Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1631/2025 16.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun Mərkəzi Kredit Reyestrindən silinməsi, problemli kredit üzrə borclu qismində adının və borcun bankəməliyyat sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1(81)-3620/2016 nömrəli qərarı ilə ərizə təmin edilmiş, "xxxx" ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-178/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə təmin edilməmişdir.
3. Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli 12-5/2-Y-287-21-202/2-2024 nömrəli məktubda bildirilmişdir ki, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ona 36 (otuz altı) ay müddətinə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Bildirilir ki, sözügedən kredit müqaviləsi üzrə LPO "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 12.277,30 (on iki min iki yüz yetmiş yeddi manat otuz qəpik) manat əsas borc, 1.884.42 (bir min səkkiz yüz səksən dörd manat qırx iki qəpik) manat faiz borc, 1.365,38 (bir min üç yüz altmış beş manat 38 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 15.527,10 (on beş min beş yüz iyirmi yeddi manat on qəpik) manat borc öhdəliyi mövcuddur. Əlavə olaraq bildirilir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi əsas öhdəliyin xitamına səbəb olmur və borcun Mərkəzi Kredit Reyestrindən silinməsi üçün əsas deyildir, eyni zamanda Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-178/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən bank əməliyyat sistemində borcunun silinməsinə dair LPO "xxxx" qarşısında heç bir öhdəlik qoyulmamışdır. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, borcun Mərkəzi Kredit Reyestrindən silinməsi, problemli kredit üzrə borclu qismində adının və borcun bank əməliyyat sistemindən silinməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-178/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Lakin bugünə kimi cavabdeh təşkilat problemli kredit üzrə borclu kimi adını sistemdən silmir. Bu hal onun mülkiyyət hüquqlarını pozur və o, yaşayış evi ilə bağlı sərəncam verə bilmir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir.
8. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
9. Cavabdeh orqanın iddia tələbi ilə bağlı ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2016cı il tarixli, 16 saylı qərarı ilə "xxxx" ASC-nin Bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı qərarına əsasən "xxxx" ASC-nin ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İddia ərizəsi tərəflər arasında müqavilədən doğan öhdəlikdir, yuxarıda qeyd edilənlərə əsasən inzibati xarakterli deyil və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4065/2023 saylı xx.xx.2023-cü il tarixli, 2(102)-4486/2022 saylı xx.xx.2022-ci il tarixli və 2(006)-3347/2024 saylı xx.xx.2024-cü il tarixli, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 4711/2024 saylı və bir sıra digər qərarlarına nəzər yetirilən zaman Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı olan oxşar məzmunlu işlər üzrə bir çox mübahisələrə ümumi (rayon, şəhər) məhkəmələrində baxıldığı və yekun məhkəmə aktlarının qəbul edildiyi müəyyən edilmişdir. Bundan başqa, “Banklar haqqında” Qanunun tələblərinə əsasən ləğvedici - hazırkı halda Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankın öhdəliklərinə görə məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Belə tipli iddia ərizələri üzrə tələblər Əmanətlərin Sığortalanması Fonduna qarşı ləğvedici kimi yönəlir (cavabdeh - LPO Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qeyd olunmalıdır, VÖEN isə LPO Zaminbank ASC-nin qeyd olunmalıdır). Hesab edirlər ki, hazırkı iddianın mahiyyətinə toxunmayaraq inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından hazırkı iddia mümkün sayılmamalıdır.
10. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərmişdir ki, Fondun ona qarşı iddiaçı Gəncə Kommersiya Məhkəməsinin qərarı ilə rədd edildiyindən tələbini əsaslı sayır və onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
11. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
12. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
13. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
14. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
15. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
16. İddia ərizəsindən görünür ki, hazırkı mübahisə borclu olan iddiaçı ilə hazırkı cavabdehin ləğvedicisi olduğu (ləğv prosesində olan) "xxxx" ASC-nin arasında bağlanmış müqavilə üzrə yaranmışdır və bu, cavabdeh Fondun ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyildir və belə mübahisələrə mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.
17. Belə ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ona 36 (otuz altı) ay müddətinə 14.500 (on dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borc alan – hazırkı halda iddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca və tam icra etməmiş və nəticədə iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-178/2024 nömrəli qətnaməsinə əsasən iddia müddətinin keçməsi əsası ilə müddət tətbiq edilməklə iddia təmin edilməmişdir.
18. Hazırda iddiaçı həmin qətnamə üzrə ona qarşı tələbin təmin edilməməsini əsas gətirməklə, borcunun Mərkəzi Kredit Reyestrindən silinməsi, problemli kredit üzrə borclu qismində adının və borcun bank-əməliyyat sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati məhkəmədə iddia qaldırmışdır.
19. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür... Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
20. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.
21. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.
23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
24. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçı mütəxəssis tərəfindən daşınmaz əmlaka baxış keçirilməsinə yaradılan maneənin aradan qaldırılması tələbilə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva