Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1633/2021 05.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 16.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 03.04.1992-ci il tarixdən 03.06.1992-ci il tarixədək Qazax Rayon Hərbi Komissarlığı tərəfindən 60 günlük təlimə çağrılmış və xidmət keçmək üçün əvvəlcə Qazax rayonunda yerləşən N nömrəli hərbi hissədə, sonra isə hərbi hissənin nömrəsi N nömrəli hərbi hissə olmuşdur və o, hərbi hissədə əsgər-minamyotçu vəzifəsində xidmət etmişdir. Həmin hərbi hissələrin tərkibində iddiaçı Azərbaycan Respublikasının bütövlüyü uğrunda Qazax rayonunun Lələkənd və Fərəhli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 03.06.1992-ci il tarixdə təlimi bitirərək iş yerinə qayıtmışdır. Lakin bu barədə hərbi vəsiqəsində qeyd aparılmamışdır. Onun 01.04.1992-ci il tarixdən hərbi toplanışda olması N saylı hərbi hissənin 1-ci batalyonu komandirinin 05.05.1992-ci il tarixli 9 nömrəli əmrindən çıxarışla təsdiq edilir. Bundan başqa, onun 04.04.1992-ci ildən 03.06.1992-ci ilə kimi N (indiki 707) nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi faktı Qazax Rayon Məhkəməsinin 2(023)-1123/2017 saylı 30.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 31.08.2021-ci il tarixli, 11/4158 nömrəli iddia ərizəsinə vəsatətdə qeyd edilmişdir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi Gəncə İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(114)-897/2021 qərardadı ilə mümkünsüz sayıldığına və iddiaçı tərəfindən apelyasiya şikayəti verilmədiyinə görə hazırki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş N nömrəli hərbi hissənin İ batalyonu komandirinin 05.05.1992-ci il tarixli 9 nömrəli əmrindən çıxarışda İddiaçı 01.04.1992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməsi və həmin tarixdən hərbi toplanışda sayılması qeyd edilmişdir. -surəti əlavə edilmiş Qazax Rayon Hərbi Komissarlığının 03.06.1992-ci il tarixli, 3/276 nömrəli arayışında İddiaçı 03.04.1992-ci il tarixdən 03.06.1992-ci il tarixədək hərbi toplanışda olması qeyd edilmişdir. -surəti əlavə edilmiş Qazax rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli 2(023)- 1123/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı 04.04.1992-ci il tarixdən 03.06.1992-ci tarixədək N (indiki 707) nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi faktı müəyyən edilmişdir. -surəti əlavə edilmiş 25.11.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 21.11.1978-ci il tarixdən 20.11.1980-ci il tarixədək hərbi xidmət keçməsi barədə qeydlər edilmiş, digər hərbi xidmətinin olması barədə hər hansı qeydiyyat öz əksini tapmamışdır. -surəti əlavə edilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 02.03.2021-ci il tarixli, HP 12/291 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici material yoxdur. -surəti əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 01.07.2021-ci il tarixli 1/N-14191 nömrəli məktubundan görünür ki, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazriliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 13.09.2017-ci il tarixli iclasında baxılmış və 452 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28.07.2021-ci il tarixli 9/2-5237 nömrəli məktubundan görünür ki, İddiaçı 01.04.1992-ci il tarixdən İ batalyonun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək həmin tarixdən hərbi toplanışda sayılmış, N () nömrəli hərbi hissə komandirinin iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydi kitablarında onun xidməti barədə məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Qazax Rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli 2(023)-1123/2017 nömrəli qətnaməsi ilə iddiaçının 04.04.1992-ci il tarixdən 03.06.1992-ci tarixədək N (indiki 707) nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi faktı müəyyən olunsa belə, onun döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat yoxdur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1633/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1633/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver