Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1636/2023 11.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hərbi xidmət və iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hərbi xidmətdə olduğu və işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 və Texnologiyalar üzrə X15 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 159 nömrəli arayışında göstərilmidir ki, İddiaçı xx.xx.1972-ci il tarixdə 27 nömrəli Kirovabad şəhər Texniki Peşə məktəbinə (indiki Sənaye və Texnologiyalar üzrə X15 Təhsil Mərkəzinin əsas korpusuna) “Avtomobil təmiri çilingəri” ixtisası verən qrupuna daxil olmuş, xx.xx.1975-ci il tarixdə əyani təhsil almaqla bitirmiş, 536245 nömrəli diplom almışdır.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 1xx.xx.2014-cü il tarixli 424 nömrəli arayışında İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu bildirilmişdir.
4. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasında onun xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3 nömrəli X12, xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus İdarəsində işləməsi, habelə xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet ordusunda xidmət keçməsi qeyd olunmuşdur.
5. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X13 birliyində işləməsi qeyd olunmuşdur.
6. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasına, təhsil haqqında diplomun surətinə və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq) 24 il 9 ay 7 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabınınn sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasında qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək və xx.xx.1980-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət X4 xx.xx.2022-ci il tarixli № 1247(360)/3 saylı arxiv arayışına əsasən əmək kitabçasında qeyd edilmiş X13 Birliyinin xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan arxiv sənədləri X9 Filialına təhvil verilmədiyi üçün həmin müəssisədən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda əmək kitabçasında qeyd edilmiş Trolleybus idarəsindəki xx.xx.1980-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı 1995-ci il tarixində 12 ay, 1996-cı il tarixində 12 ay, 1997-ci il tarixində 12 ay, 1998ci il tarixində 10 ay, 1999-cu il tarixində 9 ay adına əməkhaqqı hesablanıb. Bu səbəblə adına əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə müavinət təyin edilib.
7. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət X4 xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, X13 Birliyinin arxiv sənədləri X9 filialına təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı həmin təşkilatda fəaliyyəti haqqında məlumat vermək mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF PHŞ-nin Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli **********5 saylı məktubuna əsasən müvafiq araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli 1247(360)-3 saylı arxiv arayışı ilə cavab verilmişdir. Eyni zamanda, Gəncə-Daşkəsən regional filialının mütəxəssisi R.A.Aşurov tərəfindən eyni mövzu ilə əlaqədar filialda mühafizə olunan sənədlər yoxlanılmış və akt tərtib edilmişdir. Həmin arxiv arayışı və aktın təsdiqli surəti məhkəməyə göndərilir.
8. Dövlət X4 xx.xx.2022-ci il tarixli 1247(360)-3 saylı arxiv arayışında göstərilir ki, filialda mühafizə olunan Gəncə ŞİH yanında MKTİB-nin tabeliyində olan Trolleybus idarəsinin arxiv fondunun sənədlərinə əsasən şəxsi heyət üzrə fəhlə və qulluqçuların əmr kitablarında xx.xx.1980-ci il tarixli 30 nömrəli, xx.xx.1982-ci il tarixli 74 nömrəli, xx.xx.1984cü il tarixli 113 nömrəli, xx.xx.1986-cı il tarixli 101 nömrəli, xx.xx.1987-ci il tarixli 103 nömrəli, xx.xx.1988-ci il tarixli 36 nömrəli, xx.xx.1990-cı il tarixli 157 nömrəli, xx.xx.1991-ci il tarixli 1321 nömrəli, xx.xx.1992-ci il tarixli 74 nömrəli, xx.xx.1993-cü il tarixli 310 nömrəli, xx.xx.1994-cü il tarixli 230 nömrəli və xx.xx.1998-ci il tarixli 08 nömrəli əmrlərində İddiaçı adı qeyd olunmuşdur. xx.xx.1999-cu il tarixli 92 nömrəli əmrlə X1 22.07-25.07.99-cu il tarixdə işə çıxmadığına görə töhmət elan edilmişdir. Trolleybus idarəsinin arxiv fondunun 1999-2000-ci illər üzrə əmr kitabları yoxlanılmış, İddiaçı işdən azad olunma əmri aşkar olunmamışdır. Trolleybus idarəsinin arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların şəxsi heyət üzrə əmək haqqı cədvəllərindən çıxarışa əsasən 1995-ci ilin 12 ayı, 1996-cı ilin 12 ayı, 1997-ci ilin 12 ayı, 1998-ci ilin 10 ayı (fevral və mart ayları istisna), 1999-cu ilin 9 ayı (fevral, mart və dekabr ayları istisna) İddiaçı əmək haqqı almışdır. Trolleybus idarəsinin arxiv fondunun 2000-ci il üzrə əmək haqqı cədvəlləri yoxlanılmış, 2000-ci ilin yanvar-mart ayları üzrə əmək haqqı cədvəllərində İddiaçı adı qeyd olunmuş, lakin adına əmək haqqı hesablanmamışdır. Bu səbəbdən İddiaçı həmin ildə aldığı əmək haqqı arayışda göstərilməmişdir.
9. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF PHŞ-nin Gəncə-Daşkəsən regional filialının mütəxəssisi X11 ilə Dövlət X4 fond mühafizəçisi X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilir ki, yoxlama zamanı aşkar edildi ki, vətəndaş xx.xx.1980-ci il tarixdən 97§8 saylı əmrlə Trolleybus idarəsinə sürücü vəzifəsinə qəbul edilmişdir. 2000-ci illərə aid əmr kitabları Trolleybus idarəsi tərəfindən arxivə təhvil verilmədiyindən vətəndaşın işdən çıxma əmrini yoxlamaq mümkün olmamışdır. Trolleybus idarəsinin arxivə təhvil verilmiş əmək haqqı cədvəllərinə əsasən vətəndaşa sonuncu əmək haqqı 1999-cu ilin noyabr ayında hesablanmışdır. Əlavə olaraq əmək haqqı cədvəllərinə baxış keçirərək müəyyən edildi ki, vətəndaşa 1992-ci ildə 12 ay, 1993-cü ildə 12 ay, 1994cü ildə 12 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 12 ay, 1997-ci ildə 12 ay, 1998-ci ildə 12 ay və 1999-cu ildə 11 ay əmək haqqı hesablanmış və ödənilmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı Regional Ərazi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsində tərəfindən məhkəməyə təqdim edilən sübutları nəzərə alıb, onun həm həqiqi hərbi xidmət dövrünü (1976-1978), eləcə də 27 saylı Texniki Peşə Məktəbində (1972- 1975) müddət ərzində təhsil dövrünü sığorta stajına hesablanması vəzifəsinin cavabdehlərin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, pensiya yaşı ilə əlaqəli cavabdehlərə müraciəti olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məktubda cavabdehlərin özləri onun iş stajını işlədiyi dövrləri tam doğru etiraf etsələr də, onun həm həqiqi hərbi xidmət dövrünü (1976-1978), eləcə də 27 saylı Texniki Peşə Məktəbində (1972-1975) müddət ərzində təhsil dövrünü sığorta stajına hesablamamışlar. Əmək kitabçasında həmin illərdə əmək fəaliyyətinin olması, möhürlə təsdiqlənərək sübuta yetirilsə də, qanunvericiliyin tələblərinə zidd olaraq, cavabdehlər əsassız olaraq, onun rəsmi müraciətlərinə imtina etmişdir. İmtina məktubuna nəzər salınan zaman görünür ki, cavabdeh öz vəzifə borcunu layiqincə yerinə yetirmir. Vətəndaşlara sənədləşmə işlərində maarifçilik işini həyata keçirilməsində qərəzli süründürməçiliklər yaradırlar, nəticədə məhkəməyə müraciət etmək hüquqlarından istifadə etməli olurlar. Bu qədər ədalətsizliklər onun Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının cavabdeh tərəfindən kobud surətdə pozulması ilə nəticələnmişdir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
11. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yenilənmiş iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun həm həqiqi hərbi xidmət dövrünün (1976-1978), eləcə də 27 saylı Texniki Peşə Məktəbində (1972-1975) təhsil dövrünün sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
20. Həmin məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X13 birliyində, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus idarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə həmin tarixli məhkəmə qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir.
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddiaya qarşı yazılı etirazı təqdim etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin (diplom) surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 2 il 8 ay 6 gün təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 24 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 20 il 1 ay 28 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 24 il 10 ay 28 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. İdiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən sözügedən şəxsə xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus idarəsində işlədiyi dövr üzrə 1999-cu ildə 11 ay əmək haqqı hesablanmış və ödənilmiş, 2000-ci ilin əmək haqqı ödənişləri barədə isə məlumat əldə edilməmişdir. Bu səbəbdən 1999-cu il üzrə 1 ay və 2000-ci il üzrə tam 1 il olmaqla ümumi 1 il 1 ay 1 gün mübahisələndirilən dövrü onun sığorta stajına daxil etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericilyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
26. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, göstərmişdir ki, məhkəmə araşdırması zamanı Məhkəmə Mübahisələri üzrə Mərkəzi Filial tərəfindən iddiaçının sosial sığorta stajında nəzərə alınmayan dövrlərin dəqiqləşdirilməsi ilə bağlı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına xidməti məktub yazılmış və iddiaçının stajı yenidən araşdırılaraq, bu dəfə xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 24 gün hərbi xidmət dövrünün də sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkünlüyü bildirilmişdir. Hansı ki, iddiaçıya pensiya təyin edilməsindən imtina məktubunda hərbi xidmət dövrü sosial sığorta stajı kimi qəbul edilmişdi. Ona görə də, hazırda iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X13 birliyində, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus idarəsində işlədiyi illər və onun hərbi xidmətdə olduğu dövr qəbul edilmir. Həmin dövrlər nəzərə alınmadıqda isə iddiaçının stajı ona əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 ildən az olur. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir.
27. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki: - iddiaçının hərbi xidmət dövrünü nəzərə almamaları onunla əlaqədar olmuşdur ki, iddiaçının hərbi bileti olmamış, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet ordusunda xidmət keçdiyi göstərilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 424 saylı arayışında isə iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək xidmətdə olduğu qeyd edilmişdir. Tarixlərdə ziddiyyət olduğuna görə həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. - iddiaçının Trolleybus idarəsindəki xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək dövrünün nəzərə alınmamasına səbəb onun həmin dövrlərdə əmək haqqı almasına dair sənədlərin və işdən azad edilmə əmrinin mövcud olmaması olmuşdur. - iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X13 birliyində işlədiyi dövr isə ümumiyyətlə nəzərə alınmamışdır və bunun səbəbi həmin dövrün iddiaçının digər əmək fəaliyyəti dövrü ilə üst-üstə düşməsi olmuşdur. Belə ki, iddiaçı Filiala xx.xx.1975-ci il tarixli və xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli iki ədəd əmək kitabçası təqdim etmişdir. Birincidə onun xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus idarəsində, ikincidə isə xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X13 birliyində işləməsi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının 1980-1982-ci illər üzrə əmək fəaliyyəti fərqli müəssisələrdə olmuşdur. X13 birliyinin sənədləri arxivə təhvil verilmədiyi üçün onun stajı barədə məlumat əldə etmək mümkün olmadığından, Trolleybus idarəsindəki əmək fəaliyyəti barədə isə sənədlər olduğundan xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X13 birliyindəki əmək fəaliyyəti nəzərə alınmamışdır.
10. İddiaçı sədrlik edənin suallarına verdiyi cavabında bildirmişdir ki, o, Trolleybus idarəsində sürücü kimi günortaya qədər işlədiyi üçün X13 birliyində yarım gün üzrə - günortada sonra bufetçi kimi işə düzəlmiş və hər iki iş yeri üzrə əmək haqqı almışdır. İlkin olaraq Trolleybus idarəsində işlədiyi üçün ona məxsus əmək kitabçası da həmin idarədə olmuş və X13 birliyində ona kitabça yazılmamışdır. Sonradan isə həmin Birliyə müraciət edərək, işlədiyi dövrün qeyd edilməsini xahiş etmiş və yeni əmək kitabçası yazılaraq verilmişdir. O, hərbi biletini itirdiyi üçün cavabdeh orqana təqdim edə bilməmiş, lakin təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 1xx.xx.2014-cü il tarixli 424 nömrəli arayışında açıq-aşkar olaraq onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu bildirilmişdir.
28. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu illərin və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 və Texnologiyalar üzrə X15 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 159 nömrəli arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 1xx.xx.2014-cü il tarixli 424 nömrəli arayışı; - İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli və xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçaları; - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********52 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-395/2023 nömrəli məktubu və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1247(360)3 nömrəli arxiv arayışı, xx.xx.2022-ci il tarixli akt. Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
31. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
32. Cavabdeh iddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək X13 birliyində işlədiyi dövrü tam, xx.xx.1980-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək Trolleybus idarəsində işlədiyi əmək fəaliyyətinin isə əmək haqqı almadığı dövrü mübahisələndirərək həmin illəri sığorta stajı kimi qəbul etməmişdir.
33. Sonuncu iclas zamanı isə cavabdeh orqanın nümayəndəsi məhkəmə araşdırması zamanı iddiaçının stajı yenidən onlar tərəfindən araşdırılaraq, bu dəfə xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 24 gün hərbi xidmət dövrünün də sosial sığorta stajında nəzərə alınmasının mümkün olmadığını, hansı ki, iddiaçıya pensiya təyin edilməsindən imtina məktubunda hərbi xidmət dövrünün sosial sığorta stajı kimi qəbul edildiyi, na görə də, hazırda iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X13 birliyində, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus idarəsində işlədiyi illərin və onun hərbi xidmətdə olduğu dövrün qəbul edilmədiyi və həmin dövrlər nəzərə alınmadıqda iddiaçının stajının ona əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 ildən az olduğu bildirilmiş və buna görə də, iddianın rədd edilməsi xahiş edilmişdir.
34. Məhkəmə cavabdeh orqanın hazırkı vəziyyətdə iddiaya qarşı etiraz əsaslarının imtina məktubundakı imtina əsaslarından qismən fərqlənməsini nəzərə alaraq, cavabdehin mövcud vəziyyətə olan dəlillərinə qiymət verməklə, aşağıdakılara görə onun mövqeyini əsassız hesab edir.
35. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
37. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
38. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
39. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
41. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
42. İddiaçının xx.xx.1957-ci il tarixdə doğulması, xx.xx.2022-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
43. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.
44. Belə ki, iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasında onun xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (11 ay 29 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3 nömrəli X12 (29 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus İdarəsində işləməsi (19 il 4 ay 27 gün) qeyd olunmuşdur. Həmin dövr 20 il 5 ay 25 gün təşkil edir.
45. Cavabdeh inzibati orqan xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3 nömrəli X12, həmçinin xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Trolleybus İdarəsində işlədiyi müddəti sosial sığorta stajına daxil etsə də, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan müddəti – həmin müddətdə iddiaçının əmək haqqı almaması və arxivdə işdən azad edilmə əmrinin mövcud olmaması əsası ilə mübahisələndirmişdir.
46. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir və iddiaçının əmək kitabçasında onun xx.xx.1980ci il tarixli 97 nömrəli əmrlə Trolleybus idarəsinə sürücü işinə qəbul edildiyi və xx.xx.2000-ci il tarixli 28 nömrəli əmrlə proqul etdiyinə görə işdən çıxarıldığı qeyd edilmişdir.
47. Trolleybus idarəsinin arxivə təhvil verilmiş 1999-2000-ci illər üzrə əmr kitablarında İddiaçı işdən azad olunma əmrinin aşkar olunmamasında isə onun onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
48. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
49. Digər tərəfdən, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın.
50. Yəni, adıçəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur.
51. İddiaçının əmək kitabçasında həmin dövrlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
52. İddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan müddətdə iddiaçının əmək haqqı almaması barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
53. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir, 3.6-cı bəndinə görə isə, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
54. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçası əsasında müəyyən olunduğunu təsbit etmişdir.
55. İddiaçı isə qeyd edilən müddətlərdə işləməsinə dair əmək kitabçasını cavabdeh orqana təqdim etmişdir.
56. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.
57. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
58. Məhkəmə onu da qeyd edir ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X13 birliyindəki əmək fəaliyyəti üzrə araşdırma aparılsa da, iddiaçı sonuncu tələbində həmin dövrün sosial sığorta daxil edilməsini tələb etmədiyindən hazırkı tələb daxilində onun həmin əmək fəaliyyətinə qiymət verilmir.
59. Bundan əlavə, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı müddət (2 il 8 ay 6 gün) cavabdeh orqanın özü tərəfindən mübahisələndirilməmiş və iddiaçının sosial sığorta stajına daxil edilmişdir.
60. Cavabdeh orqanın növbəti mübahisələndirdiyi məsələ iddiaçının hərbi xidmət dövrü ilə bağlıdır.
61. Belə ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərkən, habelə iddiaya qarşı yazılı etirazda cavabdeh orqan tərəfindən iddiaçının hərbi xidmət illərinin mübahisələndirilməməsinə və hətta qəbul edilən sosial sığorta stajında hərbi xidmət illərinin göstərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, məhkəmə araşdırması zamanı Məhkəmə Mübahisələri üzrə Mərkəzi Filial tərəfindən iddiaçının sosial sığorta stajında nəzərə alınmayan dövrlərin dəqiqləşdirilməsi ilə bağlı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına xidməti məktub yazılmış və iddiaçının stajı yenidən araşdırılaraq, bu dəfə xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 24 gün hərbi xidmət dövrünün də sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkünlüyü bildirilmişdir.
62. O, həmçinin sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının hərbi xidmət dövrünü nəzərə almamaları onunla əlaqədar olmuşdur ki, iddiaçının hərbi bileti olmamış, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet ordusunda xidmət keçdiyi göstərilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 424 saylı arayışında isə iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək xidmətdə olduğu qeyd edilmişdir. Tarixlərdə ziddiyyət olduğuna görə həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
63. İddiaçı isə hərbi biletini itirdiyi üçün cavabdeh orqana təqdim edə bilmədiyini, lakin təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 1xx.xx.2014-cü il tarixli 424 nömrəli arayışında açıq-aşkar olaraq onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğunun qeyd edildiyini bildirmişdir.
64. Məhkəmə iddiaçının hərbi xidmət dövrü ilə bağlı cavabdeh orqanın gətirdiyi arqumentləri əsassız sayır və qeyd edir ki, hərbi xidmət dövrünün yalnız hərbi bilet əsasında müəyyən edilməli olmasına dair qanunvericilikdə mütləq göstəriş yoxdur. iddiaçının hərbi xidmətlə bağlı stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin v) yarımbəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 6-cı bəndində hərbi xidmət dövrünün hərbi biletlər, hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları, arxiv və hərbi müalicə müəssisələrinin arayışları, hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər və s. müəyyən edildiyi təsbit edilmişdir.
65. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti.
66. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 6. Hərbi xidmət, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanlarında xidmət dövrünü, eləcə də əsirlikdə olma müddətini təsdiq üçün aşağıdakılar qəbul edilir: hərbi biletlər; əsgər kitabçaları; hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları; arxiv və hərbi müalicə müəssisələrinin arayışları; hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər. Müdafiə Nazirliyindən qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olma müddəti Müdafiə Nazirliyinin arayışlarına əsasən müəyyən edilir.
67. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
68. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri (20 il 5 ay 25 gün), eləcə də xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı müddət (2 il 8 ay 6 gün) və xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmət müddəti (2 il 25 gün) nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni həm 25 il sığorta stajı və həm də yaş həddi ilə bağlı şərtlərin mövcudluğu müəyyən olunur.
69. Buna görə də iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
70. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
71. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
72. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Trolleybus İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva