Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1634/2023 23.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.
2. İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 21 nömrəli və məhkəmənin sorğusuna əsasən əldə edilmiş xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışlara əsasən, İddiaçı həmin müəssisədə işlədiyi müddətdə 1997-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında, 1998-ci ilin bütün aylarında, 1999-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul aylarında, ümumilikdə 2 il 1 ay əmək haqqı almışdır.
3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli imtina cavabı ilə ona bildirmişdir ki, təqdim etdiyi arxiv arayışına, əmək kiabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 09 ay 13 gün təşkil etmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" ASC-də olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və hazırda adında aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır.
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi hərbi xidmətdə olduğu, 1972-ci ilin əvvəllərindən 1997-ci ilin ortalarına kimi Bərdə rayonn, Qılınclı kəndində yerləşən N.Nərimanov adına kolxozda (AİM) traktorçu və fəhlə işlədiyi müddətin, xx.xx.1997-ci ildən xx.xx.1999-cu il tarixə kimi "xxxx" ASC-də işlədiyi ilərin sosial sığorta stajına hesablanaraq ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Bərdə rayonu, Nazırlı kəndində anadan olmuş, hazırda həmin ünvanda yaşayır. xx.xx.1975-ci ildə hərbi xidmətə yollanmış, hərbi xidməti xx.xx.1977-ci ildə başa vuraraq ordudan tərxis olunmuşdur. O, 1972-ci ilin əvvəllərindən 1997-ci ilin ortalarına kimi Bərdə rayonu Qılınclı kəndində yerləşən N.Nərimanov adına kolxozda (AİM) traktorçu və fəhlə işləmişdir. Həmin kolxozda işlədiyi illərə dair əmək haqqı almağı Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışında öz əksini tapmışdır. Kolxoz dağıldıqdan sonra xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Bərdə Pambıq ASC-də işləmişdir. İşlədiyi illərdə əmək haqqı almağı Bərdə Pambıq ASC tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Qeyd etdiyi illər ona məxsus sənədlərdə öz əksini tapmışdır. Hazırda 65 yaşı tamam olmuşdur. O, pensiyaya çıxması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X2 müraciət etmişdir. İş baxılması üçün aidiyyət üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Həmin mərkəz tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina verilmişdir. Bundan başqa mərkəz tərəfindən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Onun işlədiyi illər hərbi xidmətdə olduğu dövrlər 27 ildən artıq müddət təşkil etdiyi halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona 23 il 9 ay 13 gün hesablanmışdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. İddianın növü və mümkünlüyü
7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III.Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
14. Həmin məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir.
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. lV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən iddiaçının əmək kitabçasının doldurulma qaydası xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi illər üzrə pozulduğu üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını, iddiaçının əmək kitabçasının, hərbi biletinin surətlərinə əsasən sosial sığorta stajının (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 23 il 9 ay 13 gün təşkil etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
19. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının 01 iyul 1997ci il tarixdən 01 avqust 1999-cu il tarixə kimi Bərdə Pambıq ASC-də işlədiyi dövr əmək kitabçasının doldurulma qaydalarının pozulması səbəbindən sığorta stajına daxil edilməmişdir. Belə ki, iddiaçının əmək kitabçasında onun doldurulduğu tarix xx.xx.2022-ci il kimi qeyd edilmiş, yəni kitabçası sonradan doldurulmuşdur. Bundan əlavə, iddiaçının işdən azad edilməsi barədə əmr, onun tarixi və nömrəsi qeyd edilməmişdir.
20. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında etiraz təqdim olunmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərarın 1-ci bəndi). V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.2022-ci il tarixli ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti; - Məhkəmənin sorğusu əsasında alınmış "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 04 nömrəli və xx.xx.2022-ci il tarixli, 21 nömrəli arayışları (əlavə edilmiş əmək haqqı cədvəli); - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubu; - Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub.
Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi "xxxx" ASC-də işlədiyi illəri onun sosial sığorta stajı kimi qəbul etməmiş və müraciətini təmin etməkdən imtina etmişdir.
24. Cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi "xxxx" ASC-də olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
25. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
26. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
30. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
32. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
33. İddiaçının xx.xx.1957-cu il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
34. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçıya məxsus İT-l ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışında onun xx.xx.1997-ci il tarixli 142 nömrəli əmrlə Bərdə 1 nömrəli Pambıq zavodu Qılınclı Pambıq məntəqəsində gözətçi işinə təyin edilməsi (Bərdə 1 nömrəli Pambıq zavodu xx.xx.1998-ci il tarixli, 01/k nömrəli əmrlə "xxxx" ASC adlandırılmışdır) və xx.xx.1999-cu il tarixdən işdən azad olunması barədə qeyd aparılmış, lakin İddiaçı işdən azad edilməsi barədə naməlum səbəbdən işdən çıxarılması əmrinin qeyd edilməməsinə baxmayaraq, vətəndaş əmək haqqı cədvəllərinə əsasən işləmiş və xx.xx.1999-cu il tarixədək əmək haqqı almışdır.
35. İddiaçıya məxsus İT-l ******* nömrəli əmək kitabçasından məlum olur ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi "xxxx" ASC-də işləmişdir. Lakin, iddiaçının əmək kitabçası işə qəbul olunan zaman deyil, işdən çıxdıqdan sonra tərtib edilərək iddiaçıya təqdim edilmişdir.
36. Məhkəmə iddiaçının "xxxx" ASC-də əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, iddiaçının əmək kitabçasının işə qəbul olunan zaman deyil, işdən çıxdıqdan sonra tərtib edilərək iddiaçıya təqdim edilməsi onun təqsiri ilə bağlı olmayan haldır. Belə ki, əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir.
37. Məhkəmənin sorğusu əsasında təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2023cü il tarixli, 04 nömrəli arayışı və əmək haqqı cədvəli ilə (işə qəbul edilməsi və işdən azad edilməsi ilə) İddiaçı həqiqətən də həmin dövrlərdə işləməsi öz əksini tapmışdır.
38. Məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub ilə orqanın məlumat-uçot bazasına əsasən "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alındığı və hal-hazırda da fəaliyyət vəziyyətinin aktiv olduğu bildirilmişdir.
39. Məhkəmə qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
40. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
41. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (xx.xx.1997 - xx.xx.1999-cu illər) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir.
44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
45. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
46. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası və əmək haqqı cədvəli ilə təsdiq olunur.
47. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva