Məhkəmə qərarları › İş №2-1(114)-1636/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1636/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1636/2020 19.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kirayə haqqı ilə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona yaşayış sahəsi verilənə kimi kirayə haqqı ilə təmin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin göndərişi ilə Türkiyə Respublikası Gülhanə Ali Hərbi Tibb Akademiyası tibb fakültəsinə təhsil alma məqsədilə göndərilmiş, 2012-ci ildə məzun olduqdan sonra X6 gedərək həmin akademiyada Neyrocərrahiyəyə qəbul olunmuş və təhsilini bu bölmədə davam etdirmişdir. 2017-ci ildə sol aşağı ətrafının aşıq baldır nahiyyəsindən yaranan bədxassəli törəmədən əməliyyat olunmuş, nəticədə xx.xx.2018-ci ildə Müdafiə Nazirliyi ordu sıralarından hərbi xidmətə yararsız kimi tərxis olunmuşdur. İddiaçı qeyd edir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1-ci bəndinə əsasən o, yaşayış sahəsi alana kimi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən kirayə haqqı ilə təmin edilməli olsa da, cavabdeh tərəfindən ona kirayə haqqı verilməsindən imtina edilmişdir. İddiaçı və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 3 saylı X7 xx.xx.2020-ci il tarixli, **********04 nömrəli məktubundan görünür ki, arxiv sənədlərinə əsasən "Torpağın mülkiyyətə verilməsinə dair " JN-154A saylı şəhadətnamə ilə Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.10 ha torpaq sahəsinin və "Torpağa mülkiyyət hüququna dair " JN-128 saylı Dövlət Aktı ilə Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.20 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin X3, Mehdiyev Röyal Tofiq oğlunun, X4 və Mehdiyeva (Mehdizadə) Zəhra Tofiq qızının adlarına qeyd olunduğu müəyyən edilmişdir. -xx.xx.2019-cu il tarixli EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli 0378 nömrəli əmri ilə hərbi xidmətə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. -xx.xx.2018-ci il tarixli 2087 nömrəli “Xəstəlik haqqında” şəhadətnamənin surətindən görünür ki, Mehdiyev Röyal Tofiq oğlu sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlıdır. -Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, M-302-068 nömrəli məktubundan görünür ki, Mehdiyev Röyal Tofiq oğlunun mənzil uçotuna alınması məqsədəuyğun hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli 0378 nömrəli əmrilə hərbi xidmətə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçı yaşayış sahəsi alanadək kirayə haqqı ilə təmin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu onun adına torpaq sahəsi olmasını əsas gətirərək bundan imtina etmişdir. Məhkəmə qeyd olunan imtina ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində qeyd olunmuşdur ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” x xxxxxx 2012-ci il tarixli 174 nömrəli qərarından görünür ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Sadalanan qanunvericilik normalarının məzmunundan da göründüyü kimi ehtiyata buraxılmış şəxslərin bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin verilməsi torpaq sahəsi olmayan keçmiş hərbi qulluqçulara sahə verilənədək müddətlə şərtləndirilib. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçının və ailə üzvlərinin adlarına "Torpağın mülkiyyətə verilməsinə dair " JN-154A saylı şəhadətnamə ilə Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Mövcud qanunvericiliklə iddiaçının mülkiyyətində torpaq sahəsinin olması ona müvəqqəti mənzil kirayəsi xərclərinin verilməsini istisna edir. Başqa sözlə, Nazirlər Kabinetinin x xxxxxx 2012-ci il tarixli 174 nömrəli qərarında kompensasiyanın ödənilməsinin şərtlərindən biri kimi, “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək” ifadəsi bu qənaətə gəlməyə əsas verir ki, idiaçının mülkiyyətində fərdi yaşayış evi inşa etmək üçün topraq sahəsi olduğundan kompensasiya almaq hüququ olan subyektlərin dairəsinə düşmür. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kirayə haqqı ilə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar