Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1636/2022 19.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naftalan Şəhər Polis Şöbəsinə (üçüncü şəxslər X3, X4, X7, X8 və X9) qarşı qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naftalan Şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 175-3016B-3222 nömrəli məktubu ilə İddiaçı ünvan 1 ünvanına pasport qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırmışdır ki, sözügedən ünvanda yerləşən əmlak 2 və daha artıq şəxsə məxsus oluğu üçün həmin ünvana pasport qeydiyyatına alınmasına digər pay sahiblərinin də razılığı olmalıdır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdeh Naftalan Şəhər Polis Şöbəsinə qarşı X3, X4, X7, X8 və X5 paylı mülkiyyətində olan olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3, X4, X7, X8 və X5 paylı mülkiyyətindədir. O, istəyir ki, arvadının - X1 (hazırki işdə iddiaçının nümayəndəsi və üçüncü şəxs) razılığı ilə həmin evə pasport qeydiyyatına alınsın. Lakin, bu barədə cavabdeh orqana müraciətə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 175-3016B-3222 nömrəli məktubla imtina cavabı verilmişdir. Ona görə də, məhkəmədə evə qeydiyyata düşmə barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə X3, X4, X7, X8 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, sözügedən fərdi yaşayış evi paylı mülkiyyətdə olsa da, onun ərinin (iddiaçı) pasport qeydiyyatına alınması qanunvericiliyin tələblərinə uyğundur. Cavabdeh orqana və digər üçüncü şəxslərə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxslər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşlar (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına, iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubu, 202/264 nömrəli, xx.xx.2022-ci il tarixli arayış, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surəti, Naftalan Şəhər Polis Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 175-3016B-3222 nömrəli imtina məktubu əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Göründüyü kimi İddiaçı X3, X4, X7, X8 və X5 paylı mülkiyyətində olan olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bütün mülkiyyətçilərin razılıq ərizəsi olmadan qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan Naftalan Şəhər Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 175-3016B-3222 nömrəli məktubda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən əmlak 2 və daha artıq şəxsə məxsus oluğu üçün həmin ünvana pasport qeydiyyatına alınmasına digər pay sahiblərinin də razılığı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hazırki hüquq sahibləri xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə X2 adına 5 nəfər ailə üzvü ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun;
1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
2. maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.
5. maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, bütün mülkiyyətçilərin razılığı olmadan yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olması təsdiq olunmayan şəxsin mülkiyyətçinin razılığı olmadan qeydiyyata alınması qanunamüvafiq hesab oluna bilməz. Bununla yanaşı iş materillarında olan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ev 20, mənzil 42-də qeydiyyatdadır. Hazırda qeydiyyatda olan şəxsin iddia ərizəsində tələb etdiyi ünvana mülkiyyətçikərnin razılığı olmadan qeydiyyata alınması şəxsin - mülkiyyətçinin konstitusion hüququ olan - mülkiyyət hüququna müdaxilə “ədalətli balans” prinsipini özlüyündə əks etdirməməklə yanaşı, şəxsin qeydiyyata alınmaması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır və onun yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı cavabdeh Naftalan Şəhər Polis Şöbəsinə (üçüncü şəxslər X3, X4, X7, X8 və X9) qarşı qeydiyyata alınma barədə iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
İddiaçı cavabdeh Naftalan Şəhər Polis Şöbəsinə (üçüncü şəxslər X3, X4, X7, X8 və X9) qarşı qeydiyyata alınma barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov