinin məkan göstəriciləri (yerləşmə mövqeyi və koordinatları (X, Y) əks olunmuş plan və ölçü sənədi inzibati orqana təqdim edilməmişdir. İddiaçının faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinin 0.0411 ha (411.0 kv.m) hissəsi bələdiyyə mülkiyyətində olan örüş sahəsi, 0.0019 ha (19.0 kv.m) hissəsi isə üçüncü şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahəsidir.

31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin xx.xx.2023-cü il tarixədək olan redaksiyasına görə: Maddə 16.1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Maddə 16.3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 16.4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.

32. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, iddia edilən torpaq sahəsi üzərində digər şəxslərin hüquqları dövlət qeydiyyatına alınmışdır.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.

35. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar