Məhkəmə qərarları › İş №2-1(114)-1631/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1631/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1631/2021 28.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, “Qərarın ləğvi və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 oktyabr 2018-ci il tarixli, ******* nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” qərarı ilə 15 oktyabr 1968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 24 iyun 2021-ci il tarixli, ******* nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 22.06.2021-ci il tarixdə daxil olmuş və 100564/m daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılmış və müraciət müəllifinə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 17.10.2018-ci il tarixli 25227/m nömrəli sorğu əsasında vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində 22.10.2018-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Bundan sonra, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 15.07.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında 22 oktyabr 2018-ci il tarixli, ******* nömrəli qərarını ləğv edib, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 oktyabr 1968-ci il tarixdə Kəlbəcər rayonunun Boyatlı kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır. Özü Rusiya Federasiyasının vətəndaşı olsa da, həyat yoldaşı X2 və övladları Azərbaycan Respublikası vətəndaşıdırlar. O, səkkiz ildir ki, Azərbaycan Respublikasında yaşayır. SSRİ vətəndaşı olduğundan Azərbaycan vətəndaşlığından imtina etmədən Rusiya vətəndaşı olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müraciət etsə də, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 22 oktyabr 2018-ci il tarixli, ******* saylı qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanımamışdır. Həmin qərardan məhkəməyə qanunda nəzərdə tutulmuş bir ay müddətində müraciət etməmişdir, ona görə ki, həmin vaxtlarda anası ağır xəstə olmaqla Bakı şəhərində müalicə alırmış, ona qulluq etdiyindən vaxtında məhkəmədə iddia qaldıra bilməmişdir. Təkrarən yenidən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə bu barədə müraciət etsə də, 24 iyun 2021-ci il tarixli, ******* saylı məktubla imtina cavabı verilərək barəsində 22.10.2018-ci il tarixdə ******* saylı qərar verildiyi bildirilmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş imtina məktubunu, eləcə də qərarı qanunsuz və əsassız hesab edir. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPMin 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müraciət etsə də, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 22 oktyabr 2018-ci il tarixli, ******* saylı qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanımamış, həmin qərardan məhkəməyə qanunda nəzərdə tutulmuş bir ay müddətində müraciət etməmişdir. Çünki həmin vaxtlarda anası ağır xəstə olmaqla Bakı şəhərində müalicə alırmış, anasına qulluq etdiyindən vaxtında məhkəmədə iddia qaldıra bilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirmiş, prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, hal-hazırda iddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikasının qanunvericiliyində ikili vətəndaşlıq nəzərdə tutulmadığından iddiaçının müraciəti barədə 22 oktyabr 2018-ci il tarixli, ******* saylı qərarla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış, həmin qərardan 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilməsi nəzərdə tutulmuşdur. İddiaçı qərarla tanış olduğu halda üç ilə yaxın müddət ərzində qərarı mübahisələndirməmişdir. Ona görə də, hazırkı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddiaçı qərarın qəbul edildiyi 22.10.2018-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edərək əsas kimi həmin ərəfədə anasının ağır xəstə olmaqla Bakı şəhərində müalicə almasını, anasına qulluq etdiyindən vaxtında məhkəmədə iddia qaldıra bilməməsini göstərmişdir. İddiaçı prosessual müddətin bərpasına əsas kimi qeyd etdiyi anasının ağır xəstə olmaqla Bakı şəhərində müalicə almasına dair məhkəməyə heç bir əsaslı dəlil təqdim etməmiş, qərarın qəbul olunduğu 22.10.2018-ci il tarixdən iddia ərizəsinin verildiyi 15.07.2021-ci il tarixədək üç ilə yaxın keçən müddət ərzində iddia tələbi ilə məhkəməyə müraciət etmə müddətinin onun təqsiri olmadan buraxıldığı halları əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın qərarın ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar